“QLADİATOR DÖYÜŞÜ” POROŞENKONU XİLAS ETMƏDİ – Debat onun istədiyi effekti verməyib

Ukraynanın növbəti prezidentinin şoumen Vladimir Zelenski olacağına demək olar ki, heç bir şübhə qalmır. Bunu artıq xeyli müddətdir Pyotr Poroşenko ilə Vladimir Zelenski arasında keçirilməsi gözlənilən və nəhayət, baş tutan debatın nəticələri də təsdiqləyir.

Prezident Poroşenko uzun müddət idi ki, Zelenskini “qladiator döyüşünə” çağırırdı və ümid edirdi ki, həmin döyüşdə rəqibini asanlıqla məğlub edəcək və seçkinin birinci turundan sonra yaranmış səs fərqini aradan qaldıracaq, vəziyyəti öz xeyrinə dəyişəcək. Lakin “Olimpiya” stadionunda aprelin 19-da baş tutan debat prezidentin öz istəyinə nail ola bilmədiyini ortaya qoydu.

Ümumilikdə bu debat Poroşenkonun daha təcrübəli natiq və dövlət adamı olduğunu təsdiqləsə də, Zelenskinin ona ünvanladığı suallar hazırkı prezidentin hansı cavabı verməsindən asılı olmayaraq, çətin durumda olduğunu göstərdi. Bunun səbəbi isə doğrudan da Poroşenkonun öz hakimiyyəti dövründə ciddi səhvlərə yol verməsi və əhalinin gözləntilərini doğrultmamasıdır. Buna görə də Zelenskinin debat zamanı Poroşenkoya ilk ittihamlarından biri o olub ki, insanlar 5 il bundan öncə hazırkı prezidentə yaxşı natiq, mütəxəssis, maliyyəçi gözü ilə baxaraq, səs veriblər. Ancaq seçkidən sonra qarşılarında bunun tam əksini görüblər.

Debat zamanı Zelenski Poroşenkonun səhvlərini sadalayaraq, ağrılı nöqtələri vuran suallar verib. Və məhz bu səhvləri nəzərdə tutaraq, Poroşenkoya “mən siyasətçi deyiləm, mən sizin səhvlərinizin nəticəsiyəm" deyib. Zelenski xatırladıb ki, yalnız bir prezidentlik müddəti üçün seçilmək niyyətindədir və ikinci prezidentlik dönəminə getməyəcək. Konkret suallara gəldikdə isə, Zelenski soruşub ki, 24 hərbçini Kerç boğazına necə göndərmək olardı, niyə qanunsuz varlanmaqla bağlı qanun təxirə salındı, niyə deputatların toxunulmazlığı götürülməyib, doğrudanmı “Roşen” konfetləri Donbasdakı silahlıların “payoklarına” daxildir və sair. Həmçinin, Zelenski prezidenti onun ətrafının varlanmasında, əhalinin isə kasıblaşmasında, eləcə də Donbasdakı müharibəni başlayıb, heç cür başa çatdıra bilməməkdə günahlandırıb.

“Siz Ukraynanı fahişə kimi göstərməyə çalışırdınız...”

Poroşenko isə Zelenskini siyasi təcrübəsizlikdə və İqor Kolomoyski başda olmaqla, oliqarxların alətinə çevrilməkdə ittiham edib. Prezident, həmçinin, Zelenskinin hərbi xidmətdə olmadığını və ümumiyyətlə, beləsinin ali baş komandan vəzifəsini daşımasının ölkə üçün təhlükə olacağını söyləyib. Poroşenko Zelenskinin öz teleşoularında Ukrayna xalqını təhqir etdiyini də xatırladıb: “Siz Ukraynanı fahişə kimi göstərməyə çalışırdınız...”

Zelenskinin təcrübəsizliyini qabardan Poroşenko seçicilərə üzünü tutaraq, “siz pilotun idarəetməni öyrənmək üçün mindiyi bir təyyarəyə minərsinizmi” deyə soruşub. Prezident bir daha Zelenskinin zəif şəxsiyyət olduğunu önə çəkərək, onun Vladimir Putinin qarşısında tab gətirməyəcəyini bildirib: “Bu zəif (Zelenskini nəzərdə tutur-red.) Putinin zərbələrinin qarşısını ala bilməyəcək”.

Poroşenko Zelenskinin debatlardan qaçmasını da xatırladaraq, onun gələcək prezidentliyi ilə bağlı heç bir ciddi planının olmadığını önə çəkib. Zelenski Poroşenkonun “5 ildən sonra Ukraynanı necə görürsünüz” sualına isə cavab verməkdən boyun qaçırıb.

Lakin bütün bunlara baxmayaraq, yerli təhlilçilər birmənalı olaraq, Poroşenkonun debatı böyük üstünlüklə qaqzandığını, yaxud Zelenskinin məğlub olduğunu deməyin düzgün olmadığını bildirirlər. Əksinə, onlar hesab edirlər ki, prezident debatda daha təcrübəli və məntiqli görünsə də, Zelenski ilə arasındakı fərqi qapadacaq nəticəyə nail ola bilmədi. Və bu debat artıq Zelenskinin prezidentliyinə heç bir maneə qalmadığını təsdiqləmiş oldu.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu sabah keçiriləcək.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar