“QARABAĞI AZAD ETMƏK ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT YARANIB” – “Bu şansı qaçırmamalıyıq”

Dərc olunub: 02/05/2019 - 08:00

qudret

Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, NATO PA-nın bu günlərdə Brüsseldə keçirilən100-cü Rouz-Rous seminarında iştirak etmisiniz, nələr müzakirə mövzusu idi?

– Əsas müzakirə mövzusu NATO-Rusiya münasibətləri idi. Əsas məsələlər Ukrayna torpaqlarının Rusiya  tərəfindən işğalı, Ukrayna və Gürcüstanın NATO-ya üzv olması idi. Müzakirələr nəticəsində bir daha bəlli oldu ki, bu barədə açıq danışılmasa da, məhz Rusiya tərəfindən Ukrayna və Gürcüstanın ərazi bütövlüyü pozulduğuna görə həmin dövlətlərin yaxın gələcəkdə NATO-ya üzvlüyü mümkün deyil. Ukrayna nümayəndə heyəti ABŞ və Britaniyanın Ukraynanın ərazi bütövlüyünə qarant olan dövlətlər olmasına baxmayaraq, işğal zamanı həmin dövlətlərin, hal-hazırda isə ABŞ-dan başqa heç kimin onlara kömək etməməsindən gileylənirdilər. Müzakirələr zamanı o da qeyd olunurdu ki, üzv dövlətlər 2024-cü ilə qədər müdafiə xərclərini ÜDM-in ən azı 2%-nə qədər artırmalıdırlar. Müzakirələr zamanı söylədim ki, indiki vəziyyətin yaranmaması üçün Qərb zamanında Rusiyanın demokratikləşməsinə ciddi yardım etməli idi. Eyni zamanda məruzəçilərə müraciət etdim ki, siyasi ekspertlər arasında geniş yayılmış belə bir provokativ ideyanı şərh etsinlər. Qərbin böyük dövlətləri ilə Rusiya qarşıdurması hər iki tərəfə kiçik dövlətləri daha sözə baxan etmək baxımından sərfəlidir.`

Qərb Ukraynanın 20 % torpaqlarının işğalına göz yummaqla digər 80%-ni Rusiyaya düşmən etdi. Əgər əvvəllər qərbyönümlü Yuşenkodan sonra rusiyayönümlü Yanukoviçin prezident seçilməsi mümkün idisə, hazırda bu mümkün deyil. İki qardaş slavyan xalqı uzun dövr üçün artıq düşmən olub.

Vaxtilə hərbi xərclərin artırılması barədə çağırışları qulaqardına vuran Avropa dövlətləri işğaldan dərhal sonra 2014-cü ildə bu barədə qərar qəbul etdilər. Başa düşdülər ki, onların təhlükəsizliyinin qarantı ABŞ-dır və onun dediklərinə qulaq asmaq lazımdır. Ermənilər isə hər dəqiqə qərbyönümlü olduqlarını və Rusiyaya nifrət etdiklərini hiss etdirmək üçün yersiz şərhlər və suallar verirdilər.

- Qüdrət bəy, Qarabağın işğaldan azad olmasına NATO hər hansı formada kömək edə bilərmi?

– Yox, beynəlxalq təşkilatlar, hətta BMT Təhlükəsizlik Şurası bu məsələ ilə maraqlanmır. Əks halda biz TŞ-nın üzvü olanda bu məsələni qaldırardıq. Hazırda Qarabağın işğaldan azad olunması üçün əvvəlki illərlə müqayisədə daha əlverişli şərait yaranıb. Qərb-Rusiya qarşıdurması mövcuddur və bizim təbii müttəfiqimiz Türkiyə ilə Rusiya arasında yaxşı münasibətlər mövcuddur. Eyni zamanda Rusiya bilir ki, ilk əlverişli beynəlxalq şəraitdə Paşinyanın liderliyi ilə ermənilər onları qotur keçi qiymətinə Qərbə satacaq. Ona görə də Azərbaycan bu şansı qaçırmamalı və Rusiya ilə anlaşıb torpaqlarımızı işğaldan azad etməlidir. Hazırda biz qaçqınlarımızı burda, ermənilər isə işğal altındakı torpaqlarımızı orada məskunlaşdırır. Zaman keçdikcə torpaqların işğaldan azad olunması mümkünsüz olacaq.

- Bəzi siyasətçilər Rusiya ilə anlaşıb onların maraqlarının Azərbaycanda təmin edilməsini suverenliyimizə təhdid hesab edir və bəyan edirlər ki, kəfən geyinib vuruşmaq lazımdır. Siz nə düşünürsünüz?

– Rusiyanın razılığı olmadan bu savaşa başlamaq böyük dağıntılar və itkilər deməkdir. Əlbəttə, Rusiya ilə anlaşa bilməsək, sonda bu varianta getməli olacağıq. Vuruşmağa gəldikdə isə Qarabağ məsələsindən siyasi məqsədlər üçün istifadə edənlərə üzümü tutub demək istəyirəm ki, indi müharibə başlasa avtomatla olmayacaq. Qoy maraqlansınlar, aprel savaşı zamanı bizim neçə hərbçimiz güllə yarasından şəhid olub? İndi döyüş meydanında qələbəni təmin etmək üçün döyüş təyyarələri, vertolyotlar, artilleriya atəşləri, raketlər, pilotsuz dronlar, tanklar, tank və artilleriya əleyhinə raket kompleksləri və s. müasir silahlar və onlardan peşəkarcasına istifadə etməyi bacaran hərbçilər lazımdır. Bilirsiniz yadıma nə düşdü? Bir dəfə AXC-nin liderlərindən olmuş birisi vəzifəsindən geri çağırılandan sonra “Qələbə” meydanında təşkil olunmuş mitinqdə bəyan etdi ki, Qarabağı yalnız qarabağlılar azad edəcək. Bu çıxışından sonra çağırıb dünyanın o başına göndərdilər. Qarabağ da yaddan çıxdı, qarabağlıların Qarabağı azad etməsi vəzifəsi də, bu məqsədi naminə aldadıb başına yığdığı və istifadə etdiyi qarabağlılarla birlikdə yaratdığı təşkilat da. Ona görə də bəzi adamların pafoslu çıxışlarına əhəmiyyət vermək lazım deyil. Biz qərar qəbul edərkən xalqımızın Qarabağın azadlığı üçün hansı qəhrəmanlığa və fədakarlığa hazır olmasını da  mütləq nəzərə almalıyıq.










loading...


Fikrinizi bildirin