ƏRDOĞAN TRAMPIN ŞANTAJINA BOYUN ƏYİR? – “Onun başqa çıxış yolu qalmayıb…”

Dərc olunub: 11/05/2019 - 23:33

s400

Məşhur “Bild” qəzetinin öz mənbələrinə istinadla Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə aid qərara yenidən baxacağına dair yaydığı məlumat beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Alman nəşrinin bu iddiası xarici mətbuatda müxtəlif ekspertlər tərəfindən təhlil olunmaqdadır və onların əksəriyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “S-400”-lərdən imtina etməkdən başqa çıxış yolunun qalmadığı fikrindədirlər.
Hər zaman müstəqilliyini saxlamağa çalışan və Türkiyənin hansısa supergücün əlaltısına çevrilməsinə qarşı olan Ərdoğanın Rusiya ilə əldə olunan razılığı ləğv edəcəyinə dair deyilənlər hələ ki, rəsmi təsdiqini tapmasa da, hadisələrin məhz bu istiqamətdə getdiyini göstərən bir neçə detal var.

Məsələn, Avropada məşhur olan “Contra Magazin“ hərbi-siyasi nəşri hesab edir ki, rəsmi Vaşinqtonun Türkiyəyə qarşı şantaj siyasəti öz bəhrəsini verməkdədir. Jurnalda dərc olunan məqalədə bildirilir ki, Türkiyə iqtisadiyyatının ağır duruma düşməsi və yeni ABŞ sanksiyalarının tətbiqi təhlükəsi qarşısında rəsmi Ankaranın geri çəkilmək və “S-400”-lərdən imtina etməkdən başqa yolu qalmır. Yazının müəllifi Marko Mayer qeyd edir ki, iqtisadiyyatdakı acınacaqlı durum və türk lirəsinin getdikcə daha sürətlə ucuzlaşması Ərdoğanı “ən azından hələlik” Rusiya ilə bağlanmış müqaviləni təxirə salmağa vadar edəcək.

Müəllif xatırladır ki, indiyə qədər Türkiyə rəhbərliyi bütün təzyiqlərə baxmayaraq, “S-400”-ləri alacağına dair dəfələrlə bəyanatlar verib. Ancaq iqtisadiyyatda yaranan böhran rəsmi Ankaranı güzəştlərə getməyə məcbur edir.

lire-dollar

Almaniyanın “Bild” qəzeti isə daha da irəli gedərək, iddia edir ki, əgər Türkiyə rəhbərliyi Donald Trampın şantajlarına boyun əyməsə və hər şeyə rəğmən Rusiya raket kompleksini alsa, bu, Türkiyə itisadiyyatını çökdürə və çıxılmaz vəziyyətə sala bilər: “Ərdoğanın aqressiv xarici siyasəti səbəbindən Türkiyədə iqtisadi böhran güclənib. Türkiyə prezidentinin bəyanatına baxmayaraq, iyul ayında “S-400“-lərin alınması baş tutmayacaq, belə ki, bu addım Vaşinqtonun iqtisadi sanksiyalarına səbəb olacaq. Bu isə türk lirəsi ətrafında yaranmış hazırkı situasiya nəzərə alındıqda, iqtisadiyyatın məhvi deməkdir…”

Ancaq bunla yanaşı, Trampın yürütdüyü bu şantaj siyasətinin ABŞ-ın özünə də böyük ziyan vurduğu qeyd edilir. Bununla bağlı M.Mayer öz məqaləsində yazır: “Amerikalılar türkləri necə “əzməyin” yolunu bilirlər – iqtisadi və maliyyə sanksiyaları vasitəsilə. Ancaq digər tərəfdən, ABŞ-ın təkəbbürlü davranışı ona gətirib çıxarır ki, onun müttəfiqləri və tərəfdaşları dollara asılılıqdan azad olmağa və hətta yeni alyanslar axtarmağa çalışırlar. Uzunmüddətli perspektivdə Vaşinqton bu əməlləri ilə yalnız özünə ziyan edəcək…”

Əslində, R.T.Ərdoğanın yürütdüyü xarici siyasətin Türkiyə iqtisadiyyatına baha başa gəldiyini təkcə xarici deyil, yerli ekspertlər və siyasətçilər də qeyd edirlər. Təəssüf ki, Türkiyə iqtisadiyyatı doğrudan da ABŞ kimi dünya nəhəngi ilə uzun müddət qarşıdurma yaşamağa imkan vermir. Bunu türk lirəsinin ötən ilin sonlarında başlayan, sonra nisbətən səngiyən, son günlərdə isə yenidən vüsət alan ucuzlaşması da təsdiqləyir. İqtisadiyyatın zəifləməsi isə təkcə ümumilikdə Türkiyənin deyil, R.T.Ərdoğanın özünün və hakim AKP-nin siyasi maraqlarına da ziddir. Əslində, son bələdiyyə seçkilərində AKP-nin iri şəhərlərdə uduzmasında ən başlıca səbəblərdən biri də məhz iqtisadiyyatdakı problemlər oldu.

Ancaq hər şeyə rəğmən, Ərdoğanın asanlıqla geri çəkilməyən, iddialı və cəsarətli siyasətçi olduğu da şübhəsizdir. Bunu prezidentin sözçülərindən biri olan F.Altunun açıqlaması da təsdiqləyir. O, bildirib ki, alman nəşrinin yazdıqları həqiqəti əks etdirmir və Türkiyə “S-400”-lərdən imtina ilə bağlı heç bir rəsmi mövqe bildirməyib…

Ancaq hazırda Türkiyə iqtisadiyyatında və “S-400”-lərlə bağlı müqavilə ətrafında baş verənləri, eləcə də Ərdoğanın məlum siyasi keyfiyyətlərini nəzərə alan bir çox xarici ekspertlər bildirirlər ki, böyük ehtimalla Türkiyə prezidenti ölkənin iqtisadi durumu səbəbilə rus zenit-raket komplekslərindən imtina etməli olsa belə, ABŞ-dan bunun qarşılığını almadan, ölkəsi üçün hansısa üstünlüklərə nail olmadan bu addımı atmayacaq.

“AzPolitika”








loading...


Fikrinizi bildirin