“AKP SEÇKİNİ TƏKRARLADACAQ...” - “Amma qazanacaqlarına əmin deyillər”

Türkiyədə bələdiyyə seçkisi martın 31-də başa çatsa da, İstanbulun bələdiyyə başqanı postu hələ də boşdur. AKP-nin MSK-nın açıqladığı nəticələrlə razılaşmayaraq, səslərin yenidən sayılmasını, hətta nəticələrin ləğv olunmasını tələb etməsi səbəbindən yarışın qalibi elan olunan CHP-li Əkrəm İmamoğlu vəzifəsinin icrasına başlaya bilmir.

Məlum olduğu kimi, səslərin bir qisminin yenidən sayılması prosesi hələ davam etsə də, bu sayım AKP-nin gözlədiyi nəticələri vermir. Bu səbəbdən də artıq qardaş ölkədə bir çoxları hakimiyyətin İstanbulda keçirilən seçkilərin nəticələrinin ləğvinə nail olacağını düşünürlər.

“AzPolitika.info” xəbər verir ki, İstanbul seçkilərilə bağlı gözləntilərini öz köşə yazısında paylaşan məşhur jurnalist Fatih Altaylı AKP-nin təkrar seçkilərə nail olacağını bildirib. “Habertürk”də çıxan yazıda qeyd olunur ki, AKP İstanbulu əldən verməmək üçün bütün addımları atmağa hazırdır: “Bu, “səni kimsəyə yar etməm” kimi bir sevgidir. AKP-nin İstanbuldakı seçkilə bağlı tərzi “seçkiyə hiylə qatıldı, seçici siyahıları güvənilən deyildi” və s. şəklindədir. Doğrudur, ya yox, bilmirəm. Ancaq onu dəqiq bilirəm – seçkidən öncə Türkiyədə seçkinin ən güvənli sistemlə keçirildiyini, hiylə qatılmadığını, heç bir saxtakarlığın, yolsuzluğun mümkün olmadığını deyənlər, bu gün “seçkidə saxtakarlıq edildi” deyən həmin AKP-lilər deyilmi? Necə oldu ki, martın 31-i saat 22-yə qədər dünyanın ən güvənilən seçki sistemi gecə yarısından sonra “ən güvənsizə” döndü?”

Daha sonra F.Altaylı İstanbulda təkrar seçkinin keçiriləcəyi qənaətində olduğunu yazır: “Və bəlli ki, AKP seçkini təkrarladacaq. Təkrarlanırsa nədən nəticələr güvənilən hala gələcək? Axı AKP-nin söylədikləri “bu MSK bu seçkini bacarmadı” anlamına gəlir. O zaman səlahiyyət müddəti uzadılan bu MSK ilə seçkiyə getməyin fərqi nə olacaq? Qanunla seçici siyahıları da dəyişə bilməz. Bəlkə qanuna rəğmən seçkiyə yeni seçici siyahısı ilə gediləcək? Seçki yenilənsə belə, qazanacaqlarına əmin deyillər, ancaq daha bir şans əldə etmək istəyirlər...”

Jurnalist yenidən seçki keçirilsə belə, nəticənin eyni olacağına eyham vurur və AKP-nin nəyə güvənərək seçkinin təkrarlanmasını istədiyini anlamadığını bildirir. Ancaq bununla yanaşı o, belə bir maraqlı iddia irəli sürür ki, seçki təkrarlanarsa da, səsvermə mütləq tətil zamanı, yəni gənc seçicilərin təhsildən ayrılaraq, tətilə getdikləri vaxt keçiriləcək.

Müəllif hesab edir ki, bu yolla AKP İstanbulda CHP elektoratının azalacağına ümid edə bilər.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-04-17 00:59:18

Elə bilirəm İmamoğlunun seçimdə qazanmasını öz qələbəsi sanmaq sadəlöhvlük olar. Bu seçimdə qələbə bütün türk duşmanlarının da öz çatısı altına alan "Millət İttifaqı" səyi və bəzi dairələrdə baş verən pozuntuların nəticəsi olub. Sadəcə olaraq gözləımək gərək, Mazbatanı almaq hələ bu sürəci davam etdirmək demək deyil. Hələ YSK da araşdırma davam edir. Əgər YSK hər hansı bir delile rastlasa, o Mazbatanı geri almağı da bilir. Almasa da belə o ittifaqda yer alanların havası ilə oynamalıdır İmamoğlu. Bu da yaxşı şeylər vəd etmir İmamoğluna. Nə isə yaşayarıq görərik. Təki Hər şeyin xeyirlisi olsun Türküyəmiz üçün.

Son yazılar