Hökumət elektron ticarəti də vergi nəzarətinə götürəcək

"Elektron ticarət (e-ticarət) vergi nəzarətinə götürüləcək".

Bu fikirləri marja.az-a Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib. O qeyd edib ki, hazırda sahibkarlıq fəaliyyətinin bütün sahələrinə, o cümlədən, elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır: "Lakin elektron ticarətdə vergi nəzarətinin təkmilləşdirilməsi vacib məsələlərdən biridir. Yaxın gələcəkdə elektron ticarətə vergi nəzarətinin həyata keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilərək təkmil vergi nəzarəti mexanizminin yaradılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycanda internet vasitəsilə edilən alış-verişi vergiyə cəlb etmə mexanizmi mövcud deyil. Ancaq ölkə xaricindən sifariş olunursa, malın ümumi dəyəri 1000 dolları keçirsə, o zaman gömrük rüsumu tətbiq edilir. Beynəlxalq təcrübədə isə elektron ticarət zamanı maldan əlavə dəyər vergisi (ƏDV) də tutulur. Məsələn, Avropada e-ticarətlə mal satan sahibkar ƏDV-dən azaddır, bu zaman vergi, sifariş olunan mal ünvana çatan zaman alıcıdan tutulur.

Ümumiyyətlə, e-ticarətin vergiyə cəlb edilməsində texniki problemlər mövcuddur və kifayət qədər mürəkkəb bir mexanizmdir. Misal üçün, internet mağaza Bakı şəhərində güllərin satışı ilə məşğul olur və sifariş edilmiş güllər kuryer vasitəsi ilə çatdırılır və çatdırılma anında da dəyəri nağd şəkildə ödənilir. Hər bir halda belə fəaliyyət vergiyə cəlb edilməlidir, lakin vergi nəzarəti baxımından vergi orqanları qarşısında çətinliklər yaradır. Belə ki, bu mağazanın ticarət yeri, ofisi, anbarı, hətta işçiləri də (kuryerlər istisna olmaqla) olmaya bilər. Mallar isə birbaşa tədarükçüdən götürülə bilər. İnternet mağazaların internet saytlarına gəldikdə isə burada saytın serveri dünyanın istənilən ölkəsində yerləşə bilər.

Bəzi dövlətlər e-ticarətin vergiyə cəlb edilməsi üçün yeni metodların tətbiq edilməsini təklif etmişlər. Belə ki, Belçikada hər bit üzrə verginin tətbiq edilməsi irəli sürüb. Belçikanın Kommunikasiya Nazirliyinin hesablamalarına görə, bu verginin dərəcəsi 1 ABŞ dolları müəyyən edilərsə, 100 meqabitə görə illik vergi daxilolmaları təxminən 10 milyard dollar təşkil edəcək. Lakin bu təklif Avropa İttifaqı tərəfindən dəstəklənməyib. Fransada e-ticarətin vergiyə cəlb edilməsi üçün ticarət fəaliyyəti həyata keçirən internet-şirkətlərin məcburi dövlət sertifikasiyasından keçmələri məsələsinin mümkünlüyünə baxılır.

Azərbaycana gəlincə, elektron-ticarət inkişafı olduqca zəifdir. İndiki dövrdə ona vergi tətbiq etmək, mövcud bazarın daha da "kölgəyə" düşməsinə, inkişafın zəifləməsinə gətirib çıxara bilər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun Bizimyol.info-ya açıqlamasına görə, bir çox ölkələrdə bu tip ticarətə vergi güzəştləri tətbiq edilir: "Avropa ölkələrində elektron ticarət ümumi ticarətin dövriyyəsinin 10 faizini, bəzilərində 22 faizini təşkil edir. Azərbaycanda isə bu, çox cüzi həcmdədir. İndiki dövrdə hökumət bu bazarın, həm də nağdsız hesabların inkişafı üçün təşviqlər aparmalı, stimul yaratmalıdır. Əgər Vergilər Nazirliyinin nümayəndəsi bu sahənin nəzarətə götürüləcəyini deyəndə vergilərin tətbiqini nəzərdə tutursa, bu, indiki halda doğru qərar deyil. Azərbaycanda hazırda e-ticarətin inkişafına böyük ehtiyac var".

Xüsusilə, daxili bazarda e-ticarətin imkanları olduqca aşağıdır. R.Həsənova görə, bu cür alış-veriş daha çox xarici ölkələrlə aparılır. Bunun da başlıca səbəbi daxili ticarətçilərə inamın azlığıdır: "Müşahidələr göstərir ki, yerli elektron portalların həyata keçirdiyi ticarət effektiv olmur. Yerli portalların təqdim etdiyi məlumatlara, məhsulun keyfiyyətinə və onun göstəricilərinə inam azdır. İnsanlarda xarici şirkətlərin elektron şəkildə təqdim etdiyi məhsullara inam daha çoxdur. Xüsusilə, Almaniya ilə bu istiqamətdə alış-veriş digər ölkələrlə müqayisədə nisbətən üstünlük təşkil edir. Digər tərəfdən yerli şirkətlər və ya ticarətçilər öz internet portallarını yaradaraq elektron satış istiqamətində investisiya yatırmağa həvəsli deyillər. Bu sahədə dövriyyə çox aşağıdır. Bunun səbəblərindən biri də azərbaycanlı istehlakçının aldığı malı virtual olaraq deyil, birbaşa görmək istəyidir. Daxili bazarda buna imkan olduğu üçün, elektron ticarətə üstünlük vermirlər".

R.Həsənovun sözlərinə görə, e-ticarətin üstün cəhətlərindən biri "kölgə" iqtisadiyyatının azaldılmasında mühüm rol oynamasıdır: "İnkişaf etmiş ölkələrdə bu sahə inkişaf edib, bazarda müəyyən yer tutduqdan sonra vergi tətbiq edilməyə başladı. Nağdsız ödənişlərin aparılması, e-ticarətin inkişafı vergidən yayınma və "kölgə" iqtisadiyyatının azalması ilə nəticələndi. Bu sistemlərin inkişafı dövlət üçün daha səmərəlidir, nəinki nağd əməliyyatlar. Elektron ticarətin vətəndaşlar üçün əhəmiyyəti isə əlavə vaxt və pul itkisinin qarşısının alınmasıdır. Yəni iri şəhərlərdə bir malın alınması tıxaclarda qalmaq, avtomobili üçün benzin sərf etmək və uzun vaxtın getməsinə gətirib çıxarır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar