Hakim “Gelandewagen”lə iki nəfəri öldürən məmur oğluna xəbərdarlıq etdi

“Gelandewagen”lə iki nəfəri öldürən məmur oğlunun məhkəməsi təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilməli idi.

Lakin hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, təqsirləndirilən şəxsin vəkillərindən olan İsmayıl Mirzəzadə digər vəkil Samir İsayevin başqa bir işlə bağlı ezamiyyətdə olduğunu əsas gətirərək məhkəmənin təxirə salınmasını istəyib.

Hakim isə təqsirləndirilən şəxsin ifadə verməli olduğunu bildirib. Məmur oğlu Xalid Mədətov indi ifadə vermək istəmədiyini bildirib.

Hakim Əlövsət Abbasov təqsirləndirilən şəxsə və vəkillərə son xəbərdarlığını edib. Hakim bildirib ki, növbəti dəfə məhkəmə prosesi təxirə salınmayacaq: “Əgər vəkillər olaraq qanunlarla işləyirsinizsə, qanunlara əməl edin. Vəkil məhkəmə prosesində iştirak etməlidir. Bu, son xəbərdarlığımdır”.

Hakim ifadə vermək istəməyən Xalid Mədətova isə irad tutub: “İfadə vermək istəmirsənsə, de ifadə vermək istəmirəm. Gah deyirsən hazır deyiləm, gah deyirsən xəstəyəm, gah da vəkilin gəlmir”.

Məhkəmə sentyabrın 1-nə təxirə salınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar