ƏRDOĞAN İMAMOĞLUNU DURDURA BİLƏCƏKMİ? – CHP-nin namizədi sürətlə reytinq yığır və sevilən liderə çevrilir

Dərc olunub: 07/05/2019 - 22:10

erdogan_imamoglu_ile_gorusecek_iste_tarihi_h51304_bf415

Təxminən bir ay öncə Türkiyənin tanınmış köşə yazarlarından olan Fatih Altaylı hakim dairələrdəki mənbələrinə istinadla AKP-nin nə yolla olursa-olsun İstanbulda keçirilən bələdiyyə seçkisinin nəticələrini ləğv etdirəcəyini yazmışdı. Altaylı kifayət qədər məlumatlı və hakimiyyətdə ciddi mənbələri olan jurnalist kimi tanınsa da, çoxları onun bu yazısına şübhə ilə yanaşmışdı. Çünki CHP-li Əkrəm İmamoğlunun AKP-li Binəli Yıldırıma həqiqətən qalib gəldiyinə inananlar çox idi və əksəriyyət AKP-nin etirazına YSK-nın (Yüksək Seçim Kurulu) rədd cavabı verəcəyini düşünürdü. Ən azından ona görə ki, səslərin bir qisminin təkrar sayılması da İmamoğlunun qalib gəldiyini təsdiqləyirdi.

Lakin göründüyü kimi, jurnalistin məlumatı təsdiqləndi. Türkiyədə əksər şərhçilərin də bildirdiyi kimi, MSK bu məsələ ilə bağlı “tarixi qərara” imza atdı. Ona görə tarixi ki, yerli müşahidəçilərin söylədiyinə görə, hələ bu ölkənin seçki tarixində YSK təzyiq altında, belə aşkar siyasiləşmiş, hüquqa söykənməyən qərar verməmişdi.

“Həmin seçki komissiyaları prezidenti də seçdi…”

Məlum qərardan sonra İstanbulun Beylikdüzü rayonunda mitinq keçirən İmamoğlu YSK-nı təzyiqlərə boyun əydiyi üçün qınayıb. “Əfəndim, nəymiş, seçki komissiyalarının tərkibinə fövqəladə etiraz etdikləri üçün nəticələri ləğv etmiş. Həmin seçki komissiyaları prezidenti də seçdi, konstitusiya referendumunu da keçirdi. O zaman prezident seçkiləri də şübhəlidir, konstitusiya da şübhəlidir…”

Əslində, bəlkə də təkcə bu ifadələr MSK-nın qərarının nə qədər qüsurlu və ziyanlı olduğunu sübut etməyə yetər. Bunun üzərinə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın YSK-nın qərarından bir gün öncəki təzyiq xarakterli çıxışını da gələndə, ortada doğrudan da Türkiyə seçki tarixində hələ uzun müddət müzakirə olunacaq və heç də yaxşı presedent yaratmayan bir durumun olduğunu görürük. Ardınca hətta 43 seçki komissiyası yetkilisinə qarşı FETO üzvlüyü iddiası ilə İstanbul Prokurorluğu tərəfindən cinayət işi açılması isə YSK-nı “sındırmağa” yönələn növbəti addım oldu. Belədə, bütün bu təzyiqlərə tab gətirmək asan deyildi. Bu qərarı tənqid edən türkiyəli hüquqşünaslar eyni məntiqlə ölkənin bütün 81 şəhərində seçkinin nəticələrini şübhə altına almağın mümkün olduğunu bildirirlər.

Elə həmin F.Altaylı AKP-nin seçkiyə hiylə, saxtakarlıq qarışmasına dair ilk iddialarına cavab olaraq, “seçkidən öncə Türkiyədə seçkinin ən güvənli sistemlə keçirildiyini, heç bir saxtakarlığın, yolsuzluğun mümkün olmadığını deyənlər, bu gün “seçkidə saxtakarlıq edildi” deyən həmin AKP-lilər deyilmi? Necə oldu ki, martın 31-i saat 22-yə qədər dünyanın ən güvənilən seçki sistemi gecə yarısından sonra “ən güvənsizə” döndü?” – deyə soruşmuşdu.

Ərdoğan İmamoğlunun yolunu açır?

erdog

Əslində, hazırda Türkiyə siyasi arenasında ortaya çıxan əsas sual təkcə təkrar seçkidə kimin qalib gələcəyi yox, həm də bu qərarın İmamoğlunun gələcək siyasi karyerasının lehinə, yoxsa əleyhinə işləyəcəyinə dair sualdır. Məsələ ondadır ki, bu gün Ə.İmamoğlunun başına gələnlər vaxtilə İstanbul bələdiyyəsinə rəhbərlik etmiş R.T.Ərdoğanın bir neçə misralıq şerə görə 6 aylıq həbsə atılmasını xatırladır. Türkiyədə bir çox siyasi şərhçilər o zaman Ərdoğana qarşı edilən haqsızlığın bir başqa formada bugün İmamoğluna qarşı törədildiyi fikrindədirlər. Və məhz Ərdoğana qarşı həmin vaxt edilən təzyiqlər onun gələcək siyasi həyatı üçün maneə yox, tramplin rolu oynamışdı. Sanki tarix təkrarlanır və çoxları İmamoğluna qarşı bugünkü təzyiqlərin də onun gələcək siyasi həyatının lehinə işlədiyi qənaətindədirlər. Çünki bütün bu baş verənlər bələdiyyə seçkisini çox böyük siyasi hadisəyə çevirməklə, İmamoğlunu da təsərrüfatçılıqdan çıxararaq, siyasi fiqur, lider kimi Türkiyəyə və dünyaya tanıtdırdı.

Bir qrup müşahidəçilər isə ümumiyyətlə AKP-nin özünün İstanbul namizədi sarıdan səhvə yol verdiyi, B.Yıldırım seçiminin heç də ən optimal variant olmadığı qənaətindədirlər. Bəlkə də, məhz Yıldırımın siyasi bacarığının, natiqliyinin və digər göstəricilərinin İmamoğlu ilə müqayisədə zəif olması R.T.Ərdoğanın şəxsən özünün meydanlara çıxmasına səbəb oldu. Və İstanbulda seçki kampaniyası sanki Yıldırımla deyil, Ərdoğanla İmamoğlu arasında gedirmiş kimi görünməyə başladı. Ərdoğan isə uduzmağı sevməyən və buna öyrəşməyən siyasətçidir… Ancaq bugün İmamoğlunu durdurmaq çox çətin görünür. Təsadüfi deyil ki, o, son çıxışlarının birində yolunu kəsmək istəyən siyasi qüvvələrə xitab edərək, “bu millet bizi sevdi kardeşim, derdiniz ne”, deyə ironiya ilə sual etmişdi.

AKP-lilər də seçkinin saxtalaşdırıldığına inanmırlar

Ancaq hər şeyə rəğmən, Türkiyədə siyasi təhlilçilərin əhəmiyyətli qismi əgər geniş şəkildə saxtakarlığa gedilməzsə, yaxud hansısa digər fövqəladə hal baş verməzsə, İmamoğlunun təkrar seçkidə daha böyük fərqlə qalib gələcəyi qənaətindədirlər. Bu qələbə isə onun artıq ölkə çapında bəlkə də təmsil olunduğu CHP-nin sədri Kamal Kılıçdaroğlundan daha böyük və ciddi siyasi fiqura çevrilməsinə şərait yarada bilər. Görəsən, AKP-yə birinci turda sakitcə, bir qədər də minnətlə, hətta şübhəli şəkildə qalib gələn, sonra da başını aşağı salıb təsərrüfatçılıqla məşğul olan bir orta çaplı CHP-li bələdiyyə başqanı sərf edirdi, yoxsa artıq aylardır Türkiyənin siyasi gündəminin əsas fiquruna çevrilən, hakim partiya başda olmaqla, bütün siyasi partiyaların hər addımını izlədiyi, nəhayət, təkcə İstanbulun deyil, Türkiyənin ən ucqar kəndlərinin də tanıdığı və maraqlandığı bir Əkrəm İmamoğlu? Belə qənaətə gəlmək olar ki, bəlkə də CHP və digər müxalif partiyalar bir yerə yığışıb, nə qədər təbliğat aparsaydılar belə, İmamoğlunu bu qədər populyar edə bilməzdilər, ancaq AKP etdi.

binali_yildirim_280616

Maraqlıdır ki, bu gün Türkiyədə demək olar heç kim Binəli Yıldırımı müzakirə etmir. Doğrusu, heç o özü də seçkinin təkrarlanmasına çox da sevinirmiş kimi görünmür. Birinci turda olduğu kimi, MSK-nın son qərarından sonra da yenə əsas sözü “İstanbul üçün xeyirli, uğurlu olsun” oldu. Nədənsə İmamoğlunun Beylikdüzündə topladığı izdiham bu gün AKP-nin qarşısında B.Yıldırımı dinləmək üçün toplanmır. Əvəzində, CHP-nin namizədinə dəstək mesajlarının xeyli artdığı müşahidə olunur. Cem Yılmazdan tutmuş Sertap Erenerə, Koray Avcıya qədər bir çox məşhur sənət adamları İmamoğluna dəstək “tvitləri” paylaşıblar. Elə sıravi seçicilərin də İmamoğluna münasibətinin müsbətə doğru xeyli dəyişdiyi bildirilir. Bu, bir tərəfdən insanların haqqı tapdananın yanında olmaq istəyindən irəli gəlirsə, digər tərəfdən də İmamoğlunun artıq başqan vəzifəsi daşıdığı bir neçə gündə istanbulluların bəyəndiyi qərarlar verməsilə əlaqədardır.

Yeri gəlmişkən qeyd edək ki, İstanbul bələdiyyə məclisində üstünlüyə malik olan AKP-lilər İmamoğlunun gündəliyə çıxardığı heç bir təklifi, məsələni təsdiq etməmişdilər. Təsəvvür edin ki, bunların arasında hətta narkomaniya ilə mübarizə komissiyasının yaradılması təklifi də var idi. AKP-lilər bunun əleyhinə səs verərək, İmamoğludan gəldiyi üçün rədd etmişdilər.

Əvvəldə istinad etdiyimiz F.Altaylı isə son yazısında elə həmin AKP-lilər barədə maraqlı məlumat paylaşıb və deyib ki, AKP-lilər özləri də CHP-nin İstanbulda hansısa hiylə işlətdiyinə, saxtakarlıq etdiyinə inanmırlar…

Cəlal MƏMMƏDOV
AzPolitika.info










loading...


Fikrinizi bildirin