BİR QRUP PROFESSOR VƏ DOSENT PREZİDENTƏ MÜRACİƏT ETDİ -  "Əmlak Komitəsinin bəzi əməkdaşları..."

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri "AzPolitika.info" saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, 1987-ci ildə Nazirlər Kabinetinin 20/396-cı qərarı ilə Universitetin 61 əməkdaşına Pirallahı rayonunun Dübəndi bağ massivində hər nəfərə 6 sot olmaqla torpaq sahəsi ayrılıb. Bağçılıq-yoldaşlıq təsərrüfatının sədri də mülki-müdafiə fənnini tədris edən İsmayılov Şöhrət Əhməd oğlu təyin edilib. Ancaq Universitetin əməkdaşları nə həmin il, nə də sonrakı illərdə onlara ayrılan torpaq sahələrini ala bilməyiblər.

Bu məsələ bir də uzun müddət sonra gündəmə gəlib: "Müəyyən səbəblərə görə Universiteti tərk edən işçiləri qeydiyyata almadan, siyahıda qalan 27 nəfərin adına yenidən sənəd toplanıb, 2011-ci ildə torpaq və xəritəçəkmə məkanına təhvil verildi. Lakin bizə verilən torpaq sahəsi yenə də əlçatmaz oldu.

Müəyyən oldu ki, 2016-cı ildən başlayaraq bizim seçdiyimiz bağçılıq-yoldaşlıq təsərrüfatının sədri İsmayılov Şöhrət Əhməd oğlu  keçmiş laborant Əzizova Vahidə Seyfəddin qızı ilə birləşərək 27 nəfər işçinin yerinə 61 nəfərin adını öz xeyrinə dəyişdirərək bizə ayrılmış sahələri  qeyri-qanuni yolla satıblar. Torpaqlara baş çəkdikdə aydın oldu ki, torpaq sıralamaları hasara alınıb və bir çox yerlərdə tikinti aparılıb".

Bunu bildikdən sonra müəllimlər aşağıdakı dövlət qurumlarına şikayət ərizəsi ilə müraciət ediblər:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidmətlərinə;

2. Pirallahı rayon İcra Hakimiyyətinə;

3. Gürgan qəsəbəsi nümayəndəliyinə;

4. “BT”-nin sədr müavini Zəfər Abdulova, Rafiq Həsənova;

5. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin sədri Hikmət Mustafayevə;

6. Korrupsiya İdarəsinə;

7. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilova.

Ancaq  heç bir nəticə əldə edə bilməyiblər: "Adlarını sadaladığımız dövlət qurumlarından müsbət bir nəticə görmədikdə, cənab Prezident, biz məcbur olub Sizə və Azərbaycan Respublikasının birinci vitse-Prezidenti, xanım Mehriban Əliyevaya, eləcə də, Daxili İşlər naziri cənab Ramil Usubova teleqramla müraciət etdik.

Həmin teleqramlara cavab olaraq 25 aprel 2019-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri Azər Bəşirov bizə həqiqətdən uzaq, heç bir məntiqə söykənməyən, başdansovdu cavab verdi. O, bu işdə günahkar olanların sanki müdafiəsində dayanmış və bununla da problemin həllini el dili ilə desək, "dağa dirəmişdir".

Bu cavabdan bizə aydın olur ki, cinayətə əl atmış İsmayılov Şöhrət Əhməd oğlu, eləcə də Əzizova Vahidə Seyfəddin qızını dolayısı yolla təmizə çıxarmaq istəyirlər. Bu da ona əsas verir düşünək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bəzi əməkdaşları İsmayılov Şöhrət Əhməd oğlu və Əzizova Vahidə Seyfəddin qızı ilə birlikdə torpaqlarımızın mənimsənilməsində iştirakı olub.  Şübhə yaranır ki, yəqin bizim qanuni haqqımız barəsində şikayətimiz Sizə doğru-düzgün çatdırılmayıb".

Universitetinin müəllimləri ölkə rəhbərliyinin siyasətini dəstəklədiklərini bildirərək, kömək istəyirlər: "Cənab Prezident, Siz olan yerdə heç kəs bizim vətənimizə, dövlətimizə, dövlətçiliyimizə olan inamımızı sarsıda bilməz... Sizdən artıq dərəcədə xahiş edirik, qoymayın bizim Sizə, eləcə də dövlətimizə olan inamımızı kimlərsə sarsıtsın! Sizdən bir daha bu qanunsuzluğun ədalətli həllinə təsir göstərməyinizi xahiş edirik".

Müraciəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşağıda adları çəkilən müəllimləri imzalayıb:

1. Əlizadə Məryəm, Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq elmləri doktoru, professor;

2. Qasımov Məmmədsəfa, Xalq artisti, professor;

3. Şükürov Azad, Əməkdar artist, dosent;

4. Abdullayeva Yaqut, Əməkdar artist, dosent;

5. Quliyeva Gülsabah, Əməkdar artist, dosent;

6. Bayramov Ağalar, Əməkdar artist, dosent;

7. Əliyeva Zərifə, pedaqogika üzrə fəlsəfə doktoru, dosent;

8. Hüseynov Nadir, dosent;

9. Mehdiyeva Yaqut, dosent;

10. Abbasova Fazilə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent;

11. Qubadova Məsməxanım, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent;

12. Cabbarova Tamilla, dosent;

13. Kərimova Alla, Baş laborant;

14. Kərimova Gülfarə, baş laborant;

15. Kərimova Fəxriyyə, tədris şöbəsinin müdiri;

16. Səfərova Mahi, müəllim;

17. Qocayev Qabil, Qarabağ müharibəsi veteranı.

635x100

Şərhlər

Müəllimlərə 2019-05-07 22:27:35

1987-ci ildən keçən vaxt ərzində ( 32 il ) torpaqlarınınza sahib çıxıb hasarlama,tikinti sənədəşmə işlərini aparmamısınız? Mövcud qanunlara əsasən ayrılan torpaq 2 il ərzində abadlaşdırılmasa,sərəncam ləğv edilə bilər.Siz isə 32 il yatıb,indi 32 il bundan əvvəlki sərəncama istinad edirsiniz.İkinci tərəfdən 2019-cu ildə Sovet dövrü olan qanunlar işləmir.Beləliklə 32 il sahib çıxmadığınız torpaq sahəsini indi tələb etməniz mövcud qanunvericiliklə tənzimlənmir.Odur ki, şikayətinizin əsası yoxdur.

Son yazılar