Vaşinqton Türkiyəni S-400 və İran arasında seçimə məcbur etmək istəyir

Ərdoğan və Trampın növbəti telefon danışığı nəticəsiz başa çatıb

Ankara və Vaşinqton arasında S-400 zenit komplekslərinin alınması müzakirələri davam edir. Aprelin 29-da Ərdoğan və Tramp arasında bu mövzuda növbəti telefon danışığı olub. Lakin telefon danışığından sonra verilən açıqlamalar göstərir ki, iki tərəf arasında anlaşma hələ də yaxın deyil.

Belə ki, prezidentlər arasında telefon danışığından sonra Ankaradan verilən açıqlamada iki prezident arasında telefon danışıqları zamanı Rusiyadan alınacaq S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı fəaliyyət qrupu yaradılması təklif olunub.

Ancaq Ağ Evdən yayılan açıqlamada qrup haqqında heç nə olmayıb. Əksinə qeyd olunub ki, iki lider Türkiyənin planlaşdırdığı S-400 sistemlərinin alınması da daxil bir sıra mövzular müzakirə olunub. Bundan az sonra isə “Röyters” agentliyinə açıqlama verən yüksək rütbəli Ağ Ev rəsmisi bildirib ki, onlar bütün görüşlərdə “israrla və açıq şəkildə S-400-lərin alınması ilə bağlı narahatlığımızı müxtəlif vasitələrlə Türkiyə tərəfinə bildirirlər”.

Qeyd edək ki, aprelin 19-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilk dəfə birgə fəaliyyət qrupu yaradılması məsələsini qaldırıb. Eyni zamanda bildirib ki. hələlik Vaşinqtondan hər hansı cavab yoxdur.

Söhbət Vaşinqtonun əsas səbəb kimi göstərdiyi F-35 qırıcıları ilə S-400 arasında sistem fərqi, daha dəqiqi S-400-lərin F-35-lərin sisteminə daxil olacağı və buradan təyyarə barədə məlumatların Rusiyanın əlinə keçə biləcəyi ilə bağlı narahatlıqların aradan qaldırılmasından gedir. Aprelin əvvəlində Vaşinqtonda NATO toplantısında çıxış edən ABŞ vitse-prezidenti Mayk Pens də ABŞ-ın S-400-lərin alınması ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olmadığını vurğulayıb. Sitat: “Türkiyə seçimini etməlidir. Tarixin ən uğurlu hərbi ittifaqının həlledici üzvü olaraq qalmağı istəyir, yoxsa bu əməkdaşlığı təhlükəyə atmaq?”.

Bu açıqlamadan bir qədər sonra Türkiyənin maliyyə naziri Berat Albayrak və müdafiə naziri Hulusi Akar Vaşiqntona gedərək bir sıra mühüm görüşlər keçirdi. Albayrak Ağ Evdə Trampın qəbulunda olaraq S-400-lərlə bağlı vəziyyəti danışdı. Ancaq Vaşinqton hələ də mövqeyindən geri çəkilmək istəmir. Türkiyə rəsmiləri isə ABŞ-ın S-400-lərə razılaşması üçün cəhdlərin davam edəcəyi, yəni ümidli olduqlarını bildirir.

Qeyd edək ki, ABŞ hökuməti S-400 zenit komplekslərini müasir F-35 qırıcıları üçün təhdid olaraq görür. Bu səbəbdən də Vaşinqton Türkiyəni F-35 və S-400 arasında seçim etməyə çağırır. Ankara isə geri çəkilmək istəmir. Çünki anlaşma artıq iki ildir imzalanıb və bir neçə aydan sonra Türkiyə ilk HHM batareyalarını Rusiyadan alacaq. Vaşinqton isə S-400-lərə görə Türkiyəyə F-35 satışını dayandırmaqla hədələyir. Hətta F-35-lərin bəzi hissələrinin Türkiyəyə verilməsi dayandırılıb.

Qeyd edək ki, Türkiyənin Rusiyadan zenit kompleksləri alması ABŞ-ın 2017-ci ildə qəbul etdiyi “Rqiblərlə sanksiyalarla mübarizə Qanunu” ilə Ankaraya qarşı sanksiyalar üçün əsas verir. Yəni ABŞ hökuməti S-400 aldığı üçün Türkiyəyə embarqo tətbiq edə biləcəyinin siqnalını verir. Bu embarqolardan qaçmaq üçünsə Tramp Türkiyənin S-400 almasının ABŞ-ın və NATO-nun hərbi əməliyyatlarına təsir etməyəcəyi ilə bağlı bəyanat verməli və Konqresin müxtəlif qurumlarına bu anlaşmanın ABŞ-Türkiyə əlaqələrinə zərər verməyəcəyi ilə bağlı məktub göndərməlidir. Tramp isə tələsmir.

İndi isə daha bir mövzu ortaya çıxıb. Tramp ötən həftə noyabr ayında İrandan neft alınmasına icazə verilən 8 ölkəyə qoyulmuş limiti ləğv edib. 8 ölkədən biri də İrandır. Üstəlik daha əvvəlki embarqo zamanı İran sanksiyaları böyük ölçüdə Türkiyə vasitəsilə yara bilib.

Bu səbəbdən də Vaşinqton Ankaranın bu embarqolara qoşulmasında maraqlıdır. Türkiyə isə həmsərhəd və neft-qaz aldığı İrana qarşı embarqoya qoşulmaq istəmir. Bu həm də iqtisadi cəhətdən əlverişsizdir. Türkiyə mediası ehtimal edir ki, Vaşinqtonun Türkiyəyə artan basqılarının arxasında məhz bu amil dayanır. Tramp Türkiyəni fakt qarşısında qoyaraq İran məsələsində güzəştə getməsinə nail olmağa çalışır. Türkiyə XİN sözçüsü Aksoy ötən həftə bəyan edib ki, Türkiyənin müvafiq qurumları hazırda Vaşinqtonla bu müzakirələri davam etdirir. Lakin görünən odur ki, indi Türkiyə Vaşinqtonun ciddi təzyiqi altındadır, manevr imkanları xeyli azalıb.

Xatırladaq ki, 2007-ci ildə Rusiya ordusunun inventarına daxil edilmiş S-400 “Triumf” zenit-raket kompleksləri hazırda dünyadakı analoqlarından xeyli irəlidədir. Baxmayaraq ki, S-400-lər silah və texnikalar üçün mühüm faktor olan döyüş sınağından keçməyib.

Hətta Suriyada imkan yarandığı halda belə ruslar S-400-ü istifadə etmədilər. İndi isə gələk bu silahların özəlliklərinə.

S-400 HHM 2007-ci ildən Rusiya ordusunun istifadəsindədir. Orta və uzaq mənzilli hava hədəflərini məhv etmək üçün nəzərdə tutulan HHM sistemləri 250 kilometrə qədər məsafədə aerodinamik hədəfləri vurmaq imkanına malikdir. Eyni zamanda 60 kilometrə qədər məsafədə ballistik hədəfləri vura bilir. Müvafiq olaraq “Patriot”da bu 160 və 45 kilometrdir.

S-400 27 kilometr yüksəklikdə hava hədəflərini məhv etmək qabiliyyətindədir. Bu, ABŞ “Patriot”larından 3 kilometr çoxdur. S-400-ün maksimum hədəf vurma imkanı 400 kilometrdir.

S-400 5 dəqiqə ərzində quraşdırılaraq aktiv vəziyyətə gətirilir və 600 kilometr radiusda ərazini nəzarətdə saxlaya bilir. “Patriot”da isə bu 30 dəqiqə və 150 kilometr radiusdur. Bundan başqa S-400 eyni anda 160 hədəfi aşkarlamaq və 72 hədəfi isə nişan ala bilir. S-400 raketlərinin sürəti 4800 metr/saniyədir.

Qeyd edək ki, hazırda NATO-nun 3 ölkəsi – Yunanıstan, Bolqarıstan və Slovakiyada S-400 HHM sistemləri var, ancaq Türkiyə S-400 sistemi almış ilk ölkə olacaq. Bundan başqa Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Bəhreyn də S-400 almaq üçün Rusiya ilə danışıqlar aparır(musavat.com).

635x100

Şərhlər

Türk 2019-04-30 21:06:41

Sayın Ərdoğan şeytan yüvası ABŞ-a əyilmə.

Son yazılar