MARŞAL XƏFTƏR İKİNCİ QƏDDAFİ OLA BİLƏCƏKMİ? – “Şəxsən Şoyqu ilə yaxşı münasibətləri var…”

Dərc olunub: 09/04/2019 - 15:05

qeddafiUzun müddətdir beynəlxalq gündəmi Suriya və İsrail mövzusu zəbt etdiyindən Müəmmar Qəddafinin vətənində baş verənlər diqqətdən kənarda qalmışdı. Lakin son günlər Afrikanın ən zəngin neft ölkələrindən biri olan Liviyada baş verən hadisələr yenidən dünya gündəminə oturdu.

Əksər yerli müşahidəçilər 2011-ci ildən başsız qalan Liviyanın paytaxtı Tripolini və deməli həm də ölkədə vahid hakimiyyəti ələ keçirmək istəyən feldmarşal Xalifə Xəftər Benqazinin ikinci Müəmmar Qəddafi olmaq istəyini normal və gözlənilən hadisə hesab edirlər. Ona görə ki, faktiki olaraq, iki də yox, üç yerə parçalanan Liviyanın doğrudan da vahid və güclü rəhbərliyə ehtiyacı var. Lakin Xəftər Qəddafi ola biləcəkmi? Bu suala birmənalı və müsbət cavab vermək olduqca çətindir.

“Onun Rusiya ilə gözəl əlaqələri var…”

General Khalifa Haftar speaks during a news conference in Abyar

Rusiya hazırda Liviyada baş verən hadisələrlə bağlı rəsmi açıqlamalarında tərəflərin hər hansı birini dəstəkləmədiyini bildirsə də, Xəftərin başının üzərində Rusiyanın kölgəsi açıq-aşkar görünür. Hələ bir ay bundan öncə mətbuatda Rusiyanın özəl hərbi şirkəti kimi tanınan məşhur “Vaqner qrupu”nun Xəftərin qoşunlarına tanklar, artılleriya qurğuları və hərbi sursat verdiyinə dair məlumatlar dərc olunmuşdu.

Bu günlərdə mətbuata açıqlama verən ərəb ölkələri üzrə ekspert Aleksey Malaşenko isə X.Xəftərin Rusiya rəhbərliyi ilə çox sıx əlaqələrə malik olduğunu və rəsmi Moskva tərəfindən dəstəkləndiyini deyib: “O, 20 il Amerikada yaşamasına baxmayaraq, rus dilini bilir. Rusiyada yaxşı əlaqələri, şəxsən Şoyqu ilə yaxşı münasibətləri var. Biz, hətta S-300 də daxil olmaqla, ona silah veririk…”

Bir daha xatırladaq ki, hazırda Liviya faktiki olaraq 3 hissəyə bölünüb. Bunlardan birincisi beynəlxalq birlik tərəfindən tanınan və ölkənin qərbindəki Tripolidə oturan hökumətdir. Onun başında Fayez Sarac durur. İkinci, Xəftərin başçılıq etdiyi Liviya Milli Ordusunun nəzarətində olan şərq hissəsidir. Üçüncü isə cənubdur, daha doğrusu Saxara səhrasıdır ki, burada, İŞİD də daxil olmaqla, çoxsaylı terror qruplaşmaları və aşirətlər “at oynadır” və demək olar ki, bu ərazilərdə tam hakimiyyətsizlik hökm sürür.

Onu da qeyd edək ki, Liviyanın əsas neft yataqları məhz şərqdə, yəni Xəftərin nəzarətindəki ərazilərdədir. Elə onun əlini möhkəmlədən amillərdən biri də budur. Hamı yaxşı başa düşür ki, Tripoliyə “terrorizmlə mübarizə” adı altında hücum edən Xəftərin əsas məqsədi ölkənin vahid liderinə çevrilmək və əldə etdiyi maddi və hərbi üstünlüyü siyasi liderliyə çevirməkdir. Bu işdə ona əsas dəstəyin isə Rusiya tərəfindən göstərildiyi şübhə doğurmur.

“Bura Liviyadır – burada hər şey mümkündür…”

Liviya

Ancaq bununla yanaşı, Xəftərin qarşısına qoyduğu məqsədi həyata keçirməsinin heç də asan olmayacağı, hətta qeyri-mümkün oduğu da iddia edilir. A.Malaşenko müsahibəsində bildirib ki, marşal paytaxtı ələ keçirsə belə, Qərb tərəfindən tanınan hökumətlə dil tapmağa məcbur olacaq. Və Rusiya da bu perspektivi gördüyündən, ehtiyatlı davranır: “Baş nazir Sarac Avropaya və ABŞ-a yaxın şəxsdir. Ona görə də, Rusiya Xəftərin tərəfindədir. Lakin burada belə bir məqam var. Xəftər uduza da bilər. Bura Liviyadır – burada hər şey mümkündür. O zaman Rusiya pis vəziyyətdə qala bilər, ona görə də Rusiya daim özünü danışıqlar tərəfdarı kimi göstərir və tərəflərin heç birini rəsmən dəstəkləmir. Hətta Xəftər qalib gəlsə belə, Liviyanın 3 hissəyə bölündüyünü qəbul etməli olacaq. Və bu zaman onun boynuna çox böyük yük düşəcək…”

Doğrudan da Tripolinin ələ keçirilməsi hələ ölkəyə tam nəzarət edilməsi və Xəftərin artıq ikinci Qəddafi olduğunu deməyə əsas vermir. Burada bir çox xarici və daxili faktorlar, həmçinin Xəftərin şəxsi imkanları da rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, feldmarşalın artıq 76 yaşı var.

xefter01

Məsələn, digər ərəbşünas ekspert Marianna Belenkaya Xəftərin ikinci Qəddafi olmasını mümkünsüz sayır: “Birincisi, o artıq çox yaşlıdır. Deməli, təbii səbəbdən onun idarəçiliyi uzunömürlü olmayacaq. İkincisi, təkcə Tripolini deyil, digər rayonları da ələ keçirmək lazım olacaq. Ən əsası isə Liviya artıq əvvəlki Liviya deyil. İnsanlar əvvəlki kimi qeyd-şərtsiz bir gücə tabe olmayacaqlar. Ona görə də, Xəftər danışıqlara getməyə məcbur olacaq”.

Qeyd edək ki, Qəddafi heç kimlə danışıqlara getmirdi və buna lüzum da görmürdü. Bəlkə onun sonunun belə faciəvi bitməsi də məhz bununla bağlı idi.

Nəhayət, bütün bu baş verənlərdə hələ ki, yeganə qalib tərəf Rusiya görünür. Bu qənaətə gələn A.Malaşenko regiondakı hadisələrin gedişinə belə qiymət verir: “Hələ Qəddafinin vaxtında hərbi paradlarda tanklarda bizim serjantlar otururdular. İndi baxın, Əlcəzairdə nələr baş verir. Baş nazir ilk olaraq hara səfər etdi? Moskvaya. Əlcəzairlə çox yaxşı münasibətlər yaranır, Liviyada hakimiyyətə Xəftər gəlir. Nəzərə alın ki, Rusiya həm də Suriyadadır – bütün bunlar çox ciddi mənzərədir. Əsas da neft – hər şey yaxşı getsə, Rusiya biznesi Liviyada məskunlaşa bilər…”

Rusiyalı təhlilçilərin dediklərindən bir daha aydın olur ki, böyük dövlətlərin neft ölkələrinə baxışında heç nə dəyişməyib və dəyişməyəcək də. Bu gücləri həmin ölkələrin gələcəyi, orada yaşayanların durumu yox, yalnız neft maraqlandırır. Və bu maraqların təmin edilməsi üçün də belə generallara, marşallara, yəni xəftərlərə ehtiyac var. Neft olandan sonra isə Xəftər tapmaq çətin deyil…

Cəlal Məmmədov
AzPolitika.info








loading...


Fikrinizi bildirin