“Azərbaycan məsələnin həllini necə uyğun biləcəksə…” – Səfir

Dərc olunub: 26/04/2019 - 20:26

2e299c0e-7874-4b13-877b-838abed300fa“Azərbaycan torpaqları işğaldan azad olunmayanadək Ermənistanla barışıqdan söhbət gedə bilməz”.

Bunu “Report”un Fransa bürosuna açıqlamasında Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa bildirib.

Onun sözlərinə görə, Türkiyə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalı altındakı torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir: “Rəsmi Ankara bu gün də həmin mövqeyində qalır. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənədək rəsmi Yerevanla barışıq mümkün deyil”.

Səfir ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki fəaliyyətinə də toxunub: “Bu günədək münaqişənin həlli üçün Azərbaycan və Ermənistan rəsmiləri arasında bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir və münaqişənin nizamlanması istiqamətində baş tutan görüşlərin nəticələrinin uğurlu olacağına çox ümid edirik. Azərbaycan məsələnin həllini necə uyğun biləcəksə, Türkiyə də onu qəbul edəcək. Azərbaycana uyğun olan Türkiyəyə də uyğundur. Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”.

İ.H.Musa vurğulayıb ki, Türkiyə Azərbaycanı yalnız Dağlıq Qarabağ məsələsində deyil, digər məsələlərdə də hər zaman dəstəkləyib və dəstəkləyir: “Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirlərdə Azərbaycan onu müdafiə edir, mövqeyini qoruyur. Azərbaycan olmadığı təqdirdə isə Türkiyə bu vəzifəni üzərinə götürür, onun mənafeyini, maraqlarını qoruyur. Hər iki ölkə tarixi, mədəni, qohumluq əlaqələrinə malikdir, eyni zamanda bu gün xüsusilə böyük və mühüm layihələrdə əməkdaşlıq edir”.








loading...


Fikrinizi bildirin