Rusiya Kim Çen Inı qarşılamağa hazırlaşır - Zirehli qatar, iki təyyarə...

“AzPolitika.info” xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri ölkənin uzaq Şərqində əsl ajiotaja səbəb olub. Artıq Koreya liderinin Vladimir Putinlə aprelin 24-də Vladivostok şəhərində görüşəcəyi dəqiqləşsə də, bu görüşün konkret olaraq, hansı məkanda keçiriləcəyinə dair heç bir rəsmi açıqlama verilmir.

Bununla yanaşı, Rusiya mətbuatı iddia edir ki, rəsmi məlumat verilməsə də, iki ölkə lideri arasında görüş Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin idman zalında baş tutacaq. Belə ki, artıq universitet ərazisinə giriş-çıxış məhdudlaşdırılıb.

Həmçinin məlum olub ki, regionda olduqca yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülür. Vladivostokun dəniz limanına gəmilərin giriş-çıxışından tutmuş, dəmir yol nəqliyyatının hərəkətinə qədər bir çox məhdudiyyətlərin tətbiq olunduğu bildirilir. Belə məlum olur ki, Kim Çen In Vladivostoka təyyarə ilə deyil, zirehli qatarla gələcək.

Ancaq o yola çıxmazdan qabaq artıq Vladivostokun hava limanına Şimali Koreyadan təşrif buyuran iki təyyarə eniş edib. Şəhərə gələn nümayəndə heyətinə isə Koreya liderinin bacısı Kim Yo Çjon başçılıq edir. Rusiya mətbuatının yazdığına görə, xanım Çjon qardaşının Putinlə görüşünə hazırlıq işlərinə şəxsən rəhbərlik edəcək.

Şimali Koreyadan gələn nümayəndə heyətinin üzvləri hava limanındakı jurnalistlərin bütün səylərinə baxmayaraq, heç bir suala cavab verməyiblər. Maraqlıdır ki, hava limanından ayrılan koreyalılar təyinat nöqtəsinə heç bir fərqlənmə nişanı olmayan adi taksilərdə və özəl avtomobillərdə yollanıblar.

Bundan başqa, jurnalistlər görüşün keçiriləcəyi universitetin qarşısında iki qara rəngli limuzin müşahidə ediblər ki, onların da Şimali Koreyadan gətirildiyi güman olunur. Qeyd edilir ki, Kim Çen Inın zirehli qatarı aprelin 24-ü səhər saatlarında Rusiya ərazisinə daxil olacaq. Səfərin iki gün çəkəcəyi gözlənildiyi üçün qatarların qrafikində dəyişikliklər edilib ki, bu da yerli əhaliyə narahatlıq yaradıb. Bu səbəbdən vilayət administrasiyası əhaliyə rəsmi müraciətində müvəqqəti çətinliyə görə üzrxahlıq edərək, insanları səbrli olmağa çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar