Beynəlxalq Bankın pulları brilyant alverinə yönəldilib?

2015-ci ildə Beynəlxalq Bankla bağlı cinayət işi başlanandan sonra bankdan yüz milyonlarla kredit götürüb, ödənişində problem yaranmış xeyli iş adamları da həbs olundu. Onların arasında Azərbaycan metanol zavodunun rəhbəri Nizami Piriyev də vardı. Amma N.Piriyev heç bir ay saxlanmadan həbsdən buraxıldı. O, həmin ərəfədə verdiyi açıqlamada bildirmişdi ki, həbsdə olduğu müddətdə borcun bir hissəsi ödənilib, qalanının ödənişi barədə də Beynəlxalq Bankla razılıq əldə olunub.

İşadamının özünün krediti ilə yanaşı, oğlu Nəsib Piriyevin də Beynəlxalq Banka 170 milyon manatlıq kredit borcu vardı. Oğul Piriyev buna görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi.

N.Piriyev deyirdi ki, bankdan krediti rəhbərlik etdiyi zavodun tikintisi və fəaliyyəti üçün götürüb. Amma aprelin 15-də Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov və daha 20 nəfərin işi üzrə məhkəmədə bu kreditin hara yönəlməsi ilə bağlı başqa iddialar səslənib.

Təqsirləndirilən şəxslərdən «Azerbaijan Consulting Group» MMC-nin rəhbəri Erxan Cavad deyib ki, Piriyevlərin götürdüyü kreditlər brilyant mağazasına yönəldilmişdi. E.Cavadın sözlərinə görə, həmin mağazanın 50 faizi N.Piriyevin özünün, qalan yarısı da onun anasının adına idi: «İttihamda bəhs olunan məbləğ Nəsib Piriyevin Əfqanıstanda olan şirkətinə, ofşor yolla köçürülüb».

Beynəlxalq Bankın Kredit Komitəsinin üzvü olmuş Şahin Rəsulov deyir ki, düzdür, milyonlarla manatlıq kreditlərin ayrılmasına razılıq sənədlərini imzalayıb. Amma bu məsələdə qərar verən şəxs özü olmayıb, heç Komitənin iclaslarında da iştirak etməyib: «Filial müdiri sənəd göndərirdi ki, onu imzalayım. İstəsəm də, istəməsəm də, imzalayırdım. Bankda vəzifəm əməliyyat şöbəsinin müavini idi, əməkhaqqım isə 2 min 500 manat…».

Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin bir zalında Cahangir Hacıyevgilin işi araşdırıldığı vaxt digər zalında Beynəlxalq Bankla bağlı daha bir hökm oxunub. Rusiyada təsis edilmiş «Рома с компанией А» MMC-nin rəhbəri Rauf Allahverdiyev Beynəlxalq Bankdan 15 milyon kredit götürüb qaytarmadığına görə külli miqdarda mənimsəmədə təqsirli bilinib və 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihamda yazılıb ki, R.Allahverdiyev ad-soyadını dəyişərək, özünü Rail Yusifov kimi təqdim edib. Onun Rusiyada Yelena Akturiçlə əlbir olub, saxta sənədlər hazırladığı iddia olunur. İş materiallarında yazılıb ki, R.Allahverdiyev Rusiyada cinayət törətdiyinə görə bu sənədlər vasitəsilə qaçıb Azərbaycana gəlmək istəyib. Onun Quliyev Həsən Qulu oğlunun adına olan «Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi»ni saxtalaşdırdığı, ancaq «Samur» sərhəd-nəzarət məntəqəsində bu məsələ üzə çıxdığına görə saxlandığı da ittiham aktında yazılıb.

R.Allahverdiyev özünü qismən təqsirli bilib. Deyib ki, Beynəlxalq Bankdan götürdüyü kreditin məbləği şişirdilib. Onun sözlərinə görə, qaytarılmayan kredit 5 milyondan çox deyil, amma ittihamda 15 milyon yazılıb. (Azadlıq Radiosu)

635x100

Şərhlər

AYRİM 2019-04-17 18:17:32

Nahaqdan deməyiblər ki milyonlar səltənətində.Qizil şəhər. 100 manat aln müəllim və ya jurnalistə də 8 il dövlətin 15 milyon manatını mənimsəyənə ə. Yaxşıdi vallah. Axmaq olmuşuq vaxtinda bu işlrə girmədik?...

AYRİM 2019-04-17 18:17:32

Nahaqdan deməyiblər ki milyonlar səltənətində.Qizil şəhər. 100 manat aln müəllim və ya jurnalistə də 8 il dövlətin 15milyon manatını mənimsəyənə ə. Yaxşıdi vallah. Axmaq olmuşuq vaxtinda bu işlrə girmədik?...

Vəkil 2019-04-17 18:17:32

Hazirda da bu bankda veziyyet heç deyişmeyib? FİLYAL mudirleri pulu islediyi yerde firladirlar bir onlarin gelirine baxin birde heyat terzine? Her şey göz önundedir...

Son yazılar