ELİNANIN SON ADDIMI – Atası, həkimi, rəfiqələri danışır… (ARAŞDIRMA) 

Dərc olunub: 12/04/2019 - 23:15

elina01

“Qəbrimin üstünə gəlməyin. Öləndən sonra məni sevməyiniz lazım deyil. Səni öpmək istəyirik də deməyin. Bu mənə sağ olanda lazım idi“.

Bu cümlələri dəftərinin bir küncünə yazıb, sinif otağını tərk edir. Dəhlizə çıxır, açıq pəncərəyə baxır. Pəncərənin üstünə çıxmazdan əvvəl saçlarını tumarlayır, üst-başını çırpır, corablarına əl gəzdirir. Geriyə – məktəbin dəhlizinə baxır.

Pəncərəyə çıxır. Aşağı baxır. Yenə geri çevrilir. Sanki kiminsə, kimlərinsə “dayan, ay dəli, neynirsən” deməyini gözləyir. Amma heç kimdən səs gəlmir. Yenə üzü boşluğa baxır, yenə geri çevrilir. Sanki ən yaxın rəfiqələrindən birini görmək istəyir. Amma heç kim görünmür. Heç kim ona yaxınlaşmır. Sanki hər kəs onun ölümünə susamışdı. Və… Hə, indi dincəlin, quş kimi uçub getdi…

Zaman: 2019-cu il aprel ayının 4-ü.

Məkan: Bakı, Səbail rayonu, 162 saylı məktəb.

…Həmin gün məktəbə əhval-ruhiyyəsiz gəlib. Yox, bu pis əhval-ruhiyyə məktəbin direktoru Sevinc Abbasovanın internetdə yayılan və artıq hamıya məlum olan səs yazısında dediklərinə heç dəxli yoxdur. Hə, bu adam hadisədən sonra jurnalistlərin birinin sualına məhz belə cavab vermişdi.

Sitat: “Yazın ki, pozğun ailənin uşağıdır, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə getdikdən sonra bununla maraqlanmayıb”.

Və bunu adını müəllim qoymuş, pedaqoq sayılan, hətta gəlib o boyda məktəbə direktorluq edən Sevinc Abbasova deyir.

Anası Sevil Hacıyevanın Lent.az-a dediklərindən:

elina-anasi

– Elina həm öz atası, həm də atalığıyla çox gözəl münasibətdəydi. Atalığı onu necə çox istəməyə bilər ki, dərsləri ilə maraqlanır, bayramlarda, ad günlərində ona hədiyyələr alırdı. Adam məndən pis şok keçirib, hələ də özünə gələ bilmir. Deyirlər ki, Elina atasıyla pis münasibətdəydi. Axı onlar hər gün yazışırdılar! Atası onu “zayçik” deyə çağırardı. Elinanın çox xoşuna gəlirdi atası belə deyəndə. Hər gün, hər axşam istinasız yazışırdılar. Bir yerdə gəzməyə gedirdilər.

Elina anadan olandan mənim yanımda yaşayıb. Həm öz atasıyla olanda, həm də mən ikinci dəfə ailə qurandan sonra. Qızım nənəsinin yanına gedirdi, iki gün qala bilmirdi. Deyirdi, mama, darıxıram.

Atası Ədalət Hacıyev isə bizimlə söhbətində deyir ki, Elinanın anasıyla ayrılandan sonra o da ailə qurub. Amma həmişə gözü uşağın üstündə olub. İndiki həyat yoldaşı belə Elinanı çox sevirmiş.

– Bəzən qızımın əksər tədarükünü o görürdü. Qızım bayramlarda, tətillərdə çox vaxt bizimlə qalırdı. Bilirdik ki, atalığı da onu çox istəyir. Direktorun o səs yazısından sonra dəhşətə gəldim. Adam nə qədər həyasız olar ki, belə söz desin. Elina utancaq uşaq idi. Bəzən çox şeyləri demirdi. Amma sən durub deyəsən ki, ailə pozğundur, bunu Allah götürməz.

Ailəni yaxşı tanıyan və adının çəkilməsini istəməyən xanım isə Elinanın anım tədbirində bildirdi ki, direktor Sevinc Abbasova bütün məsuliyyəti öz üzərindən atmaq üçün bu vasitəyə əl atıb. Bəzi saytlarda Elinaya aid olmayan görüntüləri onun adına çıxarılıb. Bunu da direktor təşkil edib.

– Sevil və Ədalət ayrılıblar. Amma hələ də yaxşı münasibətlər qalmaqdadır. Elinanın bütün problemlərini – təhsilindən tutmuş, yaşayışına qədər – bir yerdə həll edirdilər. Hər ikisi yenidən ailə qurmuşdu. Amma sivil insanlar kimi qızlarının xətrinə münasibətləri kifayət qədər yaxşıydı.

***

…Birinci dərs bitən kimi Elina sinfi tərk edir. Pəncərəyə çıxıb, özünü üçüncü mərtəbədən yerə atır. Hamı şok içində onun ardınca qaçır. Amma nə təcili yardıma zəng vuran var, nə də ona tibbi yardım göstərən. Əksinə, zavallı uşağı nədənsə direktorun otağına aparırlar. Orda divana uzadırlar. Bir müddət sonra məktəbə Səbail rayon icra hakimiyyətinin başçısının müavini Xalidə Bayramova gəlir. Uşağı təcili xəstəxanaya çatdırmaq əvəzinə sorğu-sual başlayır. Bu sorğu-sual az qala iki saat çəkir. Hətta… Hə, bu məqama diqqət. Elinanın “istintaqvarı” dindirilməsi gedr və bu söhbət telefonla videoya çəkilir. Bu zaman videokadlardan arada belə bir səs də gəlir:

- İnşallah sağ qalmasın.

Kimindi bu səs? Kim istəmir Elinanın sağ qalmasını?

Məncə, istintaq məhz bundan başlamalıdır.

Elinanı xəstəxanaya aparmaq üçün təcili yardıma bir də saat 11.04-da zəng vurulur. Səhiyyə Nazirliyinin rəsmi məlumatından:

“Həmin çağırış saat 11:06-da həkimə ötürülüb və təcili tibbi yardım xidməti 11:12-də artıq ünvana yetişib. 11:36-da isə həmin şəxs xəstəxanaya çatdırılıb”.

Xəstəxanaya isə Elinayla demək olar ki, eyni vaxtda atası Ədalət də çatır. Keçmiş həyat yoldaşı ona zəng edir ki, tez “Semaşko”ya get. Elina yıxılıb, onu ora apardılar.

Ədalət Hacıyevin Lent.az-a dediklərindən:

elina-atasi

- Mən balamı qəbul otağında gördüm. Xərəkdəydi. Üzündən-gözündən öpüb, nə baş verdiyini soruşdum. Hiss edirdim ki, çox pis ağrıyır. Güclə cavab verirdi. Sonradan biləcəkdim ki, uşaq iki saat direktorun otağında qalıb. Qan götürübmüş divanın üstünü. Divanı belə sonradan yuyublar. Halsız idi. Üzümə baxırdı. Bir də gördüm ki, barmağını barmağıma keçirdi. Üzümə baxıb gülümsündü. Balamla birgə bütün müayinələri keçdik. UZİ, rentgen, MRT, nə dedilər elədik. Hətta adi sanitarı belə pulsuz qoymadım. Əl açan kim vardısa, pulunu verdim. Gözümə heç nə görünmürdü. Təki uşağı xilas edək. Müayinələrdən sonra reanimasiya şöbəsinə qaldırdılar, amma məni içəri keçməyə qoymadılar. Hadisə yerinə polislər gəldi. Bundan sonra məni də içəri dəvət etdilər. Orda izahatımı aldılar.

Amma… Amma Ədalət Hacıyev bu arada bir məqama da toxunur. Deyir, keçmiş həyat yoldaşı ona zəng edəndə ilk dəfə qızının həm də zəhərləndiyini bildirir.

- Mənə dedi ki, nəsə dərman atıb, toksikologiyaya aparıblar. Çatanda ilk sualım bu oldu ki, qızım, nə dərmanı içmisən? Zəhərlənmisən? Dedi ki tramal…

Bu yerdə STOP!!!

Elinanın rəfiqələrindən birinin Lent.az-a dediklərindən:

666

– Neçə vaxt idi ki, Elinanın Cavid (ad şərtidir) adlı bir oğlan dostu vardı. Onlar dostluq edirdilər. Cavid qonşu 59 saylı məktəbdə oxuyurdu. Bir gün Elina dedi ki, Cavid mənə dərman təklif edir. Dedim nə dərman? Dedi tramal. Sonra da deyəsən marixuana təklif edib. Elina isə onu söyüb, qovub.

Atası Ədalət Hacıyevin Lent.az-a dediklərindən:

– Balamdan soruşdum ki, axı sən bu dərmanı hardan almısan? Dedi ki, kruqdan aptekdən. (20-ci sahə dairəsini deyir)

Elina reanimasiyaya yerləşdiriləndən sonra Ədaləti və qızın anası Sevil xanımı aşağı düşürdürlər. 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahi reanimasiya intensiv terapiya şöbəsinin baş ordinatoru Fazil Alıyev onlara bildirir ki, artıq hər şey qaydasındadır. Burda qalmağa ehtiyac yoxdur. Valideynlər aşağı düşürlər. Bu vaxt xəstəxananın həyətində bir “JİP” markalı maşın dayanır.

Maşından düşən şəxs Ədaləti və Sevil xanmı yuxarı qaldırır. Liftin qarşısında onları yenə Elinanı müalicə edən Fazil Alıyev qarşılayır. Özləri içəri girsələr də valideynləri reanimasiya otağına buraxmırlar. Doktor və həmin müəmmalı adam bir də saat yarımdan sonra oradan çıxırlar. Həmin naməlum adam ata və anaya heç nə demədən çıxıb gedir. Onları isə Fazil həkim yenə arxayın edir; narahat olmasınlar, Elinanın durumu yaxşıdır. Axşam Ədalət bir də Fazil həkimə zəng edir. Həkim atanı inandırır ki, iki günə Elinanı palataya köçürəcəklər.

Ədalət səhər yenidən Fazil həkimə zəng edir. Ədalətin əlində Fazil həkimlə danışığının səs yazısı var. Həkim əminliklə deyir ki, Elinanın durumu sabitdir. Səhər artıq palataya köçürüləcək. Ədaləti əmin edir ki, xəstəxanaya gəlməyə ehtiyac yoxdur.

Ədalət təkid edir ki, bəlkə Elinanı özəl klinikaların birinə aparsınlar. Yenə qətiyyətlə “yox” cavabı alır. Amma… Amma sən demə, Elina artıq ölübmüş.

Fazil Alıyevin Lent.az-a dediklərindən:

777

– Mən reanimasiya həkimiyəm. Ora heç kim buraxılmır. Ora kimisə buraxmaq üçün nazirlik səviyyəsində icazə almaq lazımdır.

- Axı, siz valideynə demisiz ki, Elinanın durumu yaxşıdı.

– Mən orda heç kimi görməmişəm, heç kimə də heç nə deməmişəm.

- Doktor, Elinanın ölüm səbəbi nə olub?

– Onu deyə bilmərəm. Onu ekspertiza təyin etməlidir. Ekspertizanın rəyindən sonra suallarınıza cavab verə bilərəm.

Biz Ədalətin əlində olan səs yazısı və digər məqamlarla bağlı bu həkimə heç bir sual vermədik. Çünki sual havasında deyildi…

Ədalət danışır ki, onlar səhər “Semaşko”ya gələndə reanimasiyada heç kim olmayıb:

– Biz içəri girdik, sanitarlardan başqa bir kimsəyə rast gəlmədik. Nə həkim vardı, nə də tibb bacıları. Təsəvvür edin, Səbuhi, uşağı necə gətirib atmışdılarsa, eləcə də bumbuz uzanmışdı… Sanki “məni sığallayın, indi açacam gözlərimi” deyirdi… Gec idi… Balam çoxdan ölmüşdü…

Bunu bizdən niyə gizlədirmişlər anlamadım. Təsəvvür edin, balamız can verir, bizim xəbərimiz yoxdur.

Hə, valideynlərin həm də çox şeylərdən xəbəri olmayıb. Onların xəbəri olmayıb ki, qızları bir dəfə də intihara cəhd edibmiş. Həmin vaxt son anda onu xalası qızı Diana xilas edibmiş.

Rəfiqəsi Züleyxa Şirinovanın Lent.az-a dediklərindən:

elina04

– O, qeyri-adi, ağıllı, tərbiyəli qız idi. Bütün qızlar kimi geyinib-keçinməyi xoşlayırdı. Bizim məktəbə 203 saylı məktəbdən gəlmişdi. Burda özünə yer tapa bilmirdi. Onu incidirdilər. Təhqir edirdilər. Elə hey deyirdi ki, köhnə məktəblərinə qayıtmaq istəyir. Çox əcaib sinifləri vardı. Elinaya çox pis təsir edirdi bunlar. Dəfələrlə sinif rəhbəri Çimnaz Hacıyevaya şikayət eləmişdi. Amma sinif rəhbəri, əksinə, onu danlayırdı. Direktora demişdi, amma fikir verməmişdilər. Axırı da belə. Elina həmişə deyirdi ki, məktəbdə onu incitdikləri üçün özünü öldürmək istəyir. Bir gün əvvəl idi. Mən ona dedim ki, Elya, belə axmaq fikirləri ağlından çıxart. Anasının canına and içdi ki, özünü öldürməyəcək. Nə biləydik… Səhər o, özünü atanda mən şokdaydım.

Atası deyir ki, reanimasiyaya girəndə görüblər ki, Elinanı tənəffüs cihazından ayırıblar.

- Məktəbli formasında necə gətirmişdilərsə, eləcə də atıb gediblər. Reanimasiyada həkim belə yox idi. İki tibb bacısı və sanitar vardı, onlar da elə hey deyirdilər, əziyyət çəkmişik, hörmətimizi edin.

***

Ədalət hələ də Elinanın yoxluğuna inanmır.

- Hər gün qəbri üstə gedib söhbət edirəm. Ağ güllər aparıram. O da əlini uzadıb, barmaqlarımdan tutur. O gün gecə çiynimə qoymuşdu əlini. Bir xeyli söhbət etdik. Üzündən, gözündən öpdüm, getdi yatmağa…

…Yuxun şirin, mənim balam.

P.S. Yazıda da adı çəkilən Səbayel rayon icra hakimiyyətinin başçısının müavini Xalidə Bayramova və sabiq direktor Sevinc Abbasova ilə əlaqə saxlamaq mümkün olmadığı üçün onların mövqeyini öyrənə bilmədik.

Səbuhi Məmmədli








loading...


Fikrinizi bildirin