“Tələbəlik vaxtlarımda bayramı Ramiz Mehdiyev təşkil edirdi...” – Sabiq dövlət müşaviri

Bu gün dünyanın bir çox ölkələrində 1 May Beynəlxalq Zəhmətkeşlər Günü müxtəlif tədbirlərlə - əsasən mitinq və yürüşlərlə qeyd olundu. Sovet hökuməti zamanında Azərbaycanda da təntənəli şəkildə qeyd olunan 1 May bayramı müstəqillik illərində tamamilə yaddan çıxdı. Elə bu gün də Azərbaycanda zəhmətkeşlərin beynəlxalq bayramı heç kimin yadına düşmədi. Baxmayaraq ki, məsələn, qardaş Türkiyədə bu bayram sol qüvvələrin təşkilatçılığı ilə kütləvi tədbirlərlə yadda qaldı.

Bəs Azərbaycanda 1 May bayramına bu laqyidliyin səbəbi nədir?

Bu barədə keçmiş kommunist, sabiq dövlət müşaviri Rasim Ağayevlə söhbətləşdik.

- Rasim bəy, dünyada sol qüvvələrin təşkilatçılığı ilə 1 may tarixi Beynəlxalq Zəhmətkeşlər Günü kimi qeyd edir. Bu məqsədlə mitinqlər, paradlar, kütləvi tədbirlər keçirilir. Azərbaycanda bir neçə kommunist, o cümlədən sosial demokrat partiyaları fəaliyyət göstərir. Niyə bizdə bu əlamətdar günü solçular qeyd etmir?

- Azərbaycanda bu məsələ haqqında çox nadir hallarda düşünürlər. Mən buna təəssüf edirəm. Ümumiyyətlə, bəzi siyasi qüvvələr və şəxslər elə düşünürlər ki, Azərbaycana Beynəlxalq Zəhmətkeşlər Gününü kommunistlər gətirib. Əslində bu tarix XX əsrin əvvəllərində Amerikada yaranıb. Sonradan kommunistlər bu bayramı qeyd etməyə başlayıblar. Beləcə 1 May Bayramı siyasi məzmununu itirərək xalq bayramı oldu. SSRİ məkanında bu bayramı mətbuat yaz bayramı kimi təqdim edirdi. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra 1 Mayın tarixi bayramlar siyahısından çıxarılmasının nəyin düşmənçiliyi olmasını indiyə qədər anlamamışam. Onlar özlərini xalq təşkilatı adlandırırdı, amma xalqın bayramını ləğv etdilər. Bəyəm nüfuz qazanmaq üçün bayramı təqvimdən çıxarmağa ehtiyac var idi? Normalda sən azadlıq ver, istəyən bu bayramı qeyd edəcək, istəməyən etməyəcək. Ondan sonra Heydər Əliyev hakimiyyətə gələndə bayram qaytarılsa da, qeyd olunmur. Görünür bu bayramı unutmaq istəyirlər. Ancaq bunu hansı məqsədlə etdiklərini anlamıram. Bəyəm 1 May bayramı unudulsa bütün problemlər düzələcək?

İkincisi, tarixin gözə görünməyən əlaqəsi olur. Bu əlaqələri sındırmaqla nəsillərin həyatını pozursan və ictimai yaddaşa zərbə vurursan. Məsələn, Azərbaycanda 40-yaşından yuxarı insanlar hər zaman bu bayramı qeyd edib, bayram günü mitinqlərdə olublar, sonra yeyib-içiblər. Bunda pis şey axtarmağa dəyməz.

- Siz özünüz 1 May bayramını qeyd edirsinizmi?

- Mən bu bayramı qeyd edirəm. Bu gün də dostlarımla toplaşıb qeyd edəcəyik. Mənə heç kim deyə bilməz ki, niyə bayramı qeyd edirsən. Kim istəmirsə qeyd etməsin. Məncə, hansı hakimiyyətin olmasından asılı olmayaraq bu bayramda insanlarla görüşmək, onlarla maraqlanmaq hakimiyyətin özü üçün qazanc olar və xalq tərəfindən müsbət qarşılanardı. Bəli, ola bilsin ki, xarici qüvvələrin xoşuna gəlməz. Amma belə məsələlərdə xarici qüvvələrdən çəkinmək siyasi müstəqilliyimizə uyğun olmazdı.

- Bəs, sizcə Azərbaycanda olan bir neçə kommunist və sosial demokrat partiyaları niyə bu bayram gününü qeyd etmirlər?

- Onlar dediyiniz ideologiyanı daşımır, sadəcə olaraq kommunist və sosial demokratların adlarını mənimsəyiblər. İstəyirlər ki, bu şəkildə siyasi qüvvəyə çevrilsinlər, tarixə düşsünlər. Zənnimcə, Azərbaycanda bu ideologiyaya arxalanan ciddi siyasi qüvvə yoxdur. İnsanlar var, ancaq ideoloji təşkilat yoxdur. Məncə, müəyyən zaman keçməli, nəsillər dəyişməlidir ki, yeni ideoloji partiya yaransın. Bu halda həmin partiya cəmiyyətdə ictimai-siyasi məzmununu artıra bilər. Demokratiya xalqla əlaqə saxlamaq, xalqla birgə yaşam, onun arzusunu həyata keçirməkdir. Son 30 ildə hansı bayram yaranıb, hər il davamlı qeyd olunub? Məncə, tarixdə nəsə yaranıbsa və xalq bunu qeyd etməkdə maraqlıdırsa, buna stimul vermək lazımdır.

- Niyə bizdə bu bayramın qeyd edilməsinə bəzi siyasətçilər şimaldan gələn təhlükə kimi baxır?

- Belə qəbul olunması məncə savadsızlıqdan irəli gəlir. Belə düşünənlər bəlkə də, anlamırlar ki, 1 May bayramı Rusiyada deyil, Amerikada yaranıb. Üstəlik, bu bayram Avropada qeyd olunur. Bəli, 1 May bayramı SSRİ zamanı sovet bayramı kimi təqdim olunurdu. Ancaq bu başqa məsələdir. Siz də bunu milli bayram kimi keçirin. Bu bayramın 100 illik tarixi var, 3-4 nəsil azərbaycanlı bu bayramı qeyd edib. Üstəlik gözəl təşkilatçılıqda olub, camaat parada çıxırdı, yeyib-içirdi.

- Siz uzun illər Azərbaycan Kommunist Partiyasının üzvü olmuşunuz, vəzifələrdə çalışmışınız. Bu gün ölkəmizdə bayramı fərdi şəkildə qeyd edənlər varmı?

- Mənim tanıdığım çox adam bu bayramı həmişə qeyd edir. Əslində bu bayram bizim ənənəmiz, mənim yaşda olan insanların həyatının bir hissəsidir. Hər zaman sevimli bayramlardan biri olub. Şəxsən mən “mayovkanı” dostlarıma qeyd edəcəyəm. Bayaq dostlara və tanışıma dedim ki, axşam gəl, 2-3 nəfər də olacaq, oturub qeyd edək.

- Keçmiş kommunistlər?

- Yox. Köhnə kommunist bir mənəm. Digərləri partiyasızdır, kommunist olmayıblar. Qəribə buradadır ki, heç kommunist olmayıblar, amma bayramı qeyd etmək istəyirlər. Ümumiyyətlə, bu daha çox şəhər əhalisinin bayramı idi. Hər halda sovet vaxtı da vətəndaşların bir qismi yığışıb qeyd edirdilər. Axı nə var, niyə bu bayramdan qorxmalıyıq? Bunu insanların yaddaşından silmək nə qədər düzgün haldır? Zorla camaatı millətçi etmək istəyirlər. Bizim evdə hələ sovet vaxtı ən sevimli bayramımız Novruz bayramı və “mayovka” idi. İnsanlar şəhərə çıxırdı, gəzirdi, bağlara gedirdi. Bir sözlə, camaat kef edirdi. İndi də buna böyük ehtiyac var, çünki həyatda ürək açan heç nə yoxdur. Bəli, oktyabr bayramını etməyin, bu kommunistlərin bayramıdır, siyasi məna daşıyır və s. Axı 1 May bayramı kommunistlərin deyil, zəhmətkeşlərin bayramıdır. Biz özümüzü qərb ölkələrini oxşatmaq istəyirik, amma qərb ölkələrində kommunistlər toplaşıb bayramı qeyd edirlər.

- Axı problem ondadır ki, bizdə bir neçə kommunist partiyası olsa da, əslində kommunistlərin özləri yoxdur...

- Yoxdur. Sosial demokratlar ölüblər? Bir neçə kommunist partiyası varsa və bunu qeyd etmirlərsə, deməli partiya yoxdur. Mən xatırlayıram, Ramiz Əhmədovun sədri olduğu zaman Kommunist partiyası bu tarixdə Nəriman Nərimanovun heykəl abidəsini ziyarət edirdilər. Sonra da hər kəs bayramı qeyd edirdi. Üstündən görün neçə illər keçib, indi bayram olmasaydı heç kommunistlər də yada düşməzdi. Qeyd edim ki, tələbəlik vaxtlarımda bayramı Ramiz Mehdiyev təşkil edirdi. Sabah bayramın qeyd edilməsinə qadağa qoyulsa, mən yenə qeyd edəcəyəm. Hesab edirəm ki, bayramla zorakılıq olmaz. Zorakılıq isə kommunistlərin ənənəsidir. Yadıma gəlir, müharibədən sonra anam Novruz bayramına xüsusi hazırlaşırdı, bizdə uşaq vaxtı şamları pəncərədə yandırırdıq və sevinirdik. Heç bilmirdik bu nədir. Həmin vaxt Novruz bayramını qeyd edirdik. Baxmayaraq ki, atam prokuror və köhnə kommunistlərdən idi. Ancaq buna baxmayaraq evdə Novruz bayramını qeyd edirdi və bizdə sevinirdik. Fikrimcə, bayramla mübarizə aparmaq olmaz. Sonda da rəhmətlik Şıxəli Qurbanov gəlib Novruz bayramının keçirilməsinə nail oldu. Bu mənada hesab edirəm ki, bayramı silmək olmaz. Novruz qadağan olunmuşdu, amma hamı evində onu keçirirdi.

- Yəni kommunistlər hakimiyyətə gəlib Novruz bayramını ləğv etdi, Cəbhəçilər isə hakimiyyətə gəlib Beynəlxalq Zəhmətkeşlər Bayramını təqvimdən çıxardı...

- Bəli. Əslində ikisi də qeyd olunsun. İndi dünyada insanlar bir-birinə qarışıb. Avropada yəhudi, rus bayramları qeyd olunur. Bizdə isə yapışıblar ki, 1 May bayramını yaddan çıxaraq. Əslində bunların hamısı ideoloji qeyri-müəyyənlikdən doğur. Özləri də bilmirlər ki, hansı ideologiyaya qulluq edirlər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-05-01 23:31:05

Əslində bu bayram komminist bayramı yox. bütövlükdə zəhmətkeşlərin bayramı, bütöv xalqların həmrəylik bayramıdır. Sanıram heç olmasa ildə bir dəfə insanların bir araya gəlib, bu bayramı qeyd etmələri millətə də dövlətə də fayda xoş ovqat gətirər. Çünki bu həm də qeyd etdiyim kimi birlik və həmrəylik rəmzidir.

Son yazılar