"MƏİŞƏTİN ƏDƏBİYYATA GƏTİRİLMƏSİ ƏN BÖYÜK PROBLEMLƏRDƏNDİR" - Elmir Hüseynoğlu

"Əlinə qələm alanların əksəriyyətinin heç normal intellekti yoxdur"

"Dəyərlərinə hörmət etməyən özü də hörmət qazana bilməyəcək"

Ümumi ədəbiyyatın ən aparıcı, spesifik qollarından biri olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə ilə əlaqəlidır və yeni nəsli tərbiyə etmək ehtiyacından yaranmışdır. Uşaqların  cəmiyyətin layiqli vətəndaşı kimi yetişdirlilməsində, onlara yüksək mənəvi keyfiyyətlərin, vətənpərvərliyin, humanistliyin aşılanmasında  uşaq ədəbiyyatının rolu əvəzsizdir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə bu sahəyə xüsusi diqqət yetirilir. Təəssüf ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda uzun müddət bu sahənin vəziyyəti o qədər də ürəkaçan olmadı.  Ancaq son illər ölkədə uşaq ədəbiyyatında da bir canlama yaranıb. Uşaqlar üçün yazılmış ədəbi əsərlərin, nəşr olunan kitabların  həm sayı, həm də keyfiyyəti artıb. Bir neçə ay əvvəl işıq üzü görən "Savannaya qayıdış" kitabını da uşaq ədəbiyyatımıza verilmiş töhfələrdəın biri hesab etmək olar. Maraqlıdır ki, kitabın müəllifi isə peşəkar yazıçı deyil,  Keşlə Futbol klubunun U10 komandasında baş məşqçi vəzifəsində çalışan, UEFA "B" kateqoriyalı məşqçi olan Elmir Hüseynoğludur.  Onun "AzPolitika.info"ya qısa müsahibəsini təqdim edirik.

- Elmir bəy, necə oldu ki, belə bir kitab yazmaq qərarına gəldiniz?

- Bakı Dövlət Universitetinin məzunuyam. Uşaqlıqdan ədəbiyyata və idmana marağım olub. Universitet təhsilimlə bağlı futbolla erkən vidalaşmalı olmuşam. Nəhayət, artıq 5 ildir ki idmana qayıtmışam, Keşlə Futbol klubunun U10 komandasında baş məşqçi vəzifəsində çalışıram. Ədəbiyyatdan heç vaxt ayrı qalmamışam.  Azərbaycan klassiklərinin əsərlərini mütaliə edir, yaradıcılıq gecələrində fəal iştirak edirdim. Özüm də hələ məktəbli vaxtlarımdan şeir və qısa hekayələr yazırdım. Düzdür,  kitab çıxarmağa bir qədər tərəddüd edirdim. Düşünürdüm ki, tənqid edəcəklər. Deyəcəklər ki, məşqçi hara, kitab çıxarmaq hara?! Sonradan fikirləşdim ki, bəzi məşqçilərdən fərqli olaraq, mərc oyunlarında iştirak etməkdənsə, yazdıqlarımı insanlarla paylaşsam yaxşıdır. Xaricdə belə nümunələr çoxdur.

"Savannaya qayıdış" hekayə kitabı mənim ilk kitabımdır. Hekayədə savannada yaşayan bir aslanla sirkdə ömür sürən aslanın arasındakı fərqi ortaya qoymağa çalışmışam. Sonda isə oxucuya sualımı ünvanlamışam. Bəs sən necə, aid olduğun yerdəsənmi? Oxuculara təqdim olunmasından çox zaman keçməsə də, uğurlu hesab etmək olar. Ən son 245 saylı orta məktəbdə oxucularımla görüş və aldığım məktublar mənə bunu deməyə əsas verir. Hətta uşaqlar ikinci seriyanın nə zaman çıxacağını soruşurlar.

Hekayə uşaq ədəbiyyatına aid olsa da, böyüklərin də marağına səbəb olub. Onlar da səbirsizliklə hekayənin ardını gözləyirlər.

- Kitab yazmaqda, ədəbiyyata gəlməkdə məqsədiniz nədir?

- Düşünürəm ki, yazıçılıq peşə yox, xidmət sahəsidir. Mənim məşhur yazıçı olmaq kimi bir hədəfim yoxdur. Məqsədim sadəcə bacardığım qədər uşaqların inkişafına töhfə etməkdir. Çünki, məşqçinin də, yazıçının da əsas istəyi sağlam düşüncəli vətəndaş yetişdirmək olmalıdır. Mən məşqçi və yazıçı kimi daim öz üzərimdə çalışacam. İlk kitabım haqda verilən müsbət rəylər məni çox sevindirir, həvəslənirəm.

- Hansı ədəbi cərəyanı özünüzə yaxın hesab edirsiniz?

- Daha çox özümü maarifçilik ədəbi cərəyanına yaxın hesab edirəm. Mən uşaq ədəbiyyatındayam və istəyirəm ki, sağlam düşüncəli uşaqların yetişməsinə öz töhfəmi verim. Düşünürəm ki, yazılan istənilən əsər oxucuya nə isə verməlidir. Mümkünsə, onun həyatında dəyişiklik etməyi bacarmalıdır. Xüsusilə uşaq ədəbiyyatında buna əhəmiyyət verilməlidir. Əgər "uşaqlar gələcəyimizdir" deyiriksə, deməli onlara nə təqdim etdiyimizə də diqqət etməliyik.

- Yerli və ya xarici yazıçılardan özünüz üçün müəllim, ustad hesab etdiyiniz yazıçı varmı?

- İstər yerli, istərsə də dünya ədəbiyyatından xüsusilə hansısa bir yazıçını özümə ustad hesab etmirəm. Nizami, Füzuli, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi kimi maarifçilik yolunu getmək arzusundayam. Dünya ədəbiyyatındansa Lev Tolstoy, Viktor Hüqo və Anton Çexovu daha çox sevirəm.

- Azərbaycan ədəbiyyatının hazırkı vəziyyəti barədə nə düşünürsünüz. Ədəbiyyatımızın  hansı problemləri sizi daha çox narahat edir?

- Keçmişə nəzər salsaq və müqayisə etməyə çalışsaq, Azərbaycan ədəbiyyatı pis günlərini yaşayır deyə bilərəm. Bunun bir çox səbəbləri var. Ən başlıca yazıçını yazıçı edən oxuculardan başlayaq. Yaxın 20-30 ilə nisbətən kitab oxuyanların sayı qat-qat aşağıdır. Daha sonra məişətin ədəbiyyata gətirilməsi də ən böyük problemlərdəndir. Günümüzdə yazıçıların publikaya aldanması, onlar üçün yazması da bir ayrı dərddir. Bunun isə səbəbi tez məşhur olmaq istəyidir və ya bu hissi idarə edə bilməməkdir. Əslində isə yazıçı kütlənin əlindən tutub qaldırmalıdır. Nəinki onların yanına yıxılmalı...

- Gənc yazıçıların bir çoxu nədənsə yüngül mövzulara müraciət edir. Tarixi mövzularda iri həcmli roman yazanlara, ümumiyyətlə, rast gəlinmir. Bu nə ilə bağlıdır?

- Bu, yuxarıda qeyd etdiyim kimi, ədəbiyyatımızın problemlərindən biridir. Yüngül mövzular və ucuz sözlər günün tələbatına aldanmağın nəticəsidir. Gənc yazıçılar da bazarın tələbini nəzərə alaraq belə mövzularda yazmağa üstünlük verirlər. Ancaq fikrimcə, səndən nə istədiklərini yox, ehtiyacı olanı vermək lazımdır. Həkim xəstəyə istədiyini deyil, sağalması üçün dərman verər. Yazıçılarımızın da cəmiyyəti sağlamlaşdıracaq ədəbi əsərlər yazması, əlbəttə, daha düzgün olardı.

Sualınızın ikinci hissəsinə gəldikdə isə qeyd edim ki, tarixi roman yazmaq üçün tarixdən məlumatlı olmaq lazımdır. Təəssüflər olsun ki, əlinə qələm alanların əksəriyyətinin heç normal intellekti yoxdur, öz doğma yurdlarının tarixini belə bilmirlər. Tutalım tarixdən biliyi var, onu təqdim etməyin özü belə bir yoldur. Bu yolu getmək üçünsə gərək bələd olasan. Ona görə də ucuz və yüngül mövzulara üstünlük verirlər.

- Gənc yazarlarla yaşlılar, xüsusən Yazıçılar Birliyinin rəhbərliyi arasında zaman-zaman bəzən təhqirə qədər gedib çıxan qarşıdurmalar yaranır. Hansı tərəfi haqlı hesab edirsiniz?

- Bu qarşıdurmalarla bağlı ətraflı məlumatım yoxdur, oradan-buradan eşitdiklərimdir. Mən özüm hələlik Yazıçılar Birliyinə üzv deyiləm. Sadəcə məsələ xalq yazıçılarından gedirsə, onların ehtiramını saxlamaq hər birimizin borcudur. Təhqir isə bütün hallarda yolverilməzdir. Hər kəs fikrini mədəni formada ifadə etməlidir.  Ümumiyyətlə, sözü deyənə yox, sözün özünə fikir vermək lazımdır. Əgər dediyi söz düzgündürsə, şəxsi həyatı, hansı əqidəyə mənsub olmağı elə də önəmli deyil. Dəyərlərinə hörmət etməyən özü də hörmət qazana bilməyəcək.

- Yazarlara dövlət qayğısını necə, qənaətbəxş hesab edirsinizmi?

- Bu barədə danışmaq və ya şikayətlənmək mənim üçün tez olar. Onu zaman göstərər. Qayğı olsa da, olmasa da, yazdıqları oxunsa da, oxunmasa da, yazıçının missiyası çatdırmaqdır. Əgər ehtiyac olanı verə bilirsə, qalan şeylər ikinci dərəcəlidir. Hətta düşünürəm ki, yazıçının dolanışığı yazıdan olmamalıdır. Belə olsa, öz işini daha vicdanla görər. Amma, yenə də bu mənim şəxsi fikrimdir.

Gülnar İsmayıllı

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2019-04-14 12:11:17

Azərbaycanda indi yaltaqlar və mədhiyyə ədəbiyyatı formalaşıb.

Son yazılar