Deputatlar, yüksək vəzifəli məmurlar və cinlər... - “Cindar Hüseyn” kimlərin hesabına cinlərə qonaqlıq verirdi?

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin işi üzrə qalmaqallı məhkəmə prosesi başlayıb. Dələduzluq əməlləri üzrə işlərin məhkəmələrdə aşıb-daşdığı bir vaxtda bu iş bəlkə də geniş diqqət cəlb eləməzdi, əgər ortada cinlər olmasaydı.

Bəli, məhz cinlər. Özü də cinayət işinin epizodlarına əsasən xirtdəyə qədər korrupsiyalaşmış və hər işi rüşvətlə görən cinlər. Bu əhvalat heç də Cəlil Məmmədqulizadə və Mirzə Fətəli Axundov kimi klassiklərin əsərlərində yer almır, 21-ci əsrdə, Bakıda baş verir.

Məsələ belədir ki, təqsirləndirilən şəxslərdən Hüseyn Əlizadə kifayət qədər gənc olsa da “Cindar Hüseyn” kimi xalq arasında (yəqin ki, həm də cinlər diyarında)  xeyli tanınırmış. Cinlərlə əməkdaşlığı isə belə görünür ki, anası, Bakıdakı Mərkəzi Univermaqda qızıl satıcısı işləyən Lalə İbrahimovanın sayəsində qurubmuş. Hüseyn və anası indi işdə zərərçəkmiş statusunda adları keçən çoxsaylı şəxsləri “cin çıxartma”, “bəd duaları zərərsizləşdirmə” və şər qüvvələrin digər bəd əməllərinin qarşısının alınması kimi xidmətlər göstərmək adı ilə aldadıb. Zərərçəkənlərdən təkcə biri-evdar qadın cinlərin qəniminə 300 min manatdan çox pul, o cümlədən qızıl-zinət əşyaları verib.

İş üzrə məhkəmənin hazırlıq iclası tamamlanıb və növbəti məhkəmə iclası aprelin 22-nə təyin olunub. Mətbuat yazır ki, “Cindar Hüseyn”nin və anasının işində bir sıra deputatların və yüksək vəzifəli məmurların da adları hallanır. Zərərçəkən statusunda cəmi 13 nəfər tanınıb. Amma bunlar zərərçəkənlərin hamısı deyil, ehtimal ki, “Cindar Hüseyn”in kələkbazlığına məruz qalan nüfuzlu şəxslər adlarının zərərçəkən statusunda keçməsinə razı olmadıqlarından şikayət etməyiblər.

Zərərçəkənlərdən biri, həmin evdar qadın Rübabə Ağayevadır ki, o, "Cindar Hüseyn”ə, ümumilikdə, 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Hüseyn Əlizadə və anası ötən il həbs olunmuşdular. Baxmayaraq ki, onların barəsində iki ildir çoxsaylı şikayətlər daxil olurmuş. Ana-oğul Milli Məclisin deputatlarından tutmuş iş adamlarının ailələrinə, sənət adamlarına qədər çoxlarını aldadaraq onlardan cin çıxarmaq adı ilə küllü miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirə biliblər.

Lalə İbrahimova Bibiheybət qəsəbəsi, I məktəbli döngəsi, ev 4-də qeydiyyatda olsa da, Salyan yolu 32-də yaşayıb və Mərkəzi Univermaqda qızıl mağazasında satıcı işləyib. Oğlunun cinlərin sayəsində ələ keçiridiyi qızılları isə elə işlədiyi qızıl şöbəsində satırmış.

Ağayeva cinlərin toruna necə düşdü

Zərərçəkən Rübabə Ağayevanın Binəqədi rayon prokuroru Nazim İmanova yazdığı şikayət ərizəsi yerli mətbuatda dərc edilib. Qadın bildirir ki, 2016-cı ilin dekabr ayında evində təmir işləri zamanı həyətindən dua tapılıb. O, qohumu Qızxanımdan falçı tapmağı xahiş edir. Qızxanım  isə başqa tanışının köməyi ilə “Cindar Hüseyn”lə tanış olur.

Ağayeva bildirir ki, 2017-ci il aprelin əvvəllərində Qızxanım onu Hüseyn Əlizadənin yaşadığı Bakı şəhəri, Axundov bağı yaxınlığında yerləşən ikiotaqlı evinə aparıb. O, evə necə daxil olduğunu və orada gördükləri əşyaları ətraflı təsvir edir.

“Hüseyn Əlizadə mənim falıma baxaraq dedi ki, sizin həyətdə 3 dənə cadu basdırılıb, onları çıxarmaq və sonra təmizləmək lazımdır, yoxsa mənim evimdə faciələr baş verəcək mənim oğlanlarım ölə bilər"-qadın ərizəsində göstərir.

Ağayeva eşitdiklərindən qorxuya düşür və Hüseynə falına baxdırıb xidmət haqqı kimi 20 manat verir, çıxıb gedir evinə. Amma bir neçə gün sonra Hüseyn ona zəng vurur, yanına çağırır. Deyir ki, qadının həyətində cadu var, onu çıxarmaq üçün 600 manat, təmizləyib təsir gücünü azaltmaq üçün isə 2 min manat xərc lazımdır.

“Yoxsa ərin öləcək...”

Növbəti epizodda “Cindar Hüseyn” qadını həyətlərində basdırılmış cadunu çıxarmaq adı ilə aldadıb və habelə qorxudub ki, “cinlərə pul verməsə” əri ölə bilər.

“Mən evə qayıtdım və bir neçə gündən sonra Hüseyn Əlizadəni evə dəvət etdim ki, cadunu evdən çıxarsın. Bu hadisəni mən qohumum Röya Səfərovaya danışdım. 2017-ci ilin aprel ayında Hüseyn Əlizadə bizim evimizə gəldi. Həmin vaxt onunla bir qadında gəlmişdi. Sonradan bildim ki, bu Hüseynin anasıdır və adı Lalə İbrahimovadır. Onlar həyətdən iki ədəd büküm çıxardılar, bir bükümü isə yataq otağında yastığın içindən çıxardılar. Bu prosesi Röya Səfərova da gördü. Onlar bükümləri mətbəxdə açdılar və Hüseyn dedi ki, bunlar təmizlənməlidir. Mən onlara danışdığımız kimi 2600 manat pul verdim. Bundan sonra onlar getdilər. Bir neçə gün sonra mən Hüseynə zəng etdim və cadunu təmizləyib təmizləmədiyini soruşdum. Hüseyn məni evinə çağırdı. Mən onun evinə getdim və mənə dedi ki, ərinə cadu edilib və o çıxarılmalıdır, yoxsa ərin infakt olacaq və sonra öləcək”-Ağayeva bildirir.

Qadın qorxuya düşür, ərinin iş yerinin yanında görüş təyin edir….

Falçının dediklərindən qorxuya düşən Rübabə Ağayeva bir neçə gün sonra həyat yoldaşı Faiq Ağayevin Z.Tağıyev qəsəbəsində yerləşən iş yerinin yaxınlığında görüşüblər. Orada yolun kənarında Hüseyn şam ağaclarının altından bir büküm və bir ədəd yod qabı götürür. Əvəzində qadından 1900 manat pul istəyir. Bunun 400 manatı cadunu yerdən tapıb çıxarmaq, qalan 1500 manatı isə onun təsirini azaltmaq üçün idi.

“Kitab açdı, dedi uşaqların xəstələnib öləcək…”

Ağayevanın ərizəsindən sitat: “Növbəti gün mən Hüseynin yaşadığı həmin evə getdim və orada ona 1900 manat pul verdim. Bundan bir neçə gün sonra Hüseyn şəxsi nömrəsindən zəng edərək məni çağırdı. Mən onun yaşadığı evə getdim. Hüseyn kitab açdı və dedi ki, uşaqların xəstələnəcək və öləcək və mənə təklif etdi ki, evinə gələcəm və evində cadu çıxaracam. Bundan başqa dedi ki, sənin evində qızılların var, onlarda ağırlıq var, onlarıda gətirərsən təmizləyərəm. Bunun üçün məndən əlavə olaraq 1000 manat pul istədi. Mən qorxuya düşdüm və onunla razılaşdım. Bundan sonra mən evdə olan qızıllarımın bir hissəsini aparıb evində Hüseynə verdim”.

Mayın əvvəllərində Hüseyn və anası qadının evinə gedir, evə şprislə hansısa maye çiləyir və gedir. Bir neçə gün sonra qadın özü Hüseynin evinə gedib xidmət haqqını-1000 manatı ona verir. Amma qızılların “təmizlənməsi” üçün bir neçə gün gözləməli olur. Qızılların dalınca Hüseynin evinə gedəndə isə təzə şok xəbəri alır. “Kitab açdı və dedi ki, gəlinin hamilədir və uşaq ölü doğula bilər”-Ağayeva deyir. Belə məlum olur ki, qadın fırıldaqçıya gəlinin hamilə olduğunu, oğlan uşağı gözlədiklərini əvvəllər deyibmiş.

Əhvalatın davamı: “O məndən uşağın salamat qalmasını təşkil etməsi qarşılığında 3000 ABŞ dolları istədi və dedi ki, bunun üçün 7 qurban kəsməlisən. Buna görədə əlavə olraq 1000 manat pul verməlisən. Mən evdən 3000 dollar və 1000 manat pul götürdüm və növbəti gün aparıb evində Hüseynə verdim. O mənə dedi ki, qurbanı özü tanışları vasitəsi ilə kəsdirəcək. Mən qurban kəsiləcəyi ilə bağlı gəlinim Ləmana da dedim. O da mənə dedi ki, bu nə qurban kəsməkdir ki, sən qurbanları görmürsən. Bundan sonra Hüseyn məndən oğlanlarıma edilən cadunu götürmək qarşılığında 2000 manat pul aldı”

Cin həyətdə, qızıl küplərinin üstündə oturmuşdu…

Amma əhvalatlar bununla da bitməyib. 2017-ci il iyulun ortalarında Hüseyn qadını evinə çağırıb. Deyib ki, onların həyətində içi qızılla dolu iki küp basdırılıb, küplərin üstündə də cin oturub. Həmin küpləri çıxarmaq lazımdır, amma bir balaca xərci var-7 min dollar.

“Dedi  küpləri çıxarandan sonra mənim payımı verərsən qalanı sənə qalar. Mən razılaşmadım və evə gəldim. Növbəti gün məni yenə çağırdı və dedi ki, fikirləş, mən kitab açmışam, sən dediyim pulu tapacaqsan. Dedim ərimdən icazəsiz pul götürə bilmərəm. O da dedi ki, sən narahat olma mən elə edəcəm ki, ərin səndən biz yerinə qoyana qədər pul istəməyəcək. Ertəsi gün evdən 7000 dollar pul götürdüm və aparıb evində Hüseynə verdim”.

Küp suyu, ceyran göbəyi üçün 11 min dollar

 Bu əhvalatdan bir neçə gün sonra Hüseyn yenidən qadına zəng vurur, deyir həyətdəki küpün biri də artıb. Pul azlıq edir, daha 8 min dollar verməlidir.

Qadın razılaşır, pulu vermək üçün Hüseyni və anasını evinin yaxınlığına-Binəqədi rayonu, 6-ci mikrarayondakı “Araz” market istiqamətinə çağırır.

Qadının danışdıqlarından: “Anası bizdən bir az aralıda oturmuşdu. O mənə bildirdi ki, bu barədə heç kimə heç nə demə. Hüseyn pulu alanda anasına dedi ki, mənim üçün küp çıxaracaq. Lalə dedi ki, bu çox çətin olacaq. Mən onlara dedim ki, tez edin, mən pulu yerinə qoymalıyam. Bundan bir neçə gün sonra Hüseyn məni yenə evinə çağırdı və dedi ki, heç kimin cadusu ilə məşğul olmayacaq, yalnız mənim işimlə məşğul olacaq. O dedi ki, İraqa ziyarətə gedəcək və küpü çıxarmaq üçün küp suyu və ceyran göbəyi də alacaq. Ona görə də əlavə olaraq 11000 dollar pul istədi. Mən evə gəldim və ona 11000 dollar pul apardım və verdim”.

Bu əhvalatdan sonra Hüseyn bir müddət yoxa çıxır, 20-25 gün ondan xəbər gəlmir. Amma bir-iki dəfə gizli nömrədən qadına zəng vurub zəruri materialları İranda tapa bilmədiyini, təhlükəli olsa da İraqa gedəcəyini deyibş

Həyətdə daha bir küp, daha 13 min dollar…

“Mən həmin vaxtlar Lalə İbrahimova ilə telefonla əlaqə saxlayırdım. Lalə deyirdi ki, İraqa gedib arxayın ol gələcək. 2017-ci ilin avqust ayının sonlarında Lalə mənə zəng etdi və dedi ki, Hüseyni sərhəddə qarşılamağa gedir, ona 3000 dollar pul verim. Lalə evin yaxınlığında olan “Araz” adlanan marketin yanına həmin taksi sürücüsü ilə gəldi. Məşq qurğularının yanında mən ona 3000 dollar pul verdim. O oğlunu qarşılamağa getdi. Bir həftədən sonra Hüseyn mənə zəng etdi və dedi ki, Biləsuvardadı, ehsanı var, verib Bakıya gələcək. 2017-ci ilin avqust ayının sonunda Hüseyn mənə zəng etdi və dedi ki, sənin həyətində dördüncü küp var, onu çıxarmaq üçün əlavə küp suyu almalıdır. Buna görə 10000 dollar pul istədi. Hüseyn və Lalə mənim yenə “Araz” marketin yanına gəldilər və mən onlara 10000 ABŞ dolları pul verdim”-qadın bildirir.

Avqust ayında Hüseyn qadına deyir ki, onun evində qaşlı əşya görür, həmin əşyanı da gətirmək lazımdır. Bu əşya qadının brilliant qaşlı üzüyü olub və Ağayeva onu aparıb verir fırıldaqçıya. Amma cinlər aləminin kralı yenə ondan əl çəkmir, qadına deyir ki, onların Goradildəki bağ evlərində də cinlər məskən salıb. Həmin cinləri qovmaq üçün 4 min manat lazımdır. Qadın bu pulu da verir.

“Həmin vaxtlar Hüseyn məni yenə evə çağırdı və dedi ki, cinlər səni tanıyır, sən kağız yaz ki, kimdənsə qızılları götürəcək və küp olan yerə tökəcək. Bundan sonra məni divana uzatdı və sinəmin üzərinə daş qoydu və mənə bir stəkanda sarımtıl su içirdi. Göbəyimin üzərinə ayı dırnağı qoydu və təxminən yarım saat mən uzanılı vəziyyətdə qaldım. Həmin vaxt Lalə oraya gəldi və mənim göbəyimin altından ərəbcə yazı yazdı. Bundan sonra Lalə mənim başımın üstündə dayandı və mənə kağız yazdırmağa başladı. Mən səhv yazdığımdan bir neçə dəfə kağızı dəyişdirdilər. Mən, Lalə nə deyirdisə onu yazırdım”-qadın əhvalatın davamını nəql edir.

Küplər 7 metr dərinlikdə imiş…

1 sentyabr 2017-ci ildə qadının nəvəsi kifayət qədər sağlam dünyaya gəlir. Həmin gecə o,  Hüseynə zəng edir. Uşağın dünyaya gəldiyi haqda cindarı məlumatlandırır.

Sentyabr ayının ortalarında Hüseyn yenə onu evə çağırır, həmin vaxt o evini dəyişib üzbəüz binada olan evə köçmüşdü. Əhvalatın davamı belə cərəyan edir: “Həmişəki kimi telefonum və əşyalarımı məndən aldı və məni həmin otağa apardı. Orada məni divana uzatdı və sinəmin üzərinə daş qoydu və mənə bir stəkanda sarımtıl su içirdi. Göbəyimin üzərinə ayı dırnağı qoydu və təxminən yarım saat mən uzanılı vəziyyətdə qaldım. Həmin vaxt işıqları söndürmüşdü. Mənə dedi ki, indi küpün hansı dərinlikdə olmasını biləcək. Sonra şamları gətirib jurnal stolunun üzərinə düzdü. Sonra rahib paltarı kimi bir paltar geyinib yanan şamların ətrafında fırlanmağa başladı. Sonra mənə dedi ki, bir rəqəm de, mən 3 deyəndə mənə dedi ki, yox 7-dir. Küplər 7 metr dərinlikdədir.

Bundan sonra mənə hər metr üçün 1000 dollar pul istədi. Həmin gün mən evə qayıtdım və mən ona həmin yerdə 7000 dollar pul verdim. Bundan sonra Hüseyn cinlərə qonaqlıq verəcəyini bildirdi, buna görə məndən iki dəfə hər dəfə 1000 dollar və bir dəfə 3000 dollar pul aldı. Həmin dövrdə Hüseyn və Lalə mənə dedilər ki, küpün olduğu yerə tökmək üçün qızıl alacaqlar, buna görə 4000 manat pul istədilər. Məndə onlara 4000 manat pul verdim. Bundan sonra onlar məndən küpün olduğu yerə tökmək üçün qızıl alacaqları adı altında 3 dəfəyə 15000 funt sterlinq və hissə-hissə 13500 manat pul aldılar. Mən Hüseynə pulum olmadığını və evdə xarici valyuta qaldığını deyəndə o, gətirməyimi bildirdi”

Cin tükü üçün 10 min dollar

 2017-ci ilin sentyabr ayının sonlarında Hüseyn qadından cin tükü alması üçün 10000 dollar pul istəyir. Ağayeva həmin pulu manat ekvivalentində verir-17 min AZN.

“Həmin vaxt Hüseyn və Lalə mənə bildirdilər ki, Tovuz rayonunda küp çıxarıb. Onların evinə getdim. Orada Lalə və Hüseyn küp gətirdilər və stolun üzərinə qoydular. Mən ona dedim ki, küp torpaqdan çıxıbsa palçıqlı olmalıdır. Hüseyn dedi ki, Lalə onu dəfələrlə yuyub. Bundan sonra qızılları stolun üzərinə tökdü. Mən qızıllara tərəf baxmadım, sadəcə onu dedim ki, məndən götürdüyün qızılları və pulları geri ver yerinə qoyum. Bu proses həmin otaqda gedirdi. Qızılları ayırdı və mənə dedi ki, sən bu qızılları cinlərdən təhvil almalısan, yoxsa cinlər onu dəmirə və ya misə cevirə bilər. Həmin vaxt Lalə və Hüseyn mənə sarımtıl rəngdə bulanıq su verdilər və mənə nəsə oxudular. Mənə Lalənin adına kağız yazdırdılar. Hüseyn dedi iki nəfər olmalıdır, onda Lalə Cəfər adı dedi. Mən dedim ki, Cəfər kimdir. Lalə dedi ki, elə belə dedim”-Ağayeva ərizəsində göstərir.

2017-ci ilin sentyabr ayının sonlarında qadın Hüseynə sonuncu dəfə 3000 ABŞ dolları pul verib. Və deyir ki, Hüseynlə anasına o vaxta qədər 300 min manata yaxın pul, qızıl vermişdi…

Virtualaz.org iş üzrə digər zərərçəkənlərin başına gələnləri yaxın günlərdə oxuculara çatdırmağa çalışacaq.

***

Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb. Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarında yazılır ki, Lalə İbrahimovanın bir övladı var. O, həyat yoldaşının vəfat etdiyini deyib.

İttiham aktını almadığını deyən L.İbrahimova bunun səbəbini belə izah edib: “Mən etiraz olaraq götürmədim. Çünki iş birtərəfli aparılıb. Mən obyektivliyə inanmıram. Bizə qarşı təzyiqlər, haqsızlıqlar olub. Mən məhkəmənin də ədalətli olacağına inanmıram. Heç vəkilimiz də yoxdur. Belə olan halda məhkəmə neçə gedə bilər?”

Hakim təqsirləndirilən şəxsə izah edib ki, onun hakimə sual vermək ixtiyarı yoxdur. Hakim izah edib ki, iş məhkəməyə göndərilib və onlara dövlət hesabına vəkil də təqdim ediləcək.

Lalə İbrahimova dövlət hesabına təyin edilmiş vəkildən imtina etdiyini, özünün başqa vəkillə müqavilə bağlayacağını deyib. Hakim bildirib ki, yeni vəkillə müqavilə bağlanacağı təqdirdə növbəti mərhələdə işə buraxılacaq.

Prosesdə elan edilib ki, zərərçəkmişlərin bəziləri məhkəməyə mülki iddia təqdim etməyib. Məhkəmənin gedişində zərərçəkmişlərlə Lalə Ibrahimova arasında mübahisə yaranıb. Tərəflər bir-birinə qarşı ittihamlar səsləndiriblər. Hakimin müdaxiləsindən sonra tərəflər sakitləşib.

Məhkəmə iclası aprelin 22-də davam etdiriləcək. Minval.info xəbər verir ki, ittihama görə, “Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Hüseyn Əlizadə anası ilə birlikdə bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilir.

Zərərçəkmişlərdən biri olan Rübabə Ağayeva külli miqdarda pul və qızıl-zinət əşyalarını ana və oğluna verdiyini deyib. Rübabə Ağayeva bildirib ki, “Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul – 57 min dolları, 15 min Böyük Britanya funt sterlinqi, 47 min manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, “Cindar Hüseyn”in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.

İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər.

635x100

Şərhlər

Köhnə azərbaycanlı 2019-04-16 21:42:07

Bəzi deputatların, məmurların, şou-biznes əhli və olqarxların haram yolla qazandıqları pul artdıqca onlar ALLAH yolundan çıxıb, cinə-şeytana və iblisə sığnırlar. İnanmıram ki kimsə öz zəhməti ilə halal pul qazanıb falçıya, cindara pul xərcləsin. Özüdə nə az nə çox 300 000 manat. Cindarların məhkəməsi öz yerində, araşdırmaq lazımdır ki 300 000 manatı verən xanım nə qədər pul qazanır ki o falçıya bu qədər pul verə bilir və o qazandığı puldan dövlətə nə qədər vergi ödəyib.

pensioner 2019-04-16 21:42:07

BƏLKƏ HƏMİN DEPUTATLARIN,MƏMURLARIN ADINI ÇƏKƏSİNİZ.XALQ ÖZ "QƏHRƏMANLAR"INI TANIMALIDIR.

Abdulla 2019-04-16 21:42:07

Cinlərlə oturub duran deputat və vəzifəli şəxslərin mövcudluğu ) bunların hamısı YAP üzvləridir ( kadr siysətinin nə gündə olduğuna sübutdur.Belə adamların vəzifələrə gətirilməsi cin və şeytanların işi deyilmi? Bu YAP=ın kadrlarıin mənəviyyatına,dünyagötüşünə,düşüncə tərzinin nədən ibarət olduğuna sübutdur.

Son yazılar