İCRA BAŞÇIŞININ BÖYÜK BİZNESİ - Qızıl balıq, maral fermaları, taxıl sahələri...

Alimpaşa Məmmədovun “Azərforel” fermasına görə kəndlər Dəryaçayın xəstəlik saçan çirkli suyunu içməyə məhkum olub

İcra başçının MTN-dən işdən çıxarılan oğlu atasının biznesinin başına keçib və...

Şəmkirdə olarkən apardığımız araşdırmalar zamanı artıq o yerə gəlib çıxdıq ki, şəhərdə “zibilin içində” olan təkcə prokurorluq əməkdaşlarının həbs etdiyi keçmiş “JEK” rəisi Teymur Hacıyev deyilmiş. Sən demə, icra başçısı Alimpaşa Məmmədovun əməllərinin yanında T.Hacıyev “toya getməli” imiş.

Həmsöhbət olduğumuz sakinlər bizə elə faktlar açıqladılar ki, Şəmkirin bu günə düşməsinin səbəbi, “cümlə xəyanətlərə bais” şəxsin kimliyi aydın oldu - icra başçısı...

“Yeni Müsavat”a danışan sakinlərin sözlərinə görə, icra başçısını kabinetində tapmaq olmur. Onlar iddia edirlər ki, Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçir.

Şəmkirlilər deyirlər ki, icra başçısının forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurur.

Çünki balıq təsərrüfatının ucbatından Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olur. Elə biz də bu məqsədlə Seyfəliyə yollanıb A.Məmmədovun balıq biznesini araşdırmağa qərar verdik.

Kənddə olarkən öyrəndik ki, Dəryaçay ətrafındakı yaşayış massivlərində uşaqdan böyüyə hər kəs icra başçısının “Azərforel” ferması haqda məlumatlıdır.  Kimdən soruşursan, deyir ki, “hə, müəllimin ferması o tərəfdədir”. Amma başçı özünün fermasına asfalt yol çəkdirib, yola şlaqbaum qoydurub.

Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarını özünün balıqçılıq fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəslənir.

“Azforel” balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfəli və digər kəndlərə çatır.

Sakinlər balıq tullantıları və kimyəvi qarışıqlı su içmək məcburiyyətində qalırlar. Həmin kəndlərin sakinlərinin etirazlarını da Alimpaşa Məmmədov eşitmir. Seyfəli kənd sakinləri deyirlər ki, icra başçısı rəsmən onları zəhərləməklə məşğuldur: “Bir neçə dəfə icra nümayəndəsinə demişik, başçıya məktub yazmışıq, bizi sayan olmayıb. Kimin nəyinə lazımdır? Fikirləşirlər ki, cəhənnəmə camaat zəhərli su içsin, əsas Alimpaşa müəllimin balıqdan qazancıdır. Gözləyirlər ki, uşaqlarımız bu sudan bir gün xəstəlik tapsın, kimsə zəhərlənsin, ya dəri-zöhrəvi xəstəliyi yayılsın, onda əncam çəksinlər. Axı bizim başqa içməli su mənbəyimiz yoxdur. Niyə bunu nəzərə almırlar?”

Kənd camaatı danışır ki, yolu bağlayıb etiraz etmək, problemi prezidentə çatdırmaq istəyirlər. Onlar sabiq başçı Nazim Veyisova şükür edirlər.  Onun dövründə belə özbaşınalıqlar olmayıb, əhalinin dərd-səri dinlənilib. A.Məmmədov isə sakinləri yaxına buraxmır.

“Alimpaşa müəllimi kabinetində, icra hakimiyyətində tapmaq qəliz məsələdir. Onu ya Seyfəli kəndinin kənarındakı Dəryaçayda özünün ”Azərforel" adlandırdığı balıqçılıq təsərrüfatında görərsən, orada da olmursa, Şəmkirdən Gədəbəyə gedən yolun üstündə, Qaraboyludakı maralçılıq fermasında taparsan. Bilmirik ki, onu Şəmkirə icra başçısı təyin ediblər, yoxsa baş fermer...", - deyə sakinlərdən biri şikayətlənir.

Onun sözlərinə görə, ferma formal olaraq başçının oğlu Adil Məmmədovun adınadır: “Bunu Şəmkirdə bilməyən yoxdur. Alimpaşa Məmmədov Şəmkirə başçı gələndən sonra burada özünə nəhəng biznes qurdu, mal-mülk yaratdı. Onun oğlu həmin günlərdə MTN-də işləyirdi, indi işdən çıxıb, gəlib oturub Şəmkirdə, fermaya nəzarət edir. Danışanda da deyir ki, oğlum biznesmendir. Özününsə günü elə Dəryaçayda keçir”.

Sakinlər onu da bildirirlər ki, Şəmkir şefi təkcə qızıl balıq biznesi ilə qane olmur. Deyildiyi kimi, Qaraboyluda maral ferması da var. Bu təsərrüfat, deyilənə görə, 5 ilə əvvəl yaradılıb, artıq 70 maral saxlayır. 

İddialara görə, maral fermasının saxlanılmasına idarə və təşkilatlardan, bələdiyyələrdən xərac toplanıb. Bu vəsaitlər hesabına Şəmkir paşasının maralları yemdən yeyib kökəlir, balalayır, artır. Beləcə maral sürüsü əmələ gəlir.

Sakinlər deyirlər ki, dərd bir deyil, beş deyil, hansını söyləyəsən... Belə ki, Şəmkir kimi heyvandarlıq imkanları olan bir bölgədə örüş sahələri yoxa çıxıb. Camaat danışır ki, sovet dövründə Şəmkirin Ceyrançöl ərazisində geniş örüş sahələri olub. İndi örüş sahələri qalmayıb. Çünki icra başçısı bu torpaqlara da əl qoyub.

Sakinlər iddia edirlər ki, A.Məmmədov forel və maral fermaları ilə məhdudlaşmayıb, Ceyrançöldəki örüş sahələrini özəlləşdirib, dövlətdən kənd təsərrüfatının inkişafı üçün subsidiyalar alıb, taxıl əkdirir. Hərçənd ki, yararsız torpaq olan bu ərazilər örüş üçün nəzərdə tutulub, ona görə taxıl heç düz-əməlli yetişmir.

İntəhası, A.Məmmədov dövlətin pulunu subsidiya şəklində alaraq taxıl biznesində batırır. Əvəzində isə əsl əkin-biçin sahələri su üzünə həsrət qalıb. Sakinlər şikayətlənirlər ki, örüş sahələri fermerlərə qaytarılmalıdır.

“Ceyrançöldə mal-heyvan otarmağa yer tapmırıq. Paşamız imkan vermir ki, heyvanları gətirək. Axı bu torpaqlar taxıl əkmək üçün deyil. Bunu izah edən yoxdur, bizim sözümüzü də eşitmirlər”, - deyə fermerlər gileylənirlər.

Fermerlərin örüş sahəsi, Seyfəli kəndinin içməli su problemi kimi Şəmkirin mərkəzinin də təmizlik dərdi bitmək bilmir. Ötən reportajda şəhərin başdan-başa zibillik içində “üzdüyünü” yazmışdıq. Həmçinin mərkəzi küçələrin bu günə düşməsinin əsl səbəbinə toxunmuşduq.

Məlum olmuşdu ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Teymur Hacıyevin fəhlələrin maaş kartını mənimsəməsi, “ölü can”lar saxlaması ucbatından küçələrdə antisanitariyadır.

Prokurorluğun, keçirdiyi əməliyyat zamanı saxlanıb, sonra azad edilən T.Hacıyev işdən çıxarılıb.

Əldə etdiyimiz xəbərə görə, keçmiş "JEK" müdiri ötən reportajımızı oxuyub və çevrəsində qeyri-rəsmi şəkildə bildirib ki, onu heç kəs həbs edə bilməz: “Bunun üçün gərək icra başçısını da tutsunlar.  Mən bilirəm kimin yanında nə demək lazımdır...”

A.Məmmədovun isə onun yerinə təzə təyin etdiyi rəis Pərviz İbrahimovdur. Sakinlər deyirlər ki, P.İbrahimovun bu sahədən anlayışı yoxdur və hələ də küçələr zibillik içindədir... (Yeni Müsavat)

635x100

Şərhlər

dövlətini sevən 2019-04-23 10:06:33

Şəkinin icra başçısı haqda ŞOK FAKT Bir müddət əvvəl 5 milyonluq malikanəsi ilə gündəmə gələn Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovla bağlı yeni məlumatlar yayılıb. Dia.az-ın məlumatına görə, "Kanal 13″-ün yayımladığı videosüjetdə icra başçısının 5 villasının olduğu, sahibkarlardan abadlıq işi adı altında pul yığdığı iddia edilib. Bundan əlavə icra başçısının Şəkidə çörək biznesini inhisara aldığı qeyd olunub. Həmin videosüjeti və villaların fotolorını təqdim edirik:

Kamran 2019-04-23 10:06:33

Hörmətli Yeni Musavat Alimpaşa müəllimin varidatı Azneftkimyamaş və onun tabəliyində olan z-d rəhbərlərinin varidatı yanında =0=(sıfır)səviyyədədir.Yaxşı olardı ki,Azneftkimyamaşı və onun nəzdində olan z-dların,əlalxüsus Səbayıl Maşınqayırma z-dunun bahalı əmlak və avadanlıqlarının qanunsuz satılaraq z-dun və Azneftkimyamaşın iflic vəziyyətinə salınaraq mıhv olunmasını araşdırardınız.Azneftkimyamaşın kollektivi hər naman sizlərə və Prokuror orqanlarına kömək etməyə hazırdır.Rəhbərliyin milyardları var.

t.ədalətə 2019-04-23 10:06:33

Lap tutalım ki oldu yoxlama və gördülər ki bürcə pulunu basıb yeyib ,rayonda nə var sa özəlləşdirib. 10 dənə villası var. Dubayda,Paris də, londonda qəsr alıb və bir neçə milyonluq firması var HƏ NƏ OLSUN? Bizim olkədə görmüsən ki buna görə kiminsə kefinə dəysinlər? ƏSLA ola bilməz. Əgər 50 manat oğramış olsa idi onda 5000 rüşvət istəyəcəkdirlər onunda 5000yoxdur deyə 5 il verəcəklər

Baltazar 2019-04-23 10:06:33

Bu dumbulcalan choban rehmetlik zurnachalan Xaniwdan da yeke pazdir. Wemkirde her bir icra numayendesi ve belediyye sedri marallara yem pulu olaraq en azi ayliq 1000-1500 manat haqq odeyirler. Bir insanin ki ne alimliyi ola ne de pawaligi. Heyf senden gozel Wemkirim. Gor ne gune qaldin ki Fazilin dumbulchalani awkarcasina meydan sulayir.

t.ədalət 2019-04-23 10:06:33

Belə özbaşınalıqlar göstərir ki, hərə bir dərənin bəyidir.Bakıda 162 saylı məktəbin direktoru sevinc abbasova kimi,Şəmkirdə də İH başçısı Aləmpaşa müəllim,sanki vəzifələri ömürlük satın alıblar və yoxlama-filan saymırlar.Elə başqa vəzifəlilər də onlar kimi..

ŞAKİR QƏRİBOV 2019-04-23 10:06:33

AZƏRBAYCANDA ŞƏXSİ TƏSƏRRÜFTLARI,BİR NEÇƏ VİLLALARI OLMAYAN İCRA BAŞÇSI VAR? BUNLARIN HAMISI İŞİ BURAXIB BİZNESLƏ,MƏNİMSƏMƏ.BÜDCƏ YEYİNTİSİ, RÜŞVƏTLƏ MƏŞĞULDURLAR.əN PİSİ İSƏ ODUR Kİ, BİR RAYONU SOYDUQDAN SONRA HANSI YLLA İSƏ DİGƏR RAYONA EYNİ ƏMƏLLƏRİNİ DAVAM ETMƏYƏ GÖNDƏRİLİRLƏR. ONA GÖRƏ RAYONLARRDA HEYDƏR PAKLARI ƏTRAFINDAN BAŞQA HƏR YER VİRANƏYƏ DÖNÜB.BUNA İSƏ DİQQƏT EDƏN TAPILMIR.

Son yazılar