Azərbaycan Monteneqrodakı yarım milyardlıq kurort layihəsini dayandırıb
Azərbaycan Monteneqroda lüks kurort kompleksinin tikintisini nəzərdə tutan yarım milyardlıq investisiya layihəsində işləri “texniki səbəblərdən” dayandırıb.
Monteneqronun turizm sektoruna iri yatırımlar qoymağı planlaşdıran digər xarici investorlar da bir-bir “aradan çıxır”.
Virtualaz.org saytı Balkan KİV-lərinə istinadən xəbər verir ki, Qətərin “Qatari Diar” dövlət investisiya fondu bu ölkənin Adriatik dənizi sahillərində yerləşən Tivat bölgəsində lüks kurort kompleksinin tikintisini nəzərdə tutan 350 milyon avroluq sövdələşmədən çıxdığını elan edib.
2011-ci ildə başlayan layihəyə əsasın Tivat yaxınlığında beşulduzlu villalardan ibarət kurort şəhərciyi salınmalı idi. Qətər şirkəti kompleksin salınacağı torpaq sahəsinin mülkiyyət hüququnun əldə edilməsinin problemlə çevrilməsi layihəni davam etdirməyə imkan vermir.
Bu ilin iyul ayında Monteneqro hökuməti Britaniya-Monteneqro birgə müəssisəsi olan “Boka Group”la Tivat yaxınlığında elit qolf kompleksinin tikintisinə dair 250 milyon avroluq layihəni də ləğv edib. Sövdələşmənin ləğv edilməsinin səbəbi şirkətin tikinti işlərinə başlamağı gecikdirməsidir.
Hazırda Monteneqro hökumətinin ümidi Azərbaycan şirkəti “Azmont”un Adriatik dənizi sahillərindəki Herseq-Novi şəhəri yaxınlığında elit kurort kompleksinin tikintisi layihəsinədir. Lakin 500 milyon avroluq bu layihədə də işlər getmir. Məlumata görə Herseq-Novi yaxınlığında yeddiulduzlu kurort kompleksinin tikintisinin başlaması dəfələrlə “texniki problemlərə” görə təxirə salınıb. Yəni faktiki olaraq Azərbaycan şirkəti layihəni dayandırıb.
Xatırladaq ki, Balkanların ən kasıb dövlətlərindən biri olan Monteneqroya Azərbaycanın irihəcmli investisiya yatırmaq planı 2012-ci ildən başlayıb. Həmin il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Adriatik dənizində keçmişdə hərbi baza yerləşən Kumbor adasının uzunmüddətli icarəyə götürülməsinə dair sövdələşmə əldə edib. Sonradan ARDNŞ icarəyə götürdüyü həmin adada lüks turizm kompleksinin yaradılması layihəsini özəl şirkətə - “ATA Turizm”ə həvalə edib. İki ölkə arasında bağlanmış müqaviləyə əsasən layihəni həyata keçirmək üçün “Azmont İnvestment” adlı şirkət təsis edilib və həmin şirkət kurort kompleksinin yaradılmasına 500 milyon avro yatırım qoymalıdır.
Bu ilin martında investisiya layihəsinə rəsmən start verilib. Mərasimdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, ARDNŞ və 500 milyon avro dəyərindəki layihəni hazırlayan “Azmont İnvestments” şirkəti 2000-ci illərin əvvəllərində tərk edilmiş Yuqoslaviya donanmasının bazasını yenidən qurmaq və onun yerində müasir kurort, həmçinin hotel kompleksi və digər obyektlər inşa etmək niyyətindədirlər.
Nazirin sözlərinə görə, bu layihə sayəsində Azərbaycandakı investorlar indi bilirlər ki, Monteneqro hökuməti ölkədə rahat investisiya mühitini təmin edib: “Deməli, bu layihədən sonra digərləri də olacaq”.
Monteneqronun baş naziri Milo Cukanoviç bildirib ki, mövcud layihə və Azərbaycanla ikitərəfli münasibətlər ümumilikdə Monteneqro üçün olduqca önəmlidir: “İnvestorların əksəriyyəti qlobal iqtisadi enişin bitməsi ilə bağlı gözləmə mövqeyi tutduğu zaman ikitərəfli yaxşı əlaqələr meydana çıxmağa başladı”.
Layihəni 2016-cı ildə başa çatdırmaq planlaşdırılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.