TRAMP NEFTİN QİYMƏTİNİ YUXARIYA DOĞRU QOVUR! – “Xaos təhlükəsi var”

ABŞ dövlət katibi Mayk Pompeo iki xoşagəlməz məlumat verib: İran neftinin ixracına tezliklə qadağa qoyulacaq və İslam Respublikasından neft alınması qadağasına hər hansı bir istisna olmayacaq. Əsasən də əgər Çin, Yaponiya və ya Cənubi Koreya Vaşinqtonun qəzəbini özlərinə çəkmək istəmirlərsə, onda onlar İrandan bir qətrə də neft almamalıdırlar.

Məhz bu xəbər qlobal neft bazarında zəlzələyə bənzər silkələnmələr yaradıb. Çünki Trampın qarşıdurma kursu bazarları çox çətin anda vurub. Hasilat həcminə görə bir vaxtlar neft nəhəngi olmuş Venesuela xaosun içinə qərq olub, neftlə zəngin Liviyada isə yaraqlılar paytaxt Tripoli uğrunda hökumət qoşunlarıyla döyüşürlər.

Elə yalnız bu səbəblərə görə bazarda gündəlik olaraq minlərlə barel neft çatmır. Hələ bu azmış kimi, indi də İran nefti yoxa çıxacaq. Ekspertlərin hesablamasına görə, bu, haradasa gündəlik 900 min barel edir. Bu isə daha böyük xaosun olacağı deməkdir.

İran neftinin Çin, Hindistan, Yaponiya və Cənubi Koreya da daxil olmaqla, səkkiz ölkəyə satışına 2 may tarixindən qadağa qoyulması neft hasil edən ölkələri qəfildən yaxalayıb. Qadağanın elan olunmasından sonra brent markalı neftin qiyməti 75 dollar qədər yüksəlib. Lakin problem təkcə neft hasil edən ölkələrdə yaranmır. Ola bilər ki, yaxın vaxtlarda ABŞ administrasiyası bu tədbirin onun özünə ziyan vuracağını görəcək.

Yüksələn neft qiymətlərində Tramp öz seçicilərinin narazılığını hiss edəcək. Dayanıqlı inkişafın transformativ araşdırılması institutunun enerji məsələləri üzrə eksperti Andreas Qoldtau vəziyyəti belə izah edir: “Amerikada az gəlirli seçicilər də böyük və çox benzin içən maşınlarda gəzirlər. Almaniyaya görə ABŞ-da benzinin yüksələn qiymətinə qoyulan vergi payı az olduğundan, neftin qiymətinin dəyişilməsi yanacaqdoldurma stansiyalarındakı qiymətə daha güclü zərbə vuracaq”.

- Səudiyyə Ərəbistanı neftin bahalaşmasına sevinir

Neftin qiymətinin qalxmasına və bununla da vətəndaşların narazılığına səbəb olan davranışlarıyla, Tramp Səudiyyə Ərəbistanının üzünü güldürür. A.Qoldtau deyir: “Səudiyyəlilər Trampdan gələn özünəməxsus dividenddən sevinəcəklər, qiymətin qalxmasından hamıdan daha çox Səudiyyə Ərəbistanı razıdır. Onlara büdcəyə əlavə daxilolmalar lazımdır. Həm də ki, bu yaxınlarda “Saudi Aramco” dövlət konserninin birjaya çıxması gözlənilir”.

Onu demək lazımdır ki, Donald Trampın nikbinliyi İran neftinin əvəzinin böyük hissəsinin Səudiyyə Ərəbistanı tərəfindən kompensasiya ediləcəyi ilə bağlıdır. Lakin Ər-Riyadın bu yaxınlardakı bəyanatı müəyyən şübhələr yaradır. Belə ki, Səudiyyənin neft naziri Xalid Əl Falih deyib: “Yaxın həftələrdə bizim krallıq digər neft hasil edənlərlə intensiv danışıqlar aparacaq”. Əgər səudiyyəlilər Trampa tabe olmağa tələssəydilər, onda onlar yəqin ki, başqa cür danışardılar.

Bundan başqa yaranacaq boşluğunun məhz Səudiyyə Ərəbistanın dolduracağı digər neft hasil edən ölkələrin xoşuna gəlməyə bilər. Moskvanın özü hasilatın azaldılması ilə bağlı OPEK-lə birgə müqavilə imzalayıb. Amma buna baxmayaraq, artıq Rusiya OPEK ölkələrinin son zamanlar hasilatı azaltmalarından narazıdır.

“Commerzbank”ın eksperti Karsten Fritş deyir: “Ruslar imkan daxilində həmin məhdudlaşdırma müqaviləsindən yaxa qurtarmaq istəyirlər. Belə olan halda Trampın apardığı neft siyasətindən ABŞ-ın əsas rəqiblərindən biri fayda götürə bilər”.

Daha bir məsələ isə, Trampın neft bazarındakı qarşıdurma kursu dolların əsas valyuta kimi əhəmiyyətini azalda bilər. Ola bilər ki, Çin hökuməti İran neftini almaqda davam etsin, lakin onlar Teharanı məcbur edəcəklər ki, ”qara qızılı” dollarla deyil, yuanla satsınlar. Bu isə dollara ciddi zərbə demək olacaq. (“Suddeutsche Zeitung”-Almaniya)

“AzPolitika”nın əlavəsi: ABŞ uzun müddətdir ki, İranı müxtəlif səpkili sanksiyalara məruz qoyub. İran müəyyən mənada buna qarşı immunitet qazanıb və xüsusi təcrübə əldə edib. İranın ixracdan əldə etdiyi illik gəlir 91 milyard dollardır və bunun da böyük hissəsi neft və qazın payına düşür. Digər tərəfdən isə, İran ildə 48 milyard dollarlıq məhsul idxal edir. Göründüyü kimi, ticarət balansı müsbətdir. Onu da deyək ki, bu informasiya 2017-ci ilə aiddir, indi vəziyyət dəyişir. Tehran bütün gücüylə çalışır ki, İranın idxaldan asılılığını mümkün qədər azaltsın. İranın ən böyük problemi təkcə qarşılaşacağı sanksiyalar deyil, belə ki, bu ölkənin iqtisadiyyatında ən kəskin problem dövlət büdcəsindəki kəsirdir. Büdcə kəsirinin həcmi 10 milyard dollara çatır və bunun daha da pisləşəcəyi gözlənilir. Çünki İran ekspertlərinin dediklərinə görə, İranda vergidən yayınma 35%-i ötür.

Digər yandan isə, Rusiyada olduğu kimi İrandan da güclü kapital axını var. ABŞ bunları yaxşı bilir və çalışır ki, İrandakı ictimai narazılıq artsın. 2018-ci ilin əvvəlində İranın hər tərəfini etiraz dalğası bürümüşdü. ABŞ sanksiyalar vasitəsilə İranı öz siyasətindən əl götürməyə vadar etməyə çalışır.

Məsələ ilə əlaqədar İranın xarici işlər naziri Cavad Zərif deyib ki, sanksiyalar İran iqtisadiyyatına zərbə vursa da, lakin İran öz mövqeyindən geri çəkilməyəcək.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Veteran 2019-04-27 23:00:01

Her halda Iran Kuba deyil, mene ele gelir ABS-in irana qarwi tezyiqleri netice vere biler. Cavad muellim her-halda iran cemiyyeti de artiq inqlab dovrundeki deyil, ona gore de ehtiyatli olmamiz gerekdir yoxsa guvenc yeriniz sizi "podvadit" eleye biler!

Geber 2019-04-27 23:00:01

Tramp nettin qiymatini yuxariya dowry qovmur , awaqi hadda saxlamaqa dollarin qucu catmir . Nettin qiymatlari haqda astranomiyadan da daqiq malumatim olduqundan susuram. Tramp Sauduyyada dovlat cevriliwi bahanalari va kulak enerjisi , elektrik avtomobil naqillari ila nettin qiymatini 3 Il saxlaya bildi + sokuntu olan mahlada necaki har kas qonwynun ziyanina qiymatini artirir sonda isa ozunu da atirlar ;-eynan USA an caq imusalman olkalarini ayri ayriliqda muqaddas BLEFINA qowur , sonda devirir. Devrilan so

Son yazılar