HAKİMİYYƏT MÜSAVATDA KİMƏ STAVKA EDİR? – Qubad İbadoğlundan sensasiyalı açıqlamalar

“Hesab edirəm ki, bu, siyasi qərardır və bir qrup tərəfindən mənim Müsavat başqanlığına iddiamın geri götürülməsinə bir təzyiqdir”

Tanınmış iqtisadçı alim, Müsavat başqanlığına namizəd Qubad İbadoğlu “Yeni Müsavat” qəzetinə geniş müsahibəsində sensasiyalı açıqlamalar verib. O, bildirib ki, hüquq-mühafizə orqanlarının rəhbərlik etdiyi QHT-də yoxlamalara başlaması, bank hesablarına həbs qoyulmusı siyasi məsələdir və məqsəd onu başqanlıq uğrunda yarışdan çəkindirməkdir.

Q.İbadoğlu “Azadlığınız müqabilində təklif olunsa ki, namizədliyinizi verməyin, nə edəcəksiniz?” sualını belə cavablandırıb:

“İndiki halda Müsavat başqanlığına iddiamı gerçəkləşdirib, onu namizədlik statusuna gətirmək niyyətindəyəm. Heç bir şərtlə, təkliflə onu dəyişmək niyyətində deyiləm. Həbs olunmaqdan da heç bir qorxum yoxdur. Nəzərə almaq lazımdır ki, bu həbs mənim fəaliyyətimin, əlaqələrimin, malik olduğum resursların daha ciddi şəkildə məhdudlaşdırılması deməkdir. İndiki halda mən görürəm ki, resurslarımın məhdudlaşdırılması prosesi gedir. Söhbət təkcə maliyyə resurslarından getmir. Söhbət vaxtdan, eyni zamanda kampaniya üçün müəyyən hazırlıq işlərindən gedir. Hesab edirəm ki, indiki vaxtda bu istiqamətdə fəaliyyət göstərməliyəm, amma məni başqa müstəviyə çəkiblər. Hansı ki, 3 aydır bu proses başlayıb və mən hər zaman gözləmişəm ki, müəyyən müzakirələrdə iştirak edəcəm. Amma çox maraqlıdır ki, bu müddət ərzində mənə elə bir müraciət olmur. İddianı ortaya qoyanda bəlli olur ki, mən bu işlə bağlı ifadə verməliyəm, bank hesablarıma həbs qoyulmalıdır. Hesab edirəm ki, bu, siyasi qərardır və bir qrup tərəfindən mənim Müsavat başqanlığına iddiamın - hələ ki, elan etməmişəm - geri götürülməsinə bir təzyiqdir.”

Göründüyü kimi, Q.İbadoğlu açıq mətnlə élan edir ki, hakimiyyət onu başqanlıq yarışından çəkindirmək üçün təzyiq edir, bu isə o deməkdir ki, hakimiyyət Müsavat başqanlığı uğrunda yarışda başqa bir iddiaçıya stavka edir. KİMƏ?

Bu suala cavabı Q.İbadoğlunun fikirlərinin davamında tapmaq mümkündür. Başqanlığa iddiaçı özünə qarşı hakimiyyətin təzyiqlərindən danışandan sonar deyir:

“Amma mən iddiamı ortaya qoymuşam və yaxın zamanda namizədliyimi qeydə aldırmaq niyyətindəyəm. Bunun gecikməsinin müəyyən səbəbləri vardı. Çünki biz partiya daxilində də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında bir sıra təkliflər irəli sürmüşdük. Məqsəd Müsavat Partiyasında başqanlıq və digər yerlərlə bağlı keçiriləcək seçkilərdə iştirak edən namizədlərin bərabər hüquq və imkanlarının təminatı ilə bağlı idi. Bildiyiniz kimi, mən iki gün əvvəl Müsavat Partiyasının Divan üzvlüyündən istefa verdim. Düşündüm ki, iddiamı ortaya qoyub, namizədliyimi irəli sürürəmsə, digər namizədlərlə eyni statusda olmağım daha düzgündür. Təbii ki, eyni imkan və hüquqlardan danışmaq mümkündür. Bununla da mesaj yolladım ki, mənimlə bu prosesə qoşulan dostlar da eyni qərarı qəbul etsinlər. Məndə olan məlumata görə, Səxavət Əlisoy da müşavirlikdən istefa verib. Düşünürəm ki, digərləri də yaxın günlərdə seçkilərdə bərabər şəraitin yaradılması üçün hazırkı statuslarından geri çəkilib fəaliyyətlərini dayandıracaqlar. Bir təklif bundan ibarətdir. İkinci qrup təklif isə ondan ibarət idi ki, Müsavat Partiyasında da bir qurum olduğuna, orda inzibati resurslar formalaşdığına görə təklif verdik ki, icra strukturu seçki prosesində iştirak etməsin. Bilirsiniz ki, Müsavatda İcra Aparatı var. Bu aparat geniş maliyyə imkanlarına malik deyil. Amma İcra Aparatı bir statusdur və tənzimləmə imkanlarına malikdir. Eyni zamanda informasiyaya çıxış, qurultay nümayəndələri ilə əlaqələrin yaradılması, müəyyən təsirlərin edilməsi baxımdan İcra Aparatı əlavə inzibati resurslar yaradır. Təklif etdim ki, İcra Aparatı seçki prosesinə qarışmasın. Hətta Azərbaycanda bizim razılaşmadığımız seçki prosesində də Azərbaycan hakimiyyət dairələri çalışır ki, açıq şəkildə icra strukturlarının seçki prosesinə qarışmasına yol verməsinlər. Düşünürəm ki, bu, seçkinin çox sadə və vacib normalarından biridir. Müsavatda keçirilən seçkilərdə də bu, nəzərə alınmalıdır. Bilirsiniz ki, Müsavat başqanlığına namizədlərdən biri İcra Aparatına rəhbərlik edir. O status eyni zamanda imkan verir ki, qurultay nümayəndələrinə müəyyən dərəcədə təsirlər olsun. Eyni zamanda nəzərə almaq lazımdır ki, İcra Aparatının bütün üzvləri Müsavatın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvləridir.”

Q.İbadoğlunun bu açıqlamalarının arxasındakı 2 mesaj aydındır:

Birinci mesaj: Hakimiyyət Müsavat başqanlığı uğrunda yarışda onun rəqibinə stavka edir.

İkinci mesaj: Seçki yarışı ədalətli keçmir, namizədlərdən biri tutduğu vəzifənin yaratdığı imkanlardan sui-istifadə edir.

Q.İbadoğlunun iddiaları nə dərəcədə həqiqəti əks etdirir – onun QHT fəaliyyəti ilə bağlı ortaya çıxan problemlərin başqanlıq seçkisi ilə bağlılığı varmı, bu barədə qəti şəkildə nəsə söyləmək çətindir. Lakin bir sıra məsələləri nəzərə aldıqda Q.İbadoğlunun iddiaları müəyyən qədər inandırıcı görünür.

Artıq şübhə qalmayıb ki, İsa Qəmbərdən sonra Müsavatın başqanı bu iki şəxsdən biri olacaq; Müsavatın rəhbərliyinə ya Qubad İbadoğlu, ya da Arif Hacılı keçəcək.

Fikrimizcə, hakimiyyət bu yarışda Arif Hacılının qələbəsində daha çox maraqlıdır. Ona görə yox ki, A.Hacılı ilə hakimiyyət arasında hansısa razılaşmalar var və ya ola bilər. Müsavat başqanlığına Arif Hacılının gəlməsində hakimiyyət ona görə maraqlı olmalıdır ki, bu şəxsin başqanlığı dönəmində Müsavat partiyasının birlik və bütövlüyünü qoruması, güclənməsi və yenidən hakimiyyət üçün ciddi rəqibə çevrilməsi şansı sıfıra bərabərdir. Əksinə, Arif Hacılının başqan seçilməsindən sonra Müsavatda dağılma-parçalanma prosesinin güclənəcəyinə, intriqaların artacağına demək olar ki, heç kimin şübhəsi qalmayıb.

Q.İbadoğlunun başqanlığı isə Müsavata yeni imic qazandırmaqla, ən azı bu partiyanın indiki gücünün qorunub saxlanmasına, bəlkə də müəyyən qədər inkişafına səbəb ola bilər.

Bu baxımdan, Müsvatda Arif Hacılı dönəminin başlamasında hakimiyyətin maraqlı olduğu haqda iddiaları ciddiyə almaq olar.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar