XÜLYALAR VƏ GERÇƏKLƏR

Orxan Mansurzadə,

polis polkovniki

Son illər ölkəmizin yerləşdiyi coğrafiyada cərəyan edən gərgin, bəzən də fəlakətli hadisələr, ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurması və dövlətçilik institutlarının süqutu ilə müşayiət olunan, «rəngli inqilablar» seriyasından “ərəb baharı” tipli mahiyyətcə dağıdıcı, qanlı olaylar fonunda respublikamız ulu öndər tərəfindən müəyyənləşdirilmiş, uğurla davam və inkişaf etdirilən strategiyaya uyğun sosial tərəqqi, iqtisadi inkişaf yolu ilə inamla irəliləyir.

Sirr deyil ki, düz bir il əvvəl keçirilmiş seçkilərdə seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi həmin ərəfədə ölkə başçısının anonsunu verdiyi köklü hüquqi-demokratik, sosial-iqtisadi islahatların, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını, hüquq-mühafizə siyasətinin daha da humanistləşdirilməsini, bir sözlə, insan və vətəndaş hüquq və azadlıqlarının daha da genişləndirilməsini, dövlət-vətəndaş münasibətlərinin yeni, daha mütərəqqi və müasir modelinin yaradılmasını özündə ehtiva edən məqsədyönlü, ardıcıl tədbirlərin həyata keçirilməsini daha da sürətləndirib.

Tamamilə aydındır ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafını, dünya sivilizasiyasına, iqtisadiyyatına fəal şəkildə inteqrasiyasını ictimai-siyasi sabitliyin, əmin-amanlığın yüksək səviyyədə qorunması, cinayətkarlıqla uğurlu mübarizə, demokratik azadlıqların təmini olmadan təsəvvür etmək belə çətindir. Sevindirici haldır ki, bölgədəki sanbalına, nüfuzuna, sosial-iqtisadi göstəricilərinə, hərbi-siyasi qüdrətinə, həmçinin sabitliyin, təhlükəsizliyin qorunmasına, əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına görə də nəinki postsovet, eləcə də Şərqi Avropa məkanında da lider dövlətlərdən biri kimi xarakterizə olunur və belə əlverişli durum nəinki ölkə vətəndaşları, həmçinin Azərbaycana səfər edən, burada yaşayaraq işləyən əcnəbilər tərəfindən də razılıqla qarşılanır.

Xalqımızın, ölkəmizin maraq və mənafelərini təmin edən müstəqil siyasət aparılmasını, beynəlxalq arenada nüfuzlu dövlətə çevrilməyimizi istəməyən bir sıra maraqlı güclərin və onların sifarişlərini yerinə yetirən, müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnsələr də heç bir il də duruş gətirməmiş, ən müasir tariximizdə Azərbaycanı xaos, anarxiya və dərəbəylik girdabına, cinayətkarlığın “at oynatdığı” məkana yuvarlamış, indiki halda radikal müxalifət qüvvələri liderləri siyasi arenada, necə deyərlər, öz qatarlarının getdiyinin, arxivin bir küncünə atıldıqlarının fərqində olsalar da, «bəlkə də qaytardılar» xülyasından hələ də qurtula bilmirlər. Hakimiyyət və mənsəb naminə hətta şeytanla da ittifaqa girməyə hazır olan, siyasət səhnəsindəki indiki status-kvolarını, yəni formal mövcudluqlarını çoxdan xaricdəki bəzi bədxah qüvvələrin ianələrindən, qəpik-quruşlarından asılı radikal müxalifət funksionerləri, xüsusən bədnam Milli Şura təmsilçiləri, bu qurumun səhnə dekorasiyası kimi dəyişməz liderləri qarşılarına qoyulmuş məqsədlərə çatmaq yolunda ən böyük maneələrdən birinin daxili işlər orqanlarının olduğunu yaxşı anlayırlar. İndilikdə əsas fəaliyyətlərini virtual aləmə keçirmiş, adətən iqtidar mənsublarına, polis yetkililərinə sosial şəbəkələr üzərindən yüklənən, danışanda guya xalqın adından çıxış edən, reallıqda isə paytaxt stadionlarından birinə ən yaxşı halda 1500-2000 nəfərlik “narazı elektorat” nümayəndəsini toplaya bilən adıçəkilən qurumun məsulları və dəstəkçiləri öz səriştəsizliklərini və yetərsizliklərini ört-basdır etmək, ölkədə qarışıqlıq, vətəndaşlarla dövlət qurumları arasında qarşıdurma yaratmaq məqsədilə xarici himayədarlarından qrantlar adı ilə ətək-ətək pullar alıb da para hesabına ayrıca götürülmüş bir məkanı da doldurmaq qabiliyyətində olmayan həmin kəslər bunun günahını təbii ki, hər zaman hakimiyyət cəbhəsində, bir az da dəqiqləşdirsək, daxili işlər orqanlarında görürlər.

Və bu yalanlarına beynəlxalq ictimaiyyəti, cani-dildən, az qala zülüm-zülüm, ağlayaraq şikayətləndikləri, guya təqiblərə, işgəncələrə məruz qalmaları barədə donoslar, müraciətlər göndərdikləri Avropa Parlamenti, AŞPA, ATƏT PA kimi mötəbər beynəlxalq təşkilatları, “Amnesti İnternational” tipli hüquq müdafiəsi qurumlarını da şərik qoşmağa çalışırlar.Və artıq ölkə ictimaiyyəti də yaxşı görür və onun fərqindədir ki, ölkəmizə haqsız yerə demokratiyadan və insan hüquqlarından dərs keçməyə çalışan, “Dəyənək və pryanik” siyasətini özlərinin korporativ mənafeləri çərçivəsində, bir az da fərqli anlamda həyata keçirməyə çalışan avroparlamentarilərin, məlum mövzunu inhisarlarına alaraq ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və əsassız iddialar irəli sürən, beynəlxalq aləmdə müstəqil siyasət yeridərək milli maraqlarını, öz gəlir-çıxarlarını təmin edən gənc respublikamıza münasibətdə vahid mövqedən çıxış edən bu antimilli əcnəbi və daxili çevrələrin sanki mövsümi xarakter daşıyan, bəzən əndazəni, diplomatik çərçivəni aşan şantaj xarakterli davranışları özünü daha qabarıq şəkildə, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, Azərbaycan iqtidarının qazandığı nailiyyətlərdən sonra göstərir.

Təkcə cari ilin ötən dövründə əhalinin sosial müdafiə cəhətdən ən zəif təbəqələrinin, xüsusən qaçqın və məcburi köçkün, şəhid ailələrinin həyat, məişət şəraitinin daha da yaxşılaşdırılmasına, dövlət idarəçiliyinin səmərəliyinin artırılmasına, hüquq mühafizə fəaliyyəti sahəsində köklü islahatların aparılmasına, dövlət-vətəndaş münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə yönəlmiş addımları xatırlamaq kifayətdir.

Bu ilin Novruz bayramı ərəfəsində dövlət başçımızın böyük humanizm və mərhəmət göstərərək 400 nəfərə yaxın məhkumu əfv edərək sonuncuları ailələrinə və yaxınlarına qovuşdurması cəmiyyətdə vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli mesajlardan biri olmaqla yanaşı, uğurlarımıza sevinməyən bədxahlarımızı və dəstəkçilərini dərin xəyal qırıqlığına uğratdı, onları möhkəm qıcıqlandırdı.Yüksək tribunalardan şablon ifadələrlə, ikili standartlara qulluq edən ittihamlarla, saxta bəyanatlarla ölkəmizə dil uzadan, kükrəyən birilərinin arqumentlərini əllərindən aldı, onları “tərksilah” etdi desək, yəqin ki, yanılmarıq. Hakimiyyətin opponentlərini məyus etmiş, onları kədərə soxmuş bu uzaqgörənliyi, cəsarəti, dostlarımızı sevindirmiş məlum diplomatik məharəti və comərdliyi dünyanın çeşidli dövlət, siyasi xadimlərindən tutmuş ən mötəbər təşkilatların rəhbərlərinədək çoxu ədalət və insaf naminə yüksək qiymətləndirdi, ən pis halda təqdir etdilər. Ölkəmiz adına atılan bütün addımları hər zaman özlərinin dar və dayaz, primitiv düşüncə bucaqlarından, guya hansısa dövlətin, yaxyd təşkilatın basqısının nəticəsi kimi “dəyərləndirməyə” öyrəşmiş antimilli radikal qüvvələr ölkə və beynəlxalq ictimaiyyət, dairələr tərəfindən birmənalı şəkildə müsbət qiymətləndirilən kütləvi əfv aksiyasını özlərinin gözə görünməyən, olmayan fəaliyyətlərinin nəticəsi kimi sırımağa, bu yöndə özlərinə təskinlik verməyə cəhd etsələr də fakt faktlığında qalır. Görünən dağa nə bələdçi? Yalnız xırda istisnalar olmaq şərti ilə...

Yəni dünənədək Avropanın, Amerikanın yüksək tribunalarından sevdikləri insan haqları mövzusunda moizə oxumağa, bu sahədə “rəhbər göstəriş”lərini verməyə öyrəncəli olmuş, şübhəsiz ki, erməni sevgisindən yoğrulmuş bəzi siyasətbazlar, əllamələr birdən-birə çarəsiz duruma, depressiyaya düşdülər. Bu adamlar əfvə dair son sərəncamın ruhuna və mahiyyətinə aşıq-aşkar şəkildə hansısa mənfi fikir söyləməyə cürət etməsələr də məlum mövzunu manipulyasiya və spekulyasiya predmetinə çevirib bu dəfə “Amnesti İnternational” təşkilatının dili ilə ölkəmizin ünvanına çamur atmağa girişiblər. Guya ki, əfv olunanların çoxluğu Azərbaycanda məhbusların sayının artmasının göstəricisidir və s. Yaxın zamanlaradək bəzi avropalı siyasətbazlar, deputatlarla yerli,”müstəqil” hüquq müdafiəçilərinin hardasa alver, bazarlaşma predmetinə çevirdikləri, elə hər iki tərəfə külli miqdarda vəsait gətirən hansısa “siyasi məhbus” siyahılarının mövcudluğu şübhə altına alınıb, məhkum soydaşlarımızın və yaxınlarının heysiyyatı ilə oynamağa adət etmiş belələrinin xeyirxah obrazlarında maskaları üzlərindən yerə düşüb. Belələri cinayətkarlıqla mübarizə siyasətinin əlifbasını bilmədən, cinayətlərin artma və ya azalma tendensiyasının, açılmasının, baş vermə səbəblərini araşdırmadan primitiv düşüncə tərzləri ilə respblikamızı növbəti dəfə hansısa reytinq cədvəllərində ölkəmizi siyahının sonuna keçirmək istəklərilə həqiqətən tamamilə cığal, qərəzli və islaholunmaz xarakterlərini növbəti dəfə ortaya qoymuş oldular.

Hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin etibarlı təmini istiqamətlərində apardıqlarıiş, kriminogen durumun nəzarətdə olması, ümumən cinayətlərin bir sıra ağır növlərinin ilbəil azalması, açılma göstəricisinin isə 80 faizdən yuxarı olması, əmin-amanlığın yüksək səviyyədə qorunması,asayişin təmini, cinayətkarlıqla mübarizədə əldə edilən müsbət nəticələr geniş ictimaiyyətə də, yerli və əcnəbi hüquq müdafiə qurumlarına, nüfuzlu beynəlxalq təşkilatlara da yaxşı məlumdur, çünki bu barədə aidiyyatı dövlət orqanları tərəfindən KİV-lər vasitəsilə mütəmadi olaraq məlumatlar yayımlanır. Şübhəsiz ki, cinayətkarlığı doğuran səbəblər, onların kriminoloji aspektləri, cinayətlərin artma-azalma tendensiyaları, həyata keçirilən qətiyyətli və prinsipial hüquq mühafizə siyasəti sayəsində açılma göstəricisinin əksər Qərb dövlətlərilə müqayisədə xeyli yüksək olması nəticəsində məsuliyyətə cəlb olunanların, deməli buna görə həm də məhkəmələr tərəfindən cəzalandırılanların sayı kimlərəsə çox görünə, cinayətə görə cəzanın labüdlüyü prinsipinin dönmədən həyata keçirildiyi ölkələrdə bəzən belə tendensiyalar da özünü göstərə bilər və belə durum onları təbii ki, həmin xətdən, doğru yoldan çəkindirməli də deyil. Burada “qızıl ortam” praktikada özünü təsdiqləmiş bir metod da var ki, ölkəmiz də həmin istiqamət üzrə uğurlu məsafə qət edib. Yəni cinayətkarlıqla sərt mübarizə xətti cəza siyasətinin humanistləşdirilməsi ilə paralel şəkildə həyata keçirilir.

Məhz həmin siyasətin uğurla həyata keçirilməsinin növbəti bariz nümunəsidir ki, əfv olunanların arasında elə yerli hüquq müdafiəçilərinin çeşidli, sövdələşmə predmetinə çevrilmiş siyahılarında adları “siyasi məhbuslar” kimi hallanan şəxslər də yetərincəydi və birdən-birə xeyli sayda keçmiş məhkumun azadlığa buraxılması ölkəmizə qarşı vahid mövqedən çıxış edən “müstəqil” ekspertlərin və xarici himayədarlarının “məhbus alveri”nə sarsıdıcı zərbə vurdu və bu, böyük ölçüdə sonuncuları sonradan dövlətimizə qarşı məkrli planlar quraraq reallaşdırmaqdan, saxta arqument bazasından məhrum etdi. Ölkə başçısının məhbus siyahılarını siyasi və maddi gəlir mənbəyinə çevirmiş məlum şəbəkənin üzərinə cəsarətlə getməsi bu çevrəni yenidən toparlanmağa, köhnə bazaya yeni isimlər daxil etməyə sövq edib.

Görün mənəvi cəhətdən deqradasiya, hər şeydən, hətta şəhid mövzusundan da qazanc götürmək arzusu nə həddə çatıb ki, ötən ilin iyulun 10-da Gəncə şəhərində ictimai asayişin qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən 2 polis əməkdaşını qətl edən, bir neçəsini isə yaralayan, hazırda Cinayət Məcəlləsinin bir sıra ağır maddələrinə əsasən təqsirləndirilənlər qismində məhkəmə qarşısına çıxan radikal dini yönümlü bir sıra şəxslər də məlum şəbəkənin maraq dairəsinə düşüb. Törədilmiş ağır cinayətlər, həyatları bahasına asayişi, sabitliyi qorumuş şəhid polislərin hər bir şəxsə örnək olası qəhrəmanlığı, fədakarlığı bir yana qalıb, bir para “müstəqil” hüquqşünas və ekspertlər, onların dəmtutanları isə qondarma məhbus siyahılarını nə vəchlə olursa-olsun uzatmaq sevdasından, asayiş keşikçilərinin qanı üzərindən pul-para, siyasi dividendlər qazanmaq mərəzindən qurtula bilmirlər. Özü də bu cəhdlər elə bəsit və primitiv forma və üsullarla edilir ki, adamın matı-qutu quruyur... Biriləri vətəndaşların təhlükəsizliyi, asayişin, əmniyyətin keşiyindədir, bu yolda hətta həyatlarını da qurban verirlər, digərləri isə sabitliyə, əmniyyətə qəsd edən, iğtişaşlar yaratmaqla dövlətçiliyə qəsd edən, bu yolda polis əməkdaşlarını belə qətl etməkdən çəkinməyən radikal, antimilli ünsürlərin guya ki, hüquqlarını cani-dildən müdafiə edirlər, onların istintaq prosesində guya işgəncələrə məruz qalmalarına dair dezinformasiyalar yaymaqla sonuncuları zorla özlərinin “çörək ağacları”na-“siyasi məhbus” siyahılarına pərçim etməyə çalışırlar.

Məlum olduğu kimi, əhatə dairəsinə, Yer kürəsinin bütün bölgələrində geniş izləyici sayına və əhəmiyyətinə görə dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi – “SOCAR Azərbaycan Qran-Prisi” cari il aprelin 26-dan 28-dək olan müddətdə Bakı şəhərində keçirilib. Mübaliğəsiz demək olar ki, həmin möhtəşəm 3 gün ərzində Bakı şəhəri Pekin, Honkonq kimi əvvəlki təsnifat mərhələlərini adlamış dünyanın azman paytaxtları kimi Formula 1-i ən yüksək səviyyədə keçirməklə yüz milyonlarla azarkeşin diqqətini özünün füsunkar gözəlliyinə, Qərblə Şərqin vəhdəti olan arxitekturasına, sözügedən yarışların mükəmməl səviyyədə təşkilinə cəlb etdi, planetin ən məşhur televiziyalarının, KİV-lərinin, sosial şəbəkələrinin manşetinə düşərək eninə-uzununa adı hallandı, dillərə dastan oldu. Təbii ki, hər bir yurdsevər, vətənsevər, normal məntiqi, düşüncəsi olan hər bir şəxs dünyaca məşhur belə bir idman yarışmasının ölkəmizdə, onun paytaxtında keçirilməsindən sonsuz qürur duyar, mükəmməl təşkilatçılıq qabiliyyəti və bacarığı ortaya qoymuş ölkə rəhbərliyinin, həm də hər birimizin, Azərbaycanın uğurunaürəkdən sevinər, respublikamızın, onun milli adətlərinin, eləcə də idman ənənələrinin tanıdılması baxımından belə tədbirlərin burada daha çox keçirilməsini arzulayardı. Hələ onu demirik ki, belə mötəbər idman tədbirinin paytaxtımızdada təşkili ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, respublikamızda həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara beynəlxalq birlik və idman ictimaiyyəti tərəfindən verilən yüksək qiymətin əyani təzahürüdür.

Lakin ölkəmizin, hakimiyyətin növbəti nailiyyətinə, parlaq uğuruna sevinmək iqtidarında olmayanlar, cığallıqlarından, qərəzkarlıqlarından və yersiz təkəbbürlüklərindən tərəfdaşları arasında da hər zaman problemlər yaşayanlar indi dövlət mənsublarını şöhrətpərəstlikdə, guya vətəndaşları saya almamaqda günahlandırırlar. Tarixin ironiyasına baxın: vaxtilə liderlərinə, prinsiplərinə, əqidə yoldaşlarına xəyanət edənlərin, ortabab idman meydançasını doldurmaqda acizlik çəkənlərin gözlərini paxıllıq, xudpəsəndlik, qəflət elə bağlayıb ki, onlar sərbəst toplaşmaq azadlığını bir dəyər olaraq hörmətdən, urvatdan saldıqları bəs deyilmiş kimi, tam üç gün ərzində dünyanın xəbər, idman gündəmini zəbt etmiş əfsanəvi bir yarışla özlərinin miskin mitinqçilik azarları, mənasız məşğuliyyətləri arasında anologiya da aparırlar(?!)

Yeri gəlmişkən, daxili işlər orqanlarının şəxsi heyəti də Formula-1 kimi mötəbər beynəlxalq idman yarışı günlərində ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunmasını, planlaşdırılan tədbirləri yüksək səviyyədə həyata keçirib. Təxminən 26 il əvvəl hakimiyyətə gəlib ölkəni vətəndaş müharibəsi təhlükəsi, dağılmış iqtisadiyyat və cinayətkarlığın tüğyan etməsi ilə üzbəüz qoymuş, indi Milli Şura və ya Azərbaycan Xalq Hərəkatı kimi qondarma qurumlarda təmsil olunan köhnə tanış simalar indi də xarici havadarlarından aldıqları təlimatlara və sifarişlərə uyğun olaraq, mötəbər yarışların, kütləvi tədbirlərin keçirildiyi, yaxud gözlənilən növbəti siyasi, diplomatik uğurlar qazanacağımız ərəfəsində beynəlxalq təşkilatlara ölkəmizdə guya demokratik azadlıqların azlığı, insan hüquqlarının pozulması barədə dezinformasiyalar göndərir, respublikamız barədə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar.

Ancaq onlar bilməmiş deyillər və son ayların təcrübəsi göstərir ki, dünyanın ən inkişaf etmiş dövlətlərində də polis asayişi mühafizə funksiyalarını yerinə yetirərək istənilən qanunsuz aksiyanın qarşısını da alır, ictimai qaydanı kobud şəkildə pozan, tabeçilik göstərməyən şəxslərə qarşı fiziki güc də tətbiq edir. Və bu zaman normal düşüncə, məntiq sahibi olan hər hansı ictimai və ya siyasi təşkilat nümayəndəsi polisi öz vəzifə borcunu yerinə yetirdiyinə görə qınamır, məzəmmət obyektinə çevirmir. Hələ biz onu demirik ki, ara-sıra Avropa ölkələrindən, məsələn demokratik azadlıqların ayaq açdığı, “sarı jiletlilər”in timsalında Paris şəhərindən də yan keçməyən kütləvi etiraz aksiyalarının, müxtəlif tətillərin qarşısının alınması bəzən asayiş keşikçiləri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalarla da müşayiət olunur. Bu kontekstdə konkret olaraq, Şimali Afrikada və Yaxın Şərqin bəzi dövlətlərində qırğınlarla, böyük dağıntılarla və hakimiyyətin zorla dəyişdirilməsi ilə nəticələnən məlum proseslərin sonda həmin ölkələrin xalqları üçün nə ilə yekunlaşdığı, onlara hansı sürprizlər bəxş etdiyini görməmək mümkün deyil. Necə deyərlər, zaman ən böyük və ədalətli hakimdir!

Belələrinə qısa bir xatırlatma yerinə düşərdi. Əvvəla, həm siyasi, həm sosial-iqtisadi, həm də demokratik islahatların uğurla həyata keçirildiyi, dünyanın inkişaf edən ölkələri sırasına çıxmaqda olan Azərbaycanı hər hansı bir Şərq, yaxud Qərb dövləti ilə müqayisə etməyin, ölkəmizdə inqilab, üsyan, yaxud vətəndaş müharibəsi üçün münbit şərait olduğunu düşünməyin özü, ən azından qərəzli yanaşmadır. Azərbaycan vətəndaş müharibəsini də görüb, çevriliş cəhdlərini də, ümummilli liderimizin müdrikliyi, ölkə Prezidentinin dərin zəkası, qətiyyəti və uzaqgörənliyi sayəsində qansız-qadasız ən demokratik islahatları və inkişafı da. Gənc respublikamız dünyanın demokratik, sivill, hüquqi dövlətlərindən biri kimi bütün bu sayaq problemləri keçmişdə qoyub və indi bizim üçün yalnız bir düşmən, bir müharibə cəbhəsi var.

Əməkdaşlarımız və hərbi qulluqçularımız ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda fədakarlıq göstərib bu yolda qurbanlar verməklə yanaşı, sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın qorunmasında, qanunsuz aksiyaların qarşısının alınmasında hər zaman öz həlledici sözünü demiş və bundan sonra da deyəcəklər..

635x100

Şərhlər

Kosmodian 2019-05-01 14:05:08

Muxalifət, elə "Bəlkə də Qarabağı qaytardılar?" 25 illik xam "milli" siyasi xülyadan ilham alır.

Qadir 2019-05-01 14:05:08

pryanik yox kökə

Son yazılar