İDARƏCİLİK XAOS NÖQTƏSİNƏ TRANSFER EDİR - Ordu və ideoloji rəhbərliik I şəxsə də barmaq silkələyir

İqtidarın əsas ideoloqu sayılan sima nəzarətində olan KİV vasitəsilə “XII Qızıl Ordu”nu Azərbaycana dəvət edir

İndi hamını bir sual düşündürür - ölkədə nə baş verir? Hakimiyyət Qərbi şantaj edir, Rusiya savaş baltalarını havaya qaldırıb, inauqurasiya prosesi yarımməxfi şəkildə həyata keçirilir, bu günlərdə verilmiş əfv fərmanı Fərhad və Rafiq Əliyevlərdən başqa siyasi məhbuslara şamil olunmur, müxalifətə qarşı ən aşağılayıcı bəyanatlar yeni mərhələyə qədəm basır, Avropa turnesini yekunlaşdırıb vətənə yeni mesajlarla dönən Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli “bu hakimiyyət getməlidir və mütləq gedəcək” bəyanatı verir.

Hakimiyyət dəhlizlərində də bir çaşqınlıq hiss olunmaqdadır. Ölkədə milli və dini zəmində yaşana biləcək qarşıdurmanın müəyyən konturları da cızılmaqdadır. Bütün bu amillər belə bir sualı aktual edir: nə baş verir? Bu proseslər nə ilə yekunlaşa biləcək? Ölkənin axırı necə olacaq?

Ölkədə tamamilə fərqli situasiya yaranıb. Dünya eyni şəxsin üçüncü prezidentliyi və bunun doğura biləcəyi fəsadları zərərsizləşdirmək istiqamətində addımlar atır.

Qərb və Rusiya ilə yaşananlar fonunda birincinin və ikincinin “nüfuz generalları” “açıq kartla” oynamağa başlayırlar. Bunların fonunda NATO-nun əsas dayağı rolunu oynayan Milli Ordunun rəhbəri anti-ABŞ bəyanatları verir, iqtidarın əsas ideoloqu sayılan digər sima isə nəzarətində olan KİV vasitəsilə dolayısı ilə də olsa “XII Qızıl Ordu”nu Azərbaycana dəvət edir.

Bunların fonunda inauqurasiya ilə əlaqədar, konstitusiyaya əsasən hökumət istefaya gedir və yeni formalaşacaq kabinetdə kimlərin olmayacağı da sual doğurur. Ordu və ideoloji rəhbərliyin rus milli geyimini həvəslə geyinməsi və Qərblə yanaşı öz siyasi rəhbərliklərinə də barmaq silkələməsi rəngləri daha da tündləşdirir.

Bu arada Cəmil Həsənlinin timsalında müxalifət yanlışlığın bir addımından qayıdır və Fəvvarələr bağına salına biləcək razılaşdırılmamış aksiyanı 27 oktyabra qədər təxirə salır.

Baş verənlər fonunda aydın şəkildə özünü büruzə verən yalnız odur ki, hakimiyyət narahatdır, tələsir, yarım məxfi inauqurasiya ilə artıq özünün seçildiyini nümayiş etdirərək, dünyanı fakt qarşısında qoymaq istəyir.

Müxalifət yaranmış vəziyyətdə iqtidara daha dəqiq zərbələr endirmək niyyətindədir. Baş verənlər öncələr də ehtimal etdiyimiz kimi, iqtidarın legitimlik statusuna və beynəlxalq imicinə ağır zərbələr vurmağa yönəlib.

NATO və Qərb arasında vurnuxan Azərbaycan iqtidarının manevr limiti də tükənmək üzrədir. Bütün bunlar proseslərin elə də uzun çəkməyəcəyi barədə ehtimal irəli sürməyə əsas verir.

Proqnozlaşdırıla bilinməyən isə odur ki, hansı radikal və marginal qruplar proseslərə necə və nə zaman təkan verəcəklər? Prinsip etibarilə, proseslər idarə olunmaz məcraya yönələ bilməkdədir.

Bu sətirlərin müəllifi 19.10.2011-ci ildə Azadlıq Radiosunun saytındakı “Azərbaycanda növbəti prezident kim olacaq?” yazısında göstərmişdi ki, seçkidən zəiflədilmiş vəziyyətdə çıxan dövlət başçısının kadr islahatlarına getməkdən başqa yolu qalmayacaq, lakin bu, xalqın dəstəyini qazanmağa yetərli olmaya bilər. Məqalənin qırmızı xətti isə ondan ibarət idi ki, Azərbaycanın növbəti prezidenti istənilən halda “cənab xaos” ola bilər.

Ən qorxulu ehtimallar doğrulmaqdadır. İdarəçilik xaos nöqtəsinə transfer edir. Belə vəziyyətdə isə siyasi münasibətləri zəka deyil, silah həll edə bilər.

Bu baxımdan, professor Cəmil Həsənlinin missiyası xilasedici kəmər rolunu oynaya bilər.

Milli Şura sədrinin yeni siyasi situasiyaya rəhbərlik etməsi yeni siyasi müstəviyə ehtiyac yaradır. Radikal və mötədil qrupların hazırkı mərhələdə yalnız Cəmil Həsənli fenomeni ətrafında birləşməsi də mümkündür. Bu isə yeni xalq hərəkatı və ya ona bənzər bir təşkilatın yaradılmasını zəruri edir.

Sanksiyalaşdırılmamış etiraz aksiyaları yeni həbslər dalğasına səbəb ola və müqavimət hərəkatını zəiflədə bilər. İcazəli mitinqlər də uzun müddət davam edə bilməz. Bu, əvvəl-axır elektorat üçün bezdirici olur və aksiyanın say tərkibinə təsirsiz ötüşmür. Bütün bunlar zaman-zaman yaşanıb. Odur ki, yeni instisional metodlardan istifadəyə üstünlük vermək lazım gəlir.

“Konkret hansı metodlardan istifadə edilməlidir” sualı isə heç cür mətbuatda müzakirə edilə bilməz...

Azər RƏŞİDOĞLU(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar