“MƏN MÜLKÜMÜ VƏTƏNİMƏ ƏMANƏT ETMİŞDİM…” – Həkim-cərrahdan Prezidentə təsirli müraciət

Dərc olunub: 06/05/2019 - 11:10

İcra Hakimiyyətinin başçısının, DİN-nin bəzi baş idarə rəislərinin vətəndaşların evini qanunsuz olaraq uçurdan şirkəti himayə etdiyi bildirilir

154367895413789687395c02abea6e654

“Şirkətin mənə vurduğu zərər 843 min 726 manatdır”

Hazırda xaricdə həkim-cərrah olaraq çalışan İskəndərov Qafar Bədəlxan oğlu ölkə Prezidenti İlham Əliyevə “AzPolitika.info”saytı vasitəsilə Açıq məktub ünvanlayıb. Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 25/27 saylı ünvanda yerləşən evinin qanunsuz olaraq dağıdıldığını və talan edildiyini bildirən həkim-cərrah, bunu edən “REGAL” MTK-nın rəhbərliyinə, sahiblərinə və himayəçilərinə qarşı çox ağır ittihamlar səsləndirib. 

“AzPolitika.info” həmin müraciəti olduğu kimi dərc edir:

“Evim “REGAL”MTK tərəfindən razılaşma və məhkəmə qərarı olmadan uçurulub” 

“Hörmətli,cənab Prezident!

qafarSizə açıq məktubla müraciət etməyimə səbəb indiyə qədər ünvanladığım müraciətlərin Sizə çatdırılmasının kimlərsə tərəfindən qarşısının alınması və bu üzdən cavablandırıla bilinməməsi ilə bağlı qənaətim, aidiyyəti dövlət orqanlarının mənim şikayətlərimə baxmamaları olmuşdur.

 

İlk öncə istərdim ki, bu məktub şikayətçi bir ölkə vətəndaşının müraciəti kimi deyil, Sizə və apardığınız islahatlara dəstək verən, ölkəmizin firavanlığını və Vətənimzin rifahını, dövlətimizin qüdrətli və dövlət rəhbərliyinin güclü olmasını istəyən bir ziyalının sözü, fikri, istəkləri kimi qəbul edilsin. Bəli, Sizə müraciət edən bu ziyalı həkim-cərrahın Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “REGAL” MTK rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub, yerlə bir edilib. Bu sıradan, adi hesab olunan bir hadisə deyil, bu, bir faciədir. Elə bir ziyalı həkimin faciəsidir ki, evini ölkəsinə və dövlətinə əmanət edərək ruzi qazanmaq, yanaşı olaraq, millətini və məmləkətini xaricilərə tanıtdırmaq üçün müxtəlif xarici ölkələrə üz tutub.

Vətən bir insanın varının-yoxunun, malının-mülkünün, yaxınlarının və sevdiklərinin olduğu, qorunduğu bir diyardır. Vətən mal-mülkün, əmanət olunduğu bir yerdir, istər dövlətə, istər dövlətin məmuruna, istərsə də vətənin hər bir övladına etibar olunan əmanətdir. Yalnız bu cür yanaşmaqla Vətən anlayışının ətrafında birləşmək mümkündür.

Mən bu məktubumda mülkiyyət hüquqlarımın müdafiəsi ilə bağlı bir hüquqi normanın adını belə çəkməyəcəyəm. Təəssüf ki, bu anlayış öz dəyərini artıq itiribdir, yaxud bəzilərinin gözündə dəyərsizləşibdir. Halımızı düşünərək hesab edirəm ki, ölkəmizdə mülkiyyətin toxunulmazlığı və qorunması, bu anlayışın “müqəddəsliyi” təkcə normativ qanunlarla deyil, düşüncə və yanaşmalarımızla, söz və əməllərimizlə təmin olunmalıdır. Mülkiyyətin qorunması, başqalarının mülkiyyətinin toxunulmazlığı, başqalarının malına-mülkünə göz dikilməməsi, başqasının mal-mülkünə hörmət qoyulması bu günkü gündə əsas ictimai və fərdi müzakirə mövzusu olmalıdır. Əks halda, mal-mülklə bağlı məhkəmə çəkişmələrinin sonu görünməyəcəkdir. Qənaətimcə, başqasının mal-mülkünə, onun toxunulmazlığına qarşı düşüncə təkcə Konstitusiya norması ilə deyil, ailə tərbiyəsi mövzusu və ictimai tərbiyə yanaşması ilə də formalaşdırılmalıdır.

Diqqət yetirək! Özlərini sahibkar adlandıranlar, özlərini xüsusi dini ziyarət titulları ilə “bəzəyənlər” (“hacılar”, “seyidlər”) bir ziyalının, ömrünün böyük bir hissəsini elmə-peşəyə həsr edən bir həkimin evini nə üçün, hansı düşüncə ilə uçurublar? Milyonlara sahib olmaq üçünmü? Axı bu cür necə milyonlara sahib olmaq olar ki, bu milyonların bünövrəsi birilərinin lənəti, ah-naləsi, mənəvi sıxıntıları və ruhi sarsıntıları üzərində qurulsun? Birisinin mülkiyyətinə qəsd edəninin, yaxud qəsd etmək düşüncəsində olanın, ilk öncə, düşünürəm ki, bunu dərk etməsi lazımdır. Yoxsa ki, məhkəmə cəzası, dövlət tədbiri bu insanlara nə tərbiyə verəcəkdir?

İlk öncə, bu insanların düzgün tərbiyəsinə, düşüncə və baxışlarını dəyişmələrinə nail olmamız lazımdır. Əlbəttə ki, müvafiq cəza da yerində olmaqla, yoxsa, təkcə tərbiyə ilə də bu məqsədlərə nail olmaq mümkün olmayacaqdır. Hal-haırda sirkətin mənə vurduğu zərər 843 min 726 manatdır.

“Deyirlər ki, biz buyuq, güclüyük, məhkəmə qərarı olmadan belə evinizi yox edə bilirik!”

Hörmətli cənab Prezident!
Bəlkə də evim, məhkəmə qərarı ilə, yaxud hər hansı sair qanuni əsaslarla sökülsə idi, mənə bu qədər təsir etməzdi. Amma, məsələ tamamilə fərqlidir. Mənim evim sökülməmiş, yaxud təbii axarı ilə uçmamışdır,  “REGAL” MTK-nın rəhbərliyi, bu tikinti şirkətinin sahibləri və ona havadarlıq edənlər tərəfindən məhz qəsdən uçurulmuş və bilərəkdən məhv edilmişdir. Özü də, Bakıda olmadığım müddətdə, xarici ölkələrdən birində müqavilə əsasında işlədiyim bir vəziyyətdə. O vəziyyətdə ki, bir həftə sonrasına biletim var idi. O vəziyyətdə ki, MTK rəhbərliyi müqavilə əsasında işlədiyimdən məlumatlı idi. O vəziyyətdə ki, bir həftə sonra Bakıda olacağımdan xəbərdar edilmişdilər və bunu qəbul da etmişdilər. Bəs nə idi onları bir həftə belə gözləməyə, mənim gəlişimə səbirli olmalarına imkan verməyən? Bu, onları uçuruma aparan nəfsləri və təkəbbürlükləri, mənəm-mənəmlikləridir. Onlar, sanki mənimlə – ölkələrinin bir ziyalısı ilə döyüşürlərmiş kimi davranıblar. O üzdən mən Bakıya çatana kimi masada döyüş üstünlüyü qazanan tərəf kimi oturmaq düşüncəsi ilə uçurmuşlar evimi. Yəni, deyirlər ki, artıq evin yoxdur, nə edə biləcəksən, barışmaq məcburiyyətindəsən, biz buyuq, güclüyük, məhkəmə qərarı olmadan belə evinizi yox edə bilirik. Hətta evini sökdükdən bir sutka sonra 13 № dövlət natoriusu ilə səlahiyyəti olmayan şəxslə sənin adına müqavilə bağlaya bilirik. Bizim gücümüzlə hesablaşmaq məcburiyyətindəsən.

images (1)

Bunların mənə vermək istədikləri mesajlar bu idi. Havadarlarını da sadalamaqdan çəkinmirlər: rayon İcra Hakimiyyətinin başçısı, şəhər və rayon prokurorları, şəhər və rayon polis idarəsi rəisləri, DİN-nin bəzi baş idarə rəisləri və s. Görün, bir həkim-cərrahın qarşısına öz evinin əlindən alınması üçün kimləri çıxarıblar.

O həkimin ki, öz əlləri ilə hər gün iş başında neçə-neçə insanın həyatda qalmasına səbəb olur. Təsəvvür edin, Müqəddəs Quran bir insanın ölümdən qurtarılmasını bütün bəşəriyyətin xilası kimi təqdim edir insanlığa. Elə isə, gündə dəfələrlə bəşəriyyətin xilası ilə məşğul olan birisinə, sənəti insanlığa xidmət olan birisinə qarşı bu cür əməl törətmək, onu evindən məhrum buraxmaq günah deyilmi, cinayət deyilmi?

“Bu cür  şirkət rəhbərləri məmləkəti satmağa hazır olan  mənfəətkar məxluqlardırlar”

Əziz Prezidentim!

Məhz bu cinayətkar əməllərinə görə bunları tərbiyələndirmək və qanunin gücü ilə cəzalandırmanız lazımdır. Mənə görə deyil, ölkəmiz adına, ölkəmizin əmin-amanlığı və firavanlığı adına. Əslində bunlar sahibkar, investor deyildirlər. Bunlar bu adlarla pərdələniblər. Bunlar kapitalisdirlər, “kapital- kar”lardırlar. Mən çox ölkələrdə olmuşam, lakin heç bir ölkədə bu cür kapitalistlərə rast gəlməmişəm. Bunlar insanları talan etmək düşüncəsində olan kapital “aşıqləridirlər”.

Bu cür düşüncəli, bu cür əməl sahibləri olan şirkət rəhbərləri məmləkəti satmağa hazır olan, məmləkətin varını-yoxunu xaricə daşımağa və daşıtdırmağa hazır olan mənfəətkar məxluqlardırlar. Bu gün bunların bu ölkədə qazandıqlarının bir qəpiyini belə ölkədə saxlamaq firkiləri yoxdur. Çünki bunlar ölkəni düşünən, onun gələcəyini düşünən həqiqi sahibkar deyillər. Düşünsəydilər bir ziyalıya qarşı bu cür hərəkətə yol verməzdilər. Bunların düşünən beyinləri olsa idi, insanlığa xidmət edən həkim-cərrahın evini uçurmaz, üstəlik də bu əməlləri ilə təkəbbürlənməzdilər.

Hazırda, işim Ali Məhkəmədən Bakı Apellyasiya Məhkəməsində təkrar baxışa qaytarılmışdır. Özüm isə hazırda xarici ölkələrdən birində iş başındayam. Məhkəmədə şəxsən iştirak etmək niyyətindəyəm. Rəhbərimiz olaraq Sizdən bir ziyalı vətəndaşınız kimi umduğum başıma gətirilənlərə bağlı mübahisəyə məhkəmələrimiz tərəfindən ədalətli yanaşmağın təmin olunmasına göstəriş verməyinizidr.

Eyni zamanda, araşdırılmalıdır ki, nədən Nəsimi Rayon İcra Hakimiyyəti, Nəsimi rayon polisi, Nəsimi Rayon Prokurorluğu bu qanunsuzluğa göz yummuşlar? Nədən asayiş keşikçimiz olan polisimizin 102 xidməti hadisə zamanı və hadisədən dərhal sonra zənglərə əhəmiyyət verməmişdir? Nə üçün, yuxarı prokurorluq orqanları əmlakımın məhv edilməsi ilə bağlı indiyə kimi heç bir tədbir görməmişlər?

Necə olmuşdur ki, qanunsuz tikintiyə icazə verməyən Fövqəladə Hallar Nazirliyi qanunsuz söküntünü diqqətdən yayındırmışdır? Ölkə Prezidenti insanlara xidmətə çağırdığı bir şəraitdə bu aidiyyəti orqanları mənə qarşı edilən haqsızlıq ətrafında birləşməyə vadar edən, yaxud maraqlandıran nə olmuşdur? Hansı maraqları naminə bu qanunsuzluğa göz yummuşlar? Onların bu dar maraqları, “boğazdan aşağı” olan mənfəətləri ölkənin ümumi maralarına xələl gətirmirmi?

“Mənə tövsiyyə edirlər ki, Avropa Məhkəməsinə müraciət edin”

Hərdən mənə tövsiyyə edirlər, hətta məhkəmə hakimlərindən bəziləri də utanmadan “istəyirsiniz Avropa Məhkəməsinə müraciət edin” kimi fikirlər söyləyirlər. Mən isə bu ölkənin ziyalısı kimi düşünürəm, “görəsən bir şirkətin insanlığa sığmayan, rüsvayedici bir əməlinə görə ölkəmdən Avropa Məhkəməsinə şikayət etməyə və dövlətimiz əleyhinə məhkəmə iddiası qaldırmağa dəyərmi?” Hələki bu barədə düşünmürəm.

013100007259

Hörmətli, cənab Prezident!
Başımıza gətirilən bu faciələr və müsibətlər Sizin, həqiqətən də nə qədər ağır bir yük daşıdığınızı, nə qədər ağır bir yükün altında olduğunuzu bariz şəkildə gözlərimiz önünə qoyur. Uca Allah Sizə yardım etsin! Sizin bu ölkəmiz üçün etdikləriniz edəcəklərinizin təminatıdır. Mən buna öz varlığım kimi inanıram. Bir ziyalı kimi Sizi və siyasətinizi dəstəkləyirəm. Ziyalı “ziya”, “nur”, “işıq”, “yol göstərən”, “bəsirət” mənalarında işlədilən bir termindir. Xaricdə yaşayan biz ziyalılar Sizin humanist və sosial yönümlü islahatlarınızı öz ziyamızla, işığımızla bütün dünyada tanıtdrımağa və yaymağa hazırıq. Yetər ki, ölkəmizdə mal-mülkümüzün qorunması, qohum-əqrabamızın təhlükəsizliyi təmin olunsun, əmin-amanlıq və firavanlıq olsun. Mən və bütün xalgımız Sizin və hörmətli 1-ci vitse-Prezidentimizin rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və köməyi ilə ölkəmizdə dünya standartlarina cavab verən neçə-neçə səhiyyə ocaqlarının açılmasını görür və sevinirik.

Müvəqqəti olaraq qürbət həyatı yaşasaq da, daima arzumuz budur ki, vətənimizdə sülh və barışıq olsun. Heç kim heç kimin malına, canına, həyatına qəsd etməsin. Bir ziyalı kimi ölkəmiz üçün istədiklərimiz budur: əmin-amanlıq, hüquqlara hörmət, firavanlıq və xoşbəxtlik.

Ümidvaram ki, yüksək rəhbərlik keyfiyyətləri və insani dəyərlərinizlə Siz barəmdə olan qanunsuzluğun araşdırılmasında, haqsızlığın aradan qaldırılmasında öz köməkliyinizi əsirgəməyəcəksiniz.

Dərin hörmət və ehtiramlaTibb Elmləri üzrə Fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin üzvü, Çexiya Həkimlər Birliyinin üzvü, Avropa Endoskopic Cərrahlar Birliyinin üzvü Qafar İskəndərov”.

P.S. Yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










loading...


Fikrinizi bildirin