Azərbaycan Cüdo Federasiyası bəyanat yayıb

Dərc olunub: 25/04/2019 - 20:09

979a8eba-206a-46e7-be3f-3b1c415dd7e9Azərbaycan Cüdo Federasiyası bəyanat yayıb.

“Report” xəbər verir ki, qurum aprelin 24-26-da 2005-2006-cı il təvəllüdlü 15 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirildiyini vurğulayıb:

“Əsasnamənin tələblərinə görə bu yarışa paytaxt Bakıda, Sumqayıt şəhərində və Naxçıvan Muxtar Respublikası daxil olmaqla respublikanın bütün bölgələrini əhatə edən regionalarda keçirilmiş seçim xarakterli birinciliklərdə müvafiq olaraq ilk 12, 8, (Gəncə 6) və 2 yeri tutmuş idmançılar buraxılır. Cüdoçu Cəfərov Mehdi Mübariz oğlu cari ilin 7-10 mart tarixlərində keçirilmiş Bakı birinciliyində kvota sayılan “12-liy”ə daxil olmadığına görə Azərbaycan birinciliyində iştirak hüququ qazanmayıb. Onun kimi yüzlərlə digər cüdoçu da paytaxt və digər regional seçim yarışlarında uğursuz çıxış edərək Azərbaycan birinciliyində iştirak etmək üçün lisenziya qazana bilməyiblər. Hamı bunu anlayışla qəbul edib, qabardıb problemə çevirməyib. Mehdinin atası Mubariz Cəfərov da cüdoçu olub və hazırda məşqçi işləyir, bu qaydaları da gözəl bilir. Yarışdan qabaq da, sonra da onunla bu barədə dəfələrlə söhbətlər olub və o, bu qaydanın hamı üçün tədbiq olunacağı, heç kimə heç nəyə görə güzəşt olunmayacağı təqdirdə heç bir narazılığının qalmayacağını bildirib”.

Bəyanatda respublika birinciliyinə vəsiqə qazana bilməyən yüzlərlə cüdoçu üçün federasiya tərəfindən daim motivasiyaedici tədbirlər görüldüyü diqqətə çatdırılıb: “Onların yarış təcrübələrinin və idman ustalıqlarının artırılması məqsədilə ilboyu müntəzəm olaraq respublikanın əlamətdar tarixi günlərinə və bayramlara həsr olunmuş müxtəlif klubların, idman məktəblərinin və cəmiyyətlərin birincilikləri keçirilir. Bu, Azərbaycan birinciliyində də respublikanın paytaxt və regionlarından 67 komanda tərkibində bugünkü gündə 446 kiçik yaşlı yeniyetmə (U-15) iştirak edir. Məgər bu qədər yeniyetmə idmançı üçün 3 gün ərzində Bakının ən gözəl, ən böyük və ən müasir idman qurğularından biri olan “Sərhədçi” İdman-Olimpiya Kompleksində keçirilən cüdo bayramı ölkəmizdə uşaq idmanının inkişafına xidmət etmirmi?”

Azərbaycan Cüdo Federasiyasının öz işini Beynəlxalq Cüdo Federasiyasının tədbiq etdiyi qaydalar çərçivəsində qurub: “Bütün ölkədaxili yarışlarımız ən yüksək standartlarda keçirilir, yerli və xarici mütəxəssislər keçirdiyimiz yarışları Avropa Kubokları, Qran-pri və Qran Şlem turnirləri ilə müqayisə edirlər. Federasiyada yaradılan daimi fəaliyyət göstərən komissiyada Azərbaycanın Sahib İsmayılov, Ağayar Axundzadə, Hacıağa Hacıəhmədov, Tərlan Poladlı, Ruzbeh Vəliyev və digər tanınmış cüdo xadimləri yer alıb və qəbul olunan bütün qərarlar, təşkilati məsələlər bu komissiyada müzakirə olunduqdan sonra həyata keçirilir. Hətta yarışdan 20 gün əvvəl istisna hal kimi 1 yaş kiçik 2007-ci il təvəllüdlü uşaqların da Azərbaycan birinciliyində iştirak etməsinə icazə verilməsi məsələsi bir-neçə dəfə müzakirə olundu, ama son olaraq adlarını çəkdiyimiz mütəxəssislərin səs çoxluğu ilə bu təşəbbüs gerçəkləşmədi. Bununla da müvafiq fiziki və texniki hazırlıq səviyyəsinə malik olmayan azyaşlı uşaqları özlərindən üstün yeniyetmələrlə yarışma zamanı ala biləcəkləri qaçılmaz travmalardan qorumuş olduq. Bu yaxınlarda Sumqayıt şəhərində məşq vaxtı boynu üstə yıxılaraq ağır zədə almış və yataq xəstəsi olmuş azyaşlı cüdoçunun hadisəsindən sonra belə məsələlərdə daha həssas və diqqətliyik. Azərbaycan Cüdo Federasiyası bu idmançının əməliyyat, müalicə və qulluq məsələlərini qarşılayıb və bu günə qədər nəzarətdə saxlayır. Bir daha bəyan edirik ki, yeniyetmə cüdoçu Mehdi Cəfərovun babası Zakir Hüseynovun səsləndirdiyi fikirlər və apardığı müqayisələrin heç bir məntiqi əsası yoxdur. Azərbaycan Cüdo Federasiyası işini qüvvədə olan mövcud beynəlxalq qaydalar üzərində qurur və bundan sonra da belə olacaq”.

Federasiya Mehdi Cəfərova daha çox məşq edərək gələcək yarışlara həvəslə hazırlaşmağı tövsiyə edib: “Mehdi kimi bütün yeniyetmə cüdoçuların gələcəyinə inanır və onlara iştirak haqqı qazandığı yarışlarda uğurlar arzu edirik”.










loading...


Fikrinizi bildirin