VERGİ İSLAHATLARI SAHİBKARLARA "BAŞ AĞRISI" YARADIB - Qanundakı boşluqlar narazılıqları artırıb

Vergi qanunvericiliyi və DSMF hesabatlarında ziddiyyətlər niyə artıb?

Vergi sistemində aparılan islahatlarla yanaşı, vergi qanunvericiliyindəki və hesabatlardakı bəzi dəyişikliklər sahibkarlar üçün ciddi problemlər və haqlı narazılıqlar yaradır. Xüsusilə sadələşdirilmiş vergi ödəyicilərilə bağlı yeniliklər bir tərəfdən sahibkarlara əlverişli mühit yaratsa da, digər tərəfdən hesabatların və ödəniş qaydalarının mürəkkəbləşdirilməsinə səbəb olub.

Bu yeniliklər həmçinin, bir çox sadələşdirilmiş vergi ödəyicilərinin gəlir vergisi və ƏDV ödəyicilərinə çevrilməsinə səbəb olur ki, bu da sahibkarlar üçün hesabatların verilməsi və ödənişlərlə bağlı ciddi çətinliklər yaradır. Kiçik sahibkarlıq subyektləri üçün qanunvericilikdə edilən dəyişikliklər nəzəri cəhətdən müsbət təsir təsəvvürü yaratsa da, praktikada sadələşdirilmiş verginin 4 faizdən 2 faizə endirilməsindən başqa hər hansı müsbət effekt nəzərə çarpmır.

Tətbiq edilən yeniliklərdən ən çox problem yaradan məsələlərdən biri vergi və nın təqdim olunmasıdır. Əvvəlcə onu qeyd edək ki, xüsusilə Bakıda vergi ödəyicilərinə xidmət göstərən mərkəzlərin sayı olduqca azdır və qətiyyən tələbata uyğun deyil. Bu səbəbdən nəinki hesabat dövründə, digər günlərdə də bu mərkəzlərdə “iynə atsan yerə düşməz”.

Xüsusilə hesabatlar təqdim olunan dövrlərdə mərkəzlərdə çox böyük növbələr yaranır və insanlar günlərlə hesabatlarını verə, yaxud vergi ilə bağlı digər problemlərini həll edə bilmirlər. Doğrudur, hər bir sahibkar bu mərkəzlərə getmədən elektron qaydada öz hesabatlarını verə bilərlər. Lakin hazırda insanların böyük qismi bunu bacarmır, mühasib tutmağa isə çoxlarının maddi imkanı yoxdur.

Bununla yanaşı, vergi hesabatlarını pis-yaxşı vermək mümkün olsa da, DSMF hesabatları və ödəniş edilməsi qaydaları olduqca mürəkkəbləşib. Elə bir DSMF hesabat sistemi qurulub ki, bundan nəinki sahibkarlar, heç mühasiblər, bəzi hallarda isə vergi əməkdaşları belə düz-əməlli baş çıxara bilmirlər.

Bütün bunlar DSMF hesabatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınıb, vergi orqanına verilməsindən sonra müşahidə olunmağa başlayıb. Nəticədə doğrudur, sahibkar öz DSMF hesabatlarını vergi hesabatı ilə birgə, eyni şəxsi hesab vərəqəsində görə bilsə də, oradakı cədvəllərdən, qalıqdan, borcdan və s. baş çıxarmaqda ciddi çətinlik çəkir. DSMF hesabatlarının verilməsində “Asan nömrə”lərin tətbiqi isə işi bir qədər də çətinləşdirir. Bütün bunlar hesabatların gecikməsinə və hesabatlarda ciddi ziddiyyətlərin, ödənişlərin edilməsində isə qarışıqlığın yaranmasına səbəb olur.

Bununla yanaşı, vergi qanunvericiliyindəki yeniliklər də ziddiyyətlərə gətirib çıxarır. Məsələn, digər vergi ödəyicilərinə xidmət göstərən və bunun müqabilində bank hesabına vəsait köçürülən sadələşmiş vergi ödəyicilərindən tələb olunur ki, mükəlləfiyyətlərini dəyişsinlər və gəlir vergisi ödəyicisi olsunlar. Bu zaman onlar artıq dövriyyədən 2 faiz deyil, təqribən 5 faiz ödəməli olurlar. Özü də bu, yalnız 3 illik güzəşt tətbiqilə mümkün olur. Yəni ki, əslində 20 faiz mənfəət vergisi hesablansa da, bunun 75 faizi silinir. Nəticədə sahibkar dövriyyədən 5 faizə yaxın ödəniş etməli olur. Ancaq yenə də qeyd edək ki, güzəştin müddəti 3 ildir və bundan sonra həmin sahibkarlar dövriyyənin(xərclər çıxıldıqdan sonra) 20 faizini ödəməli olacaqlar. Bu isə vergi yükünün azaldılması yox, artmasına xidmət edir.

Digər ziddiyyətli məqam odur ki, bir sahibkar eyni obyektdə həm satış, həm də digər vergi ödəyicilərinə xidmətlə məşğul olursa, avtomatik olaraq, sadələşmiş vergi ödəyicisi olmaq imkanını itirir və gəlir vergisi ödəyicisinə çevrilir. Və təkcə bank hesabına daxil olan vəsaitdən deyil, həm də satışdan əldə etdiyi məbləğə görə də gəlir vergisi ödəmək məcburiyyətində qalır. Belədə, onun satışdan kassaya vurduğu məbləğ də bank hesabına xidmətdən daxil olan məbləğin üzərinə gəlmiş olur. Nəticədə yalnız satışla məşğul olan sahibkarlar 2 faiz ödədikləri halda, həm satış həm də xidmətlə məşğul olanlar artıq dövriyyədən 5 faizədək(20 faizlik mənfəət vergisinə 75 faiz güzəşt tətbiq ediləndən sonra-red.) vergi ödəməli olurlar. Bu, bir tərəfdən ədalətsizlik və qeyri-bərabər rəqabət mühitinin yaranmasından, digər tərəfdən isə qanundakı boşluqdan xəbər verir.

Qeyd edək ki, qanunvericilikdəki yeniliklər arasında ziddiyyətli və sahibkarların ziyanına işləyən məqamlar kifayət qədər çoxdur. Və təəssüf ki, bu yeniliklər bəzən “qaş düzəldən yerdə göz çıxarmaq” təsiri bağışlayır. Görünür, elə xidmət mərkəzlərində vergi ödəyicilərindən ibarət böyük növbələrinin yaranmasında da bu amilin rolu az deyil.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

oxucu 2019-04-17 12:45:45

bir sözlə vergi sistemində 1992-94 cü illərə qayıdırıq deyəsən hər yerdə növbə.elə qarışdırıblar ki özləri də baş çıxarmır. 195 sorğu mərkəzinin adını dəyişib musiqi mərkəzi qoysalar lap yerinə döşər.

VERGİ ÖDƏYİCİSİ 2019-04-17 12:45:45

Nə yaxş ki bu mövzuya yer ayrılb, yaralı yerimiz. biz vergi ödəyiciləri 4 aydır ki it zülümü çəkirik.Çox maraqlıdir ki kimdir bu xaosu yaradan, bunu ancaq xalqi narazı salmaq, sahibkarların əlini qolunu bağlamaq ,dövlətə zərbə vurmaq kimi başa düşülür. 195 sorğu mərkəzi demək olar ki işləmir, çox çətinliklə düşəndədə insanları başdan edirlər vəssalam.Səxsi vərəqədə bölüşdürülməmiş məbləğ qalır orda banka sərəncam qoyurlar DSMF -nun hesabatları əvvəlki qaydada çox rahat idi. Allah bu xaosdan bizi qurtarsın

Quliyeva L. 2019-04-17 12:45:45

Xidmət mərkəzlərinin tabeciliyində olduğu Kiçik Sahibkarlıqla İş Departamentinə Mikayıl Cabbarov dostu Səbuhi adlı şəxsi rəhbər təyin edib.Oda bütün yerlilərini rəhbər vəzifəyə təyin etdilərək,vergi ödəyicilərinə çox yaxşı xidmət göstərir.

BASHMAGCI 2019-04-17 12:45:45

KOHNE HAMAM KOHNE TASS FAZIL AGANIN KOMANDASI GAJIDIR HAAA NATIG HER SHEJI korur o juxaridan idare edir

Anar 2019-04-17 12:45:45

VN de veziyyeti bele tesvir etmek olar.sanki kitabxanadasan,hamida bir-birinden qorxur.bilirem ki,menim sozumle hecne deyishmez amma vn mutleq deyishmelidi.insani bogaza yigmaq olmaz

sahibkar 2019-04-17 12:45:45

Məncə, DSMF hesabatlarının təqdim edilməsi əvvəlki qaydada daha rahat idi.Həm də , istənilən sualla bağlı DSMF-dakı kuratordan izahat və məsləhət almaq çox asan idi.

Yengibar 2019-04-17 12:45:45

Müəllif tam haqlıdır. Vergilər Nazirliyinin sadələşmiş vergi ödəyicisinin ƏDV ödəyicisinə keçid mexanizmi yoxdur. Sadəcə biabırçılıqdır! Ödəyicini məcbur edirlər ki qeydiyyat tarixindən ƏDV uçotunu dursun, bu da hesabatların təkrar dəyişməsinə səbəb olur.Təsdiqlənməmiş azalmalar adı ilə əvəzləşməyə verilən məbləği sərəncamlarla hesabdan silir.Halbuki özü o azalmaları təsdiq etməlidir.Müraciətlərə demək olar ki baxılmır.Süründürməçilik ən yüksək həddədir. Bir sözlə, vergi sistemində xaosdur !

T.Q. 2019-04-17 12:45:45

Hörmətli Cəlal bəy! Siz bu mövzu ilə lap yaralı yerimizə toxunduz. Bu ilin Vergi Məcəlləsi lap çin əlifbasına oxşayır. O qədər qəliz qarışıqdıki, ondan yalnız onu yazan baş aça bilir...

Valeh 2019-04-17 12:45:45

VN də dəbə uyğun olaraq gənc,yaraşıqlı və s əlamətlərə görə seçilən insanlar bu sahədə hec bir təcrübəsi olmadan idarə rəisi,müşavir qoyulur.Məcəlləyə də dəyişiklikləri bunlar verir,amma bunun hansı fəsadlar yaradacığını bilmirlər.Savad+təcrübə=mütəxəssis.Çoxlu kitab oxumaqla что?где?когда?-da nəsə nailiyyət əldə etmək olar.Amma iqtisadi təfəkkür,biznes və idarəçilik təcrübəsi tam fərqli bir şeydir.

Son yazılar