Seçkiqabağı əfv olacaq: Fərhad Əliyev də azadlığa çıxa bilər

Hüquq müdafiəçiləri İlham Əliyevə dəstək bəyanatı ilə çıxış edən məhbusları şanslı sayır

Ötən həftə üç siyasi məhbusun ölkə başçısı İlham Əliyevə dəstək bəyanatları yayıldı. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, Sabirabadda tutulan fəal İlham Əmiraslanovun və “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun məktubları üzə çıxdı. Hüquq müdafiəçilərinin fikrincə, analoji məktubların yazılması istiqamətində bütün siyasi məhbuslarla danışıqlar aparıla bilər. Amma əfv fərmanı gözlənilmir.

Helsinki Vətəndaşlıq Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva “Bizim Yol”a deyib ki, geniş əfv fərmanı olmasa da, ayrı-ayrı şəxslərin azad edilməsi ilə bağlı qərar ola bilər. Hüquq müdafiəçisi məhkəməsi yekunlaşmayan H.Məmmədovun azad edilə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, ümumi şəkildə 56 nəfər siyasi məhbus var. Amma islamçılarsız, onların sayı 26 nəfərdir.

Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov isə əfv fərmanı gözləmir. Amma o, seçkilərə az müddət qalmış və ya seçkilərdən sonra belə bir addımın olacağını istisna etmir. Onun fikrincə, İ.Əmiraslanov və F.Əliyev əfv edilə bilər. H.Məmmədovla bağlı vəziyyət isə bir az qəlizdir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı seçkiqabağı əfv fərmanı olacağını düşünmür. Hüquq müdafiəçisi “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əfv fərmanının dekabrın 31-də olacağı gözlənilir:

“Bizdə əfvlə bağlı məlumat yoxdur. Biz gözləyirik ki, cəmiyyətin yumşalması, seçkiqabağı canlanmanın yaranması üçün bu addım atılsın. Siyahımızda olan 11 siyasi məhbusun azadlığa çıxmasını arzulayırıq. Ancaq bizdə olan məlumata görə, seçkiqabağı əfv verilməyəcək”.

S.Qocamanlının sözlərinə görə, İ.Əliyevə dəstək bəyanatı ilə çıxış edənlərin azadlığa çıxmasına ümid etmək olar: “Həmin məhbusların adları bizim də siyahımızda var. Hilal Məmmədovun barəsində məhkəmə hökmü olmadığına görə əfv verilməsi gözlənilmir. Ancaq hər üç məhbus barədə əfv imzalanması prezidentin imkanları daxilindədir”.

Müsahibimiz qeyd etdi ki, cəzasının çoxunu çəkən məhkumlar var: “Hansı ki, onların azadlığa çıxmasını gözləyirik. Onlar cəzalarının çoxunu çəkiblər, azadlığa çıxmalıdırlar. Ümumiyyətlə, siyasi məhbuslar azadlığa buraxılsa, cəmiyyət xeyli yüngülləşər. Bu, bizim arzumuzdur. İstəyirik ki, Tofiq Yaqublu, İlqar Məmmədov, NİDA fəalları azad olunsunlar. Ancaq məlumat budur ki, dekabrın 31-də əfv olacağı gözlənilir”.

Beynəlxalq təşkilatların fəaliyyətinə toxunan S.Qocamanlı hesab edir ki, onlar öz işlərinin görür: “Beynəlxalq təşkilatlar tövsiyə verə bilər. Onlar da davamlı olaraq hesabatlar yayır, bəyanatla çıxış edirlər. Bu məsələnin həlli daxildə dialoqla əldə olunmalıdır.

Siyasi məhbusların həbsdə qalması Azərbaycana başucalığı gətirmir. Sentyabrda Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Bakıya gələcək, həmçinin AŞ-nin məruzəçilər Pedro Aqramunt və Cozef Debono Qrexin səfəri planlaşdırılır. Onlar da seçkidən sonra çox güman ki, hesabatla çıxış edəcəklər".

Sentyabrın 3-də günün sonunda isə məlum olub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda əfv məsələləri ilə bağlı bir sıra vacib məqamlar müzakirə olunub.

Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə geniş açıqlamalar veriləcək.

Komissiya üzvü, deputat Elmira Axundova da APA-ya açıqlamasında bu gün iclasın keçirilməsini və əfvlə bağlı məsələlərin müzakirə olunmasını təsdiqləyib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar