“Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir” - Müdafiə nazirinin müavini

Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin “Report”un Rusiya bürosuna müsahibəsi.

- Bu gün VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan nümayəndə heyəti də iştirak edir. Azərbaycan bu tədbirə qatılmaqla nə əldə edir?

- Azərbaycan sülh və təhlükəsizliyə hər zaman töhfə vermiş və bu gün də töhfə verməyə davam edən bir ölkədir. Ona görə də Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında işini vacib sayır. Biz tədbir çərçivsində görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yaranmış real vəziyyət haqqında məlumatı iştirakçıların diqqətinə çatdırırıq. Ümumilikdə, regionun təhlükəsizliyini özündə əks etdirən bu problemə ikili standartlarla yanaşan siyasi cəhhdləri pisləyirik.

- Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində hansısa görüşlər keçiribmi?

- Biz artıq iki gündür Rusiyada səfərdəyik. Bu müddət ərzində bir çox görüşlər keçirmişik. Elə konfrans da buna imkan yaradır. Biz tədbir çərçivəsində Belarus, Türkmənistan, Özbəkistan nümayəndə heyətləri ilə görüşlər keçirdik. Gündəmdə duran məsələlər, ikitərəfli münasibətlər, Azərbaycan gerçəklikləri haqqında həmin nümayəndə heyətlərinə məlumatlar verildi. Ölkələrimiz arasında hərbi münasibətlərin inkişafı və əməkdaşlığımızın perspektivləri müzakirə edildi.

- Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilibmi? Ümumiyyətlə, iki ölkə arasında hərbi əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Əlbəttə, Rusiya tərəfi ilə də görüşlər keçirdik. Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi, nazir müavinləri ilə görüşlər baş tutdu və müəyyən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bu gün Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Təbii ki, ilk öncə iki ölkə arasında hərbi texniki əmakdaşlığı qeyd etmək olar. Bu sahədə əməkdaşlığımız hərtərəfli inkişaf edir. İkinci məsələ isə hərbi təhsildir. Bu istiqamətdə də işlərimizi davam etdiririk. Bu da Azərbaycan Respublikası üçün vacib məsələdir.

Azərbaycan Rusiya ilə birgə digər layihələrdə də iştirak edəcək. Bu da döyüş hazırlığına aid olan məsələlərdir. Bura həm də mədəni proqramlar da daxildir. Azərbaycanda Ordu oyunları çərçivəsində keçirilən Dəniz Kuboku, həmçinin Rusiya tərəfindən təşkil edilən müxtəlif hərbi təlimlərdə iştirakdır. Xüsusilə bu il Azərbaycanın “Spasskaya Başniya” Beynəlxalq Hərbi Musiqi Festivalına qatılacağını qeyd etmək istərdim. Bir sözlə, Azərbaycan Respublikası öz maraqlarına uyğun layihələrdə iştirak edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar