Rus jurnalistdən şok etiraf

Maksim Şevçenko: «Biryulevo hadisələrini ermənilər təşkil edib»

 

“Biryulevoda qafqazlılara qarşı hücumları ermənilər təşkil edib”. Bu şok bəyanatla ORT kanalının aparıcısı, məşhur telejurnalist Maksim Şevçenko çıxış edib.

“Əlimdə təsdiqlənmiş faktlar var”

“Exo Moskvı” radiosunda yayımlanan “Osoboe mneniye” proqramının qonağı olan Maksim Şevçenko bununla bağlı təsdiqlənmiş faktlara malik olduğunu bəyan edib: “Bu barədə mənə aksiyanı təşkil edən ”Ruslar" Hərəkatının lideri Dmitri Demuşkin dedi. Doğru olub-olmadığını onun özündən soruşa bilərsiniz. O və rus millətçilərinin liderlərindən Belov dedilər ki, Yeqor Şerbakovun qətlindən sonra yalnız aksiya keçirmək istəyiblər, bazarlara və ticarət mərkəzlərinə basqın etmək fikirləri olmayıb. Qəflətən bəzi şəxslər peyda olub və aksiya iştirakçılarını qafqazlılara hücum etməyə təhrik ediblər".

Hər şey xüsusi xidmət orqanlarının nəzarəti altında olur"

Aparıcı Olqa Juravlyovanın suallarını cavablandıran Maksim Şevçenko bildirib ki, qəfildən aksiya iştirakçılarının içərisində futbol klublarının azarkeşləri peyda olub: “Bütün azarkeş klubları Daxili Işlər Nazirliyi, xüsusi xidmət orqanları ilə əlbir işləyir. Bunun əksini iddia edənlər bu işdən zərrə qədər anlamırlar. Hər şey xüsusi xidmət orqanlarının nəzarəti altında olur. Xüsusən də Daxili Işlər Nazirliyinin. Həmin azarkeşlər kütlənin işərisində qaçmağa, qışqırmağa, söyüş söyməyə başlayıblar. Bu zaman təxribatçılar peyda olub. Demuşkin mənə dedi ki, həmin şəxslərdən birini tanıyıblar. Milliyyətcə ermənidir. Daxili işlər naziri başına maska keçirərək Manejdə keçirilən aksiyaya gəlmişdi. Həmin erməni o zaman nazirin yanında idi. Soyadını xatırlamıram, amma erməni olduğu dəqiqdir”.

“Qaraları döyün, bazanı talan edin!”

Maksim Şevçenko aksiya iştirkaçılarını qafqazlıların çalışdığı bazarları talan etməyə yönəldən digər şəxsin də müəyyənləşdiyini deyib. Həmin şəxsin bir zamanlar istintaqda rus millətçilərinin əleyhinə ifadə verdiyi bildirilir: “Həmin şəxs hamıdan bərk bağırırdı - qaraları döyün, bazanı talan edin! O Daxili Işlər Nazirliyinin ştatlı xəbərçisidir”.

Maksim Şevçenko bütün bunları əsas götürərək Biryulevo hadisələrinin, Orxan Zeynalovla bağlı məsələnin əvvəlcədən güc strukturları tərəfindən planlaşdırıldığını iddia edib(APA). Maraqlıdır ki, Rusiya mediası Şevçenkonun bu açıqlamalarına dərhal etiraz edib. Yerli mətbuatda jurnalistin bəyanatının Moskvada millətlərarası münaqişəyə gətirib çıxaracağı və bunun faciəvi nəticələrinin olacağı barədə yazılar dərc olunmağa başlayıb.

Rusiyada azərbaycanlılara qarşı diskriminasiyaya etiraz edən Bakı sakini isə öz narazılığını fərqli formada bildirib. Yaşlı bir vətəndaş Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında ayaqqabısını soyunaraq səfirliyə tullayıb. Polislər həmin şəxsi ərazidən uzaqlaşdırıblar.

Rusiyalı nazir hücumçulara haqq qazandırıb

Rusiyanın daxili işlər naziri Vladimir Kolokolçev Yeqor Şerbakovun qətlindən sonra bir qrup şəxsin etiraz aksiyası keçirməsi və Biryulevoda meyvə-tərəvəz bazasına hücum etməsinə haqq qazandırıb. Kolokolçev deyib ki, ictimai asayiş və stabilliklə bağlı öz mövqeyini aktiv şəkildə ortaya qoyan vətəndaşları dəstəkləyir. Lakin o bildirib ki, bütün bu proseslər qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Daxili işlər naziri Biryulevoda vəziyyətin polislərin adekvat addımları nəticəsində stabilləşdiyini deyib. O, Yeqor Şerbakovun qatilinin tapılmasının ictimai sifariş olduğunu və bu sifarişin yerinə yetirilməsi üçün polislərin gecə-gündüz çalışdığını vurğulayıb. Vladimir Kolokolçev Orxan Zeynalovun saxlanması zamanı yol verilən qanunsuzluqlara münasibət bildirməyib.

Rusiya hökumətindən şok təklif

Rusiyaya gələn miqrantların əksəriyyəti qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olurlar, buna görə onlar ölkə sərhədini keçərkən xüsusi rüsum ödəməlidir. Bu təkliflə Moskva meri Sergey Sobyanin çıxış edib. O bildirib ki, Rusiyada sahibkarlara miqrantlarla işləmək daha sərfəlidir: “Birincisi, onlara daha az əmək haqqı ödənir, ikincisi, əmək miqrantlarına heç bir sığorta və vergi ödənişi edilmir. Elə etmək lazımdır ki, sahibkar Rusiya vətəndaşını işə götürməkdə daha maraqlı olsun. Bu səbəbdən ölkəyə işləməyə gələn miqrantlardan sığorta və vergi ödənişləri şəklində əvvəlcədən müəyyən məbləğdə məcburi rüsum alınmalıdır”. Sergey Sobyanin bildirib ki, miqrantların çalışdığı bazarların və topdansatış meyvə-tərəvəz bazalarının bağlanacağı təqdirdə məhsulların qiymətlərinin bahalaşacağı barədə fikirlərlə razı deyil. O bu cür fikirləri spekulyasiya adlandırıb.

Moskvada saxlanılan azərbaycanlılar sərbəst buraxılıb

Bir neçə gün öncə Moskvada saxlanılan 50 nəfərə yaxın Azərbaycan vətəndaşı sərbəst buraxılıb. APA-nın verdiyi xəbərə görə, həmyerlilərimiz paytaxtın Oçakovo-Matveyevski rayonunun Polis Idarəsinə aparılıblar, müxtəlif cinayətlərdə iştirakı, qeydiyyat sənədlərinin yerində olub-olmadığı yoxlanıldıqdan sonra sərbəst buraxılıblar. Rusiya hüquq-mühafizə orqanlarının son günlər miqrantlara qarşı keçirdiyi reydlərə gəlincə, ilk günlərlə müqayisədə azalma müşahidə olunsa da, reydlər davam edir: “Rusiya rəsmilərini çıxışlarından sezmək olur ki, proses hələ bir müddət davam edəcək”. Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” topdansatış bazasının icarədarlarına məhsullarını oradan çıxarmağa şərait də yaradılıb. Lakin problem çıxarılan məhsulların yerləşdirilməsi üçün yeni bazaların olmamasıdır. Eyni zamanda, “Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub. Işsiz qalan həmyerlilərimiz artıq Azərbaycana üz tutub: “Azərbaycanın Rusiyadakı səfirliyindən verilən xəbərə görə, hal-hazırda Azərbaycandan Rusiyaya miqrant axını əvvəlki illərlə müqayisədə azalıb. Hazırda Rusiyadan Azərbaycana qayıdanların sayı çoxalmaqdadır. Yəni, bir vaxtlar Rusiyaya gələn miqrantlar hazırda geri qayıdırlar”.

Ikinci nota verilibmi?

Oktyabrın 19-da Azərbaycan tərəfinin Rusiya hökumətinə ikinci dəfə nota göndərdiyi ilə bağlı xəbər yayıldı. Azərbaycanın Rusiyadakı səfirliyindən bildirildi ki, Azərbaycan diplomatları hələ də Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə bilməyiblər. Bu səbəbdən Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Xarici Işlər Nazirliyinə O.Zeynalovla görüşə şərait yaradılması ilə bağlı təkrar nota göndərib. Bundan başqa, Rusiya Istintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlanıb. Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə elə həmin gün xəbəri təkzib edərək bildirmişdi ki, Azərbaycan tərəfi Rusiyaya ikinci dəfə nota göndərməyib. Sadəcə olaraq Rusiya hökumətindən diplomatlarımızın Orxan Zeynalovla təcili görüşünün təmin edilməsi istənilib. Lakin Rusiya mətbuatı dünənki xəbərlərində Azərbaycan tərəfinin Rusiyaya ikinci notanı da göndərdiyini yazıb. Və bu notanın azərbaycanlı diplomatların Orxan Zeynalovla görüşə bilməməsi ilə əlaqəli olduğu bildirilib. Rusiya KIV-ləri məsələ ilə bağlı Rusiya Xarici işlər naziri Aleksandr Lukaşeviçin də fikirlərinə yer ayırıblar. Rusiyalı nazir Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun baş verənlərlə bağlı qiymətləndirməsinə etiraz edib. O bildirib ki, səfirin baş verən olayların Rusiyada məqsədli şəkildə anti-Azərbaycan isteriyasının yayılmasına xidmət etdiyi ilə bağlı fikirlərinin heç bir əsası yoxdur.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar