PARLAMENT ZELENSKİNİ “QANDALLAMAQ” İSTƏYİR – İnauqurasiya niyə gecikir?

Dərc olunub: 09/05/2019 - 15:13

orig-1555575685c70e1022965fe344aaf7e8c1289274fa

Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskinin ilk addımlarının nədən ibarət olacağı ölkədə ən çox müzakirə olunan siyasi mövzudur. Hələ seçki kampaniyası dövründə şoumen-namizəd bildirmişdi ki, əsas hədəfləri ölkədəki monopoliyalarla və oliqarxların iqtisadiyyata təsirilə mübarizə aparmaq olacaq.

Lakin Ukrayna Konstitusiyasına görə, kifayət qədər böyük səlahiyyətlərə malik olan parlament yeni prezidentin uğur qazanmasında bir o qədər də maraqlı görünmür. Seçkidə Zelenskinin əsas rəqibləri olan Yuliya Timoşenkonun və xüsusilə də Poroşenkonun rəhbərlik etdikləri siyasi bloklar yeni prezidentə müxalif mövqe sərgiləyirlər. Bu, Zelenskinin inauqurasiya mərasiminin bilərəkdən yubadılmasında da özünü göstərir.

Məsələ ondadır ki, Ukraynadakı siyasi dairələrin və təhlilçilərin fikrincə, Zelenski inauqurasiyadan dərhal sonra parlamenti buraxmaq istəyəcək. Çünki Radada birbaşa olaraq, yeni prezidenti dəstəkləyəcək siyasi qüvvə, partiya demək olar ki, yoxdur. Bu isə prezidentin parlamentə göndərəcəyi qərarların qəbul erdilməməsi ehtimalını yüksəldir.

original-3

Bir sözlə, yeni yaratdığı partiya parlamentdə təmsil olunmayınca, Zelenskinin əl-qolu bağlanmış olur. Bu səbəbdən yeni prezidentin ilk olaraq, Radanı buraxıb, yeni parlament seçkisi təyin edəcəyi gözlənilir və Konstitusiya da buna imkan verir. Lakin burada bir məqam var ki, Ukrayna Konstitusiyasına görə, əgər parlament seçkisinə 6 aydan az vaxt qalırsa, prezident parlamenti buraxa bilməz. Həmin vaxt isə mayın 27-si bitir.

Ona görə də V.Zelenski Radaya müraciət edib ki, inauqurasiya mayın 19-u keçirilsin. Çünki bu, onun parlamenti buraxmaq barədə qərarına yol aça bilər. Lakin Radadakı çoxluq inauqurasiyanın mayın 28-də keçirilməsini istəyir. Çünki bu yolla Zelenskinin bir növ əlləri “qandallanmış” olur və Radanı buraxa bilmir. Qeyd edək ki, bu vacib məsələ ilə bağlı həlledici parlament iclası mayın 14-də keçiriləcək.

Siyasi müşahidəçilər hesab edirlər ki, parlament dirəniş göstərəcək və inauqurasiyanı gecikdirməklə, ömrünü 6 ay uzadacaq. Bu isə imkan verəcək ki, Zelenskinin siyasi rəqibləri onun əksər təşəbbüslərinin qarşısını alsınlar. Bu həm də ona imkan verəcək ki, artıq payızda keçiriləcək parlament seçkisinə qədər Zelenskinin hazırkı fantastik populyarlığı azalsın və onun partiyası yeni parlamentdə mütləq çoxluğa nail ola bilməsin. İnauqurasiyanın qəsdən uzadılması məhz bununla bağlıdır.

TOPSHOTS-UKRAINE-UNREST-POLITICS

Müşahidəçilər bildirirlər ki, yeni prezidentin əsas hədəfinin oliqarxlar və monopoliyalar olduğunu söyləməsi təbii ki, parlamentdəki blokların maraqlarına uyğun deyil. Çünki bu siyasi qüvvələrin əksəriyyətinin himayədarları ölkədəki oliqarxlar, milyarderlərdir. Ancaq məsələ ondadır ki, Zelenskinin özü bunu inkar etsə də, siyasi opponentləri onu da oliqarx İqor Kolomoyskinin adamı sayırlar və onun maraqlarına xidmət etməkdə günahlandırırlar. Bəzi yerli təhlilçilər ümumiyyətlə hesab edirlər ki, Zelenskinin hakimiyyətə gəlişi ilə heç nə dəyişməyəcək və bir qrup oliqarxın yerini başqa birisi tutacaq.

Ancaq bütün bunlara baxmayaraq, Ukraynada çoxları V.Zelenskinin ən azı ölkə daxilində, iqtisadiyyatda və sosial sahədə müsbət dəyişikliklərə nail olacağı qənaətindədirlər. Bunun üçün isə o, ilk olaraq parlamenti vaxtında buraxmağa, erkən seçkilər təyin etməyə və reytinqinin yüksək olduğu dönəmdən istifadə etməklə, öz partiyasının Radada üstünlük qazanmasına nail olmalıdır. Əks təqdirdə, qarşıda duran 6 ay müddətində çox şey baş verə və yeni prezident hazırkı populyarlığını itirə bilər.

Bu arada onu da qeyd edək ki, Konstitusiyaya görə, prezident yalnız xaricxi işlər və müdafiə nazirlərini, eləcə də xüsusi xidmət orqanları rəhbərlərini birbaşa təyin etmək səlahiyyətinə malikdir. Digər nazirlər parlamentlə razılaşdırılmalıdır. Ukraynanın Rusiya ilə açıq hərbi münaqişə şəraitində olduğunu nəzərə alsaq, prezidentin həlledici postlara kimləri təyin edəcəyi olduqca önəmlidir.

imagesBelə postlardan ən önəmliləri Ukrayna Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat İdarəsinin rəhbəri vəzifələri sayılır. Bu məsələ ilə bağlı Zelenskinin mövqeyini açıqlayan siyasi müşaviri Dmitri Razumkov deyib ki, yeni seçilən prezident xüsusi xidmətdəki kadr dəyişikliklərilə bağlı qərarlarını yalnız inauqurasiyadan sonra açıqlayacaq: “Xarici kəşfiyyata kimin rəhbərlik edəcəyini prezident təyin edəcək, bunun üçün parlamentə ehtiyac yoxdur. Və məhz bu namizədin kimliyini çoxlarının bilməməsi lazımdır. Belə ki, biz Rusiya ilə açıq münaqişədəyik. Ona görə də mən provakasiyalardan ehtiyat edirəm…”

Zelenskinin müşaviri sonda qeyd edib ki, Rusiya faktoru nəzərə alındığı üçün Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat İdarəsinin gələcək rəhbərlərinin kimliyi son ana qədər gizli saxlanacaq.
İndi Ukraynada hamının gözü Radanın mayın 14-də keçiriləcək iclasındadır. Əksər yerli təhlilçilər bildirirlər ki, əgər parlament Zelenskinin təklifini qəbul etməsə və inauqurasiyanı mayın 27-dən sonraya təyin etsə, bu yeni prezidentin ilk uğursuzluğu sayılacaq.

Tahir
AzPolitika.info










loading...


Fikrinizi bildirin