“BİZ ŞUŞANI AZAD ETMƏLİYİK...” – “Gürcülər anlayacaq və dayanacaqlar”

Vaqif Bayatlı Odər: “Gənclik yetişir və çox güclü liderlər verəcək”

Böyük şair, ziyalı Vaqif Bayatlı Odərin “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Vaqif bəy, neçə müddətdir ki, sizi mətbuata danışan görmürük. Hər dəfə başınızın qarışıq olduğunu deyirsiniz. Nə işlə məşğulsunuz?

- Son vaxtlar kitabımın üzərində çalışıram. Demək olar ki, işi başa çatdırmışam. Çox zülm işdir kitab hazırlamaq, onu redaktə etmək, digər hissələrini hazırlamaq. İnşallah 10-15 günə işıq üzü görəcək. Kitabda əsasən poetik şeirlər olacaq.

- Səhhətinizlə bağlı xəbərlər var idi, amma maşallah, səsiniz gur gəlir...

- Ürəyimdə problem var, ancaq həkimlər ürəyimdə cərrahiyə əməliyyatı keçirə bilmirlər. Səbəb odur ki, beynim əməliyyat olunsa da, hələ tam sağalmayıb. Ola bilsin ki, başımı bir də əməliyyat etsinlər. Baş-beyin məsələsi həllini tapdıqdan sonra ürək əməliyyatı keçirməyim mümkündür. Həkimlər hesab edirlər ki, beyini yola qoymadan ürək əməliyyatına keçmək olmaz və bu çox risklidir. Vəziyyətim bundan ibarətdir.

- Bir tərəfdən yaradıcılıq işləri, kitabın çapa hazırlanması, digər tərəfdən səhhətinizdəki problemlər... İctimai-siyasi vəziyyətlə maraqlanmağa imkan tapa bilirsinizmi?

- Mən o qədər uzaqlardayam ki, hər şey mənim üçün xəyal kimi görünür. Bununla belə hər kəsə dua edirəm, sevgilərimi bildirərəm. Arzu edirəm hər kəs sevgi, sevinc içərisində olsun. Tək sevmək deyil, həm də sevindirmək vacibdir. İndi dünyada insanları sevindirmək sevməkdən daha güclüdür. Mən də, hər gün dua edirəm ki, insanlarımız bir-birini sevindirsin.

- Yəni gündəmi izləyə bilmirsiniz...

- Yox, hamını oxuyuram, müşahidə edirəm və hər kəsə də dua edirəm ki, savaşanlar barışsınlar, insanlar bir-birini anlasın, yaxşı işlərlə məşğul olsunlar, xalqımızı sevindirsinlər. Bunun üçün ən çox çalışan, yəni dua edən elə mənəm.

- Şuşanı xatırlayırsınız?

- Şuşasız günüm olmur. İş elə gətirib ki, sizinlə mayın 8-də danışırıq. Bəzən deyirlər ki, Şuşa bizim mədəniyyət paytaxtımız, beşiyimizdir. Şuşa Azərbaycanın qəlbidir, ürəyidir və bu indi də belədir. Mən uşaqlıq dövründə Şuşada çox olmuşam, nəslimiz demək olar ki, orada olurdu. Şuşa Azərbaycanın əbədiyyatı deməkdir. Şuşasız Azərbaycan şüşəsiz pəncərə kimidir. Şuşanın havası şüşə kimi saf olduğuna görə, adını Şuşa qoyublar. Mənə elə gəlir ki, Şuşa işğal altında olmasına baxmayaraq hamımıza nəfəs verir, bizi saflaşdırır, hamımızı yaşadır və birləşdirir. Şuşanın işğal altında olmasına baxmayaraq məncə ən azad yerdir, elə ona görə də bizi birləşdirən addır, məkandır. Düşmən Şuşanı işğal edib, amma onun azadlığı düşmənin işğalından daha yüksəklikdədir.

- Şuşanı bizdən 9855 günlük zaman ölçüsü ayırır. Hələ neçə ayların, illərin də bu rəqəmin üzərinə gələcəyi bilinmir...

- Biz Şuşanı işğaldan azad etməliyik və buna şübhə yeri olmamalıdır. Mən yeni nəslə, igid əsgərlərimizə inanıram. Arzulayıram ki, bu tezliklə baş versin. Şuşa üçün hamımız darıxmışıq.

- Uzun illər siyasətçilərlə dostluq etmişiniz. İndi siyasətçi dostlarınız sizinlə əlaqə saxlayıb, hal-əhval tuturlarmı, yoxsa Şuşa kimi sizi də unudulmusunuz?...

- Mən narazı deyiləm, axtaranlar axtarır. Ümumiyyətlə, heç kəsdən narazı deyiləm, əsasən çalışıram ki, hamını özüm sevim, insanları bir-birinə sevdirim. Təbii ki, dostlar məni axtarır, zəng də vururlar. Ancaq mən istəmirəm ki, mənə görə əziyyət çəkən olsun. Əziyyətlərin hamısını özüm çəkim. Bunu edərkən vətənimizə və torpağımıza da sevgi duyuram.

- 1990-2000-ci illərdə Azərbaycanda bir qrup şair, yazıçı, ziyalı vardı ki, ortada olar, hadisələrə münasibət bildirərdilər. İndi görüntü belədir ki, sizin də təmsil olunduğunuz həmin qrup yoxa çıxıb...

- Onların içərisində qalanlar, fikirlərini ifadə edənlər də var. Şəxsən mən indi gənclərimizdən çox razıyam. Mənə elə gəlir ki, gənclik yetişir və çox güclü liderlər verəcək. Azərbaycanın gələcəyini çox gözəl quracaqlar. Mən Azərbaycanın gəncliyi kimi onun gələcəyini də çox gözəl görürəm. Hər şey gözəlliyə, gücə, türk dünyasının güclənməsinə doğru gedir. Artıq Bakıdan çıxacaq qatar Türkiyənin Qars şəhərinə qədər gedib çatacaq. Mən bunu eşidəndə elə sevindim ki...

- Ancaq bizə qarşı ərazi iddiaları da səngimir. İndi də gürcülər bizdən Keşikçi Dağ Alban Məbədini tələb edirlər...

- Bu boş şeydir. Gürcülər anlayacaq və dayanacaqlar. Gürcülərin içində avaralar, habelə gürcüləşmiş ermənilər də var. Nəzərə alın ki, mən Mayakovski adına Gürcüstanın dövlət mükafatına layiq görülmüş insanam. Sözümün canı odur ki, gürcüləri yaxşı tanıyıram. Əsas odur ki, onlar bizim gücümüzü, ürəyimizi bilirlər, anlayırlar ki, türk gözəl millətdir. Onların qarşısını da kəsən elə bizim saflığımızdır. Odur ki, gürcülərdən ciddi bir şey gözləmirəm. İndi müşahidə edilən hallar isə daima olur, amma bu uzunmüddətli, davamlı xarakter daşıyacaq məsələ deyil.

- Bəlkə də, Gürcüstana Rusiyanın müəyyən təsirləri nəticəsində belə durum ortaya çıxıb...

- Mən türk dünyasının taleyini yaxşı görürəm. Rusiya da yaxşı olmalıdır, əgər hərbi iddialarından, başqalarının torpağından əl çəksə, işğal etdiyi torpaqlardan imtina etsə. Mən arzu edirəm ki, Rusiya bu iddialarından çəkilsin və bir-birini sevən ölkələr kimi münasibətlər yaransın. Mən buna görə də dua edirəm.

- Siz siyasətlə məşğul olmadığınız qədər də məşğul olmuş şəxssiniz. İndi kənardan Azərbaycan siyasəti necə görünür?

- Mən heç vaxt siyasətlə məşğul olmamışam. Siyasətdə olanları barışdırmaq, bir yerə toplamaq, aralarında bir-birilə anlaşmalarıı üçün məsləhətlər vermişəm. Çalışırdıq ki, siyasətçiləri bir yerə toplayaq, küsülü olanda barışdıraq. O zaman Aydınlar Hərəkatı və digər bu kimi qurumlar var idi. Ancaq müəyyən siyasətçilər vardır ki, mənim dostlarım idi. Əbülfəz Elçibəy mənim ən yaxın dostum olub, indi də dostumdur. Yəni birbaşa siyasətlə məşğul olmamışam, olsaydın partiyaların birinin üzvü olardım indiyə qədər. Şair üçün qələmi heç bir peşə əvəz eləməz. Mümkündür ki, siyasətçi də öz peşəsini şairlikdən üstün tutar. Sözsüz ki, yaxşı bir rəngsaz da özünü böyük Füzulidən uca tutar. Bunlara təbii yanaşmaq lazımdır.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Maarif-ə 2019-05-10 19:24:36

Nə ilə məşğulluğumuz dünyaya bəllidir.Biz ofşorlar açırıq,oğurladığımız pulları xaricə ötürürük,bəlkə sabah baçqa cür oldu deyə bu pullarla xaricdə mülklər,yaxtalar, müəssisələr yaradır ,otellər alırıq. Kimdir vətənpərvərlik təqlid edən, bu bunlaa lazım deyil.Çünki özlərini müvəqqəti hesab edirlər.Onları eşşək vurub cənnətə salıb.Onlar bu vətənin əsl evladları deyillər.Yoxsa belə edərdilə?.Oğru oğrunu əlbəttə medafiə edər.Milyardları mənimsəyənlər, layiq olmadıqları mal-mülkiyyət sahiblərindən soruşan var?

Vüsal 2019-05-10 19:24:36

Halva-hlva deməklə ağız şirin olmur.Yalnız əməli iş,hazırlıq və istəklə bu məsələ həll olunar.Bizim baş bilənlər bunu istəyirlərmi? Unutma ki, ermənilər Kəlbəcəri və Şuşanı da özəlləşdiriblər.Binalar tikilib,Yollar çəkilib,məskunlaşdırılıb,qələbəni bayram edirlər və bizə gülürlər.Biz isə milyardlatrı xaricə daşıyırıq,rusiyadan orden,medal alırıq, Mİnsk qrupuna ümid edirik.Biim baş bilənlər boş xülyalar düşünüb,milləti aldadırlar.. .

Maarif 2019-05-10 19:24:36

Əsl Azərbaycan gəncliyi,Azərbaycan ordusu bunu etməyə qadirdir.Keçən 28 ildə yeni gənclik yetişib.Ancaq bu gənclərdə vətənpərvərlik hissi aşılamaqla,ordudakılara döyüşə hazır vəziyyətə gətirməklə necə mşğuluq? Bir bunu araşdıran olubmu? 25 ildir Azərbaycan orduya silah alınması üşün vəsait xərcləyir.Bu silahlar ildən-ilə köhnəlir.Nə üçün?Elə hey deyilir "Baş komandan əmr versə".İllər keçir,əmr isə yox.Niyə? Qorxuruq,yoxsa istəmirik?Bax, bu sual hamıya maraqlıdır.

Əntiqə Qurbanova 2019-05-10 19:24:36

Səni niyə belə sevdim, belə istədim niyə, canımdakı min tikana, bir gülə istədim niyə?! Eşqdə gizlətdim bu canı görəmməyən varmı, hanı?! Həm gizlətdim, həm də hamı bilə istədim niyə? Sevgiləri ŞUŞAnın havası qədər təmiz olan əzizlərim Vaqif bəy və canım Tamam xanım...

Son yazılar