“Formula 1”-in “lyuku” niyə açıldı? - Bakı nə birinci, nə də sonuncudur...

“AzPolitika.info” xəbər verir ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü zamanı baş verən qəza əksər aparıcı dünya agentliklərinin xəbərlərində yer alıb. Və gözlənildiyi kimi, qəza ilə bağlı verilən bir çox şərhlərdə yarışın təşkilatçıları səhlənkarlıqda günahlandırılır. Məsələn, Rusiyanın idman dərgilərindən biri lyukun qapağının bərkidilməməsinə və sonradan bolidi hadisə yerindən qaldıran kranın yolüstü keçidə çırpılmasına “əla işdir, Bakı”, deyə ironik münasibət bildirib.

Lakin qeyd edək ki, kanalizasiya lyukunun qapağının açılması və yarış iştirakçılarına zərər vurması hadisəsi “Formula 1” yarışları tarixində bundan əvvəl də bir neçə dəfə baş verib. Nəzərə almaq lazımdır ki, belə hadisələr pilotların həyatına ciddi təhlükə törədə, hətta faciəyə səbəb ola bilər. Məhz bu səbəbdən yarış təşkilatçıları həmin lyukların yaxşı möhkəmləndirilməsinə xüsusi önəm verirlər. Adətən bu lyuklar yarışdan əvvəl ya qaynaq edilir, ya da boltlarla bərkidilir. Çünki yarış zamanı bolidlərin altında yaranan yüksək hava təzyiqi həmin qapaqları asanlıqla “havalandıra” bilir.

“Formula-1” tarixinə nəzər salsaq görərik ki, sonuncu dəfə belə qəza 3 il bundan əvvəl, 2016-cı ildə Monakoda keçirilən yarışda baş verib. Həmin yarışda sərbəst yürüş zamanı kanalizasiya lyukunun qapağı açılaraq, Bakıdakı kimi bir yox, hətta iki bolidi zədələmişdi. Əvvəlcə qarşıda gedən alman Niko Rosberq lyukun üzərindən keçərkən metal qapaq onun bolidinin arxa təkərini sıradan çıxarıb. Bununla yanaşı, lyukun qapağı və qarşıda gedən bolidin sınan hissələri Rosberqin ardınca gedən ingilis Cens Battonun bolidinin üstünə gəlib. Bu qəzadan eyni zamanda ingilis pilotun bolidi çox ciddi xəsarətlər alsa da, xoşbəxtlikdən özünə heç nə olmamışdı.

Maraqlıdır ki, eyni tipli qəza yenə də elə həmin Monako Qran-prisində 2010-cu ildə qeydə alınıb. O vaxt braziliyalı pilot Rubens Barikello oxşar qəzaya düşüb. Braziliyalının yarış sarıdan bəxti daha az gətirib. Belə ki, kanalizasiya lyukunun qapağının açılması hazırlıq yürüşündə deyil, əsas yarış zamanı baş verib. Nəticədə bolidinin arxa təkəri sıradan çıxan Barikello əhəmiyyətli xallar itirib, onun “dəmir atı” isə bir neçə dəfə fırlanaraq, kənardakı baryerlərə çırpılıb.

Daha bir oxşar qəza hələ 2005-ci ildə Çin Qran-prisində baş vermişdi. Həmin qəzada kolumbiyalı Xuan Monteyonun bolidi ciddi zədələr alsa da, pilot bir müddət yarışı davam etdirə bilmişdi. Lakin 8 dairədən sonra onun bolidinin mühərriki də sıradan çıxmışdı ki, bunun da sonradan məhz kanalizasiya lyukunun qapağının zərbəsi nəticəsində baş verdiyi güman edilirdi.

Göründüyü kimi, Bakı bu xoşagəlməz hadisənin baş verdiyi ilk şəhər deyil və yarışların təşkilində insan amili qaldıqca, belə qəzaların bundan sonra da qaçılımaz olduğunu söyləmək olar. Ancaq yenə də, sözsüz ki, bu hadisənin qarşısını almaq mümkün idi. Bunun üçün nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun rəhbərlik etdiyi təşkilatçılıq işləri daha məsuliyyətlə və diqqətlə aparıla bilərdi. Hansı ki, hökumət və paytaxt rəhbərliyi tərəfindən bunun üçün hər cür şərait yaradılımışdı.

Hətta insanların rahatlığı bahasına olsa belə, az qala yarışa aidiyyatı oldu-olmadı, bütün ətraf küçələr bağlanmış, bütün təhlükəsizlik tədbirləri görülmüşdü. Ancaq görünür, yarış və trek ətrafında görülən tədbirlərdən fərqli olaraq, bilavasitə bolidlərin şütüyəcəyi yollardakı vəziyyətə lazımınca diqqət yetirən tapılmayıb. Bunun da nəticəsi göz qabağındadır...

Tahir

AzPolitika.info

635x100

Şərhlər

hellas 2019-04-26 20:26:09

Yaxşı edib açılıb!! O yappalağın nə iti azıb burada?? Nöyüt iyinə gələn burnuna bir az da Bərdə pambığından tıxayın!

MİRƏLİ 2019-04-26 20:26:09

AXSAQ EŞŞƏYİN KOR NALBƏNDİ OLAR.

Əlikrəm 2019-04-26 20:26:09

Afərin,Belə lazımsız işin də belə hadisələri allahın işidr.Azərbaycana Formula-1 lazımdır? Ondansa,insanlara lazım olan şeylərə millətin pulu xərclənsə yaxşı olmazmı? Allah da götürər.Burada nə Azərbaycan avtomobili,nə Azərbaycan idmançısı iştirak edir.Başqalarına ölkənin varını istifadə etçək cinayətdir!

Son yazılar