Cəmil Həsənli inaqurasiya mərasiminin gizli keçirilməsinin səbəbini açıqladı (VIDEO)

"Dünya birliyi dövlətləri qeyri legitim seçkiyə nümayəndə göndərməkdən imtina ediblər”

Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi, professor Cəmil Həsənlinin mətbuat konfransı keçirilib.

Cəmil Həsənlinin mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev Milli Şuranın vahid namizədinin Avropa səfərlərindən danışıb və qeyd edib ki, professor xaricdə bir sıra mühüm görüşlər keçirib. O. Gülalıyev deyib ki, Cəmil Həsənli bu görüşləri seçkidən öncə nəzərdə tutubmuş. Təşviqat kampaniyasının başlaması ilə Avropa səfəri seçkidən sonraya ertələnib.

Tədbirdə çıxış edən Cəmil Həsənli deyib ki, 9 oktyabrda baş verənlər seçki deyil hakimiyyətin mənimsənilməsi prosesi olub. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası bu prosesdə fəal iştirak edib: “Özünüz gördüynüz ki, nə seçkidən əvvəl, nə də sonra konsitutsiyaya riayət olunmayıb. Azərbaycanda Konsitutsiya məhkəməsinin nəticəni tələm-tələsik müzakirəyə çıxarması tam qanunsuzdur”.

Cəmil Həsənli seçki saxtakarlığı ilə bağlı geniş danışıb: “Biz seçki saxtakarlığı ilə bağlı şikayətimizi oktyabrın 21-də Ali Məhkəməyə təqdim edəcəyik. Konsitutsiya Məhkəməsinin qeyri-qanuni və tələsik qərarından sonra, gizli inaqurasiya mərasimi keçirildi. Prezident Administrasiyası inaqurasiya mərasiminin səssiz və gizli keçirməsini İlham Əliyevin sadə həyat tərzi ilə bağladı. Halbuki, 2003-cü ildə heç də belə deyildi. Reallıq isə başqa şeyi deyir. Dünya birliyi dövlətləri qeyri legitim seçkiyə nümayəndə göndərməkdən imtina ediblər”.

Cəmil Həsənli bildirib ki, Azərbaycanda seçki yox, “karusel” əməliyyatı keçirilib: “Bülletenləri topa-topa seçki qutularına atıblar. Bu faktlar toplanıb. 9 oktyabra qədər Azərbaycanda keçiirlən istər prezident, istərsə də parlament seçkilərində saxtakarlıq gizlicə olurdusa, bu dəfəki seçkidə saxtakarlığı göz görə-görə etdilər”.

Cəmil Həsənli qeyd edib ki, xarici səfəri zamanı Avropa Birliyinin Xarici Siyasət Komissarlığında, Avropa Parlamentinin Xarici Siyasət Komitəsində, eyni zamanda, Avropa Şurasının İnsan Haqları Komissarlığında, Parisdə bir sıra siyasi dairələrlə, mətbuat nümayəndələrilə görüləri olub: “Ondan sonra mən Brüsselə getdim. Oktyabrın 15-16-da Brüsseldə görüşlərimiz oldu. Görüş zamanı Azərbaycandakı seçkilər ətrafında geniş müzakirə aparıldı. Onlar Avropa Parlamentinin 7 nəfərdən ibarət müşahidə missiyasının seçkiyə müsbət rəy verməsindən narahat olublar. Oktyabrın 16-da bu məsələni müzakirəyə çıxardılar. Bir qayda olaraq, Avropa Parlamentinin rəyi həmişə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyilə üst-üstə düşdüyü halda, bu dəfə vəziyyət fərqli oldu. İndi onlar həmin 7 nəfərin necə seçildiyini, hansı yollarla müşahidə missiyasının tərkibinə daxil olduğunu, saxtakarlığı təsdiq olunmuş bir seçkiyə necə demokratik, şəffaf seçki rəyi verdiklərini araşdırırlar. Onlar seçkilərin total şəkildə saxtalaşdırılmasından ciddi şəkildə narahatdılar”.

Cəmil Həsənli qeyd edib ki, Avropa Parlamentində keçirdiyi görüşdə Xarici Siyasət Komitəsinin sədri Elmar Brok artıq bu 7 nəfərlik qrupu formalaşdıran departamentin məsul işçisindən məlumat alıb: “Onlar ətraflı şəkildə bu məsələni müzakirə etməkdə qəti qərarlıdır. Mən bu müzakirələrdən belə başa düşürəm ki, Avropa Parlamentinin rəyini ATƏT-in rəyinə uyğunlaşdıracaqlar. Çünki onların əlində seçki saxtakarlığına dair sübutlar barədə kifayət qədər məlumat var. Ən azı, "AppGate" hadisəsi seçkiyə şəffaf və demokratik don geyindirənlərə nümunə olmalıdır”.

Oktyabrın 17-də Avropa Şurasının İnsan haqları üzrə komissarı Nils Mujniekslə görüşən Cəmil Həsənli bildirib ki, onlar Azərbaycanda insan haqlarının vəziyyəti, o cümlədən siyasi məhbus problemi, toplaşma, ifadə azadlıqlarının məhdudlaşdırılması kimi məsələləri müzakirə ediblər: "Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tutduğu mövqe müzakirə mövzusu oldu. Onlar təəssüf etdilər ki, Avropa Şurası belə bir mövqe tutub. Biz onların nəzərinə çatdırdıq ki, Avropa Şurasının müşahidə missiyası, ümumiyyətlə, bir qurum kimi Azərbaycanda gözdən düşüb, ona etimad yoxdur. "Kürü diplomatiyası", ayrı-ayrı parlamentarilərin hərəkətləri, Azərbaycan hökumətini müdafiə etmək üçün xüsusi canfəşanlıq göstərənlərlə bağlı ətraflı söhbətimiz oldu. Onlar özləri də bildirdilər ki, bu məsələlərdən məlumatlıdılar".

Cəmil Həsənli onu da qeyd edib ki, bütün görüşlərdə Azərbaycanda seçkinin saxtalaşdırıldığını təsdiqləyən sübutlar qarşı tərəfin diqqətinə çatdırılıb.

Cəmil Həsənli qeyd edib ki, növbəti mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Oktyabr 27-də Bakıda seçki saxtakarlığına görə, mitinq keçirmək istəyirlər. O bildirib ki, keçiriləcək mitinqdə özü də iştirak edəcək. Milli Şuranın vahid namizədi qeyd edib ki, 9 oktyabra gedən yol iqtidar və müxalifəti müəyyənləşdirib, saxta müxalifəti ifşa edib: “Azərbaycanda hakimiyəti qəsb etməklə yanaşı, özünə müxalifət də yaratmaq istəyir. Saxta müxalifətin taleyini bütün Azərbaycan xalqı gördü. Milli Şura müxalifətin güc mərkəzidir. Biz millətimizin iradəsi ilə bu prosesə getmişik və onların iradəsi ilə də yolumuza davam edəcəyik, mübarizəmizi gücləndirəcəyik”.

Cəmil Həsənli qeyd edib ki, oktyabrın 24-də Milli Şuranın növbəti sessiyası olacaq: “Seçki prosesi dərin müzakirə olunacaq. Hakimiyyətin seçki saxtakarlığı ilə bağlı beynəlxaq təşkilatlar, dünya dövlətlərinə faktlarla müraciət edəcəyik”.

Cəmil Həsənli qeyd edib ki, bu seçki üsuliu ilə parlament seçkilərinə getmək niyyətində deyillər: “Biz görə-görə bu saxtakarlığa gedə bilmərik. Mərkəzi Seçki Komissiyasının seçki keçirməyə nə siyasi, nə hüquqi, nə də mənəvi haqqı var”.

Amerika səfəri barədə danışan C.Həsənli deyib ki, səfəri zamanı bir çox dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Cəmil Həsənli sonda deyib ki, bu prosesdə yalnız Azərbaycan xalqına arxayndır: “Dəyişikliyi xalq edəcək. Azərbaycan xalqının iradəsi buna imkan verir. Beynəlxaq birlik bu prosesdə yalnız yardımçı və istiqamətverici rol oynaya bilər”.

Rusiyada baş verən hadisələr barədə danışan Cəmil Həsənli qeyd edib ki, məsələyə fərqli prizmadan yanaşmaq lazımdır: “Hanı açdıqları iş yerləri? Niyə bizim vətəndaşlar bir tikə çörək üçün Rusiya və digər xarici ölkələrə pənah gətiriblər? Azca pulu olan biznezmenleri də ölkədə işləməyə qoymurlar. Bütün sahələr üzrə işləyən sahibkarlara divan tutulur, onların ölkədə normal çalışmasına şərait yaradılmır. Bütün sahələri hakimiyyətdəki məmurlarla monopoliyaya alıb. Maşınından tutmuş, mebel. Kartof-soğan biznesinə kimi hamısı harınlamış məmurların əlindədir”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar