II DÜNYA MÜHARİBƏSİNİN GEDİŞİNİ DƏYİŞƏN ADAM – Bakılı qəhrəman haqda yazı (FOTOLAR)

prof. Ramazan SİRACOĞLU

Dünyada 50 milyona yaxın insanın ölümünə, saysız-hesabsız insanın yaralanmasına, əlil olmasına, əsir düşməsinə, işgəncə görməsinə, yerindən-yurdundan didərgin düşməsinə səbəb olan faşizm üzərində qələbədə o zamankı bütün insanların müəyyən payı vardır: hər adam öz imkanları daxilində ön və ya arxa cəbhələrdə fəaliyyət göstərmişdir. Əsgərlər səngərlərdə, istehkamlarda vuruşanda, arxa cəbhənin adamları da gecə-gündüz “hər şey cəbhə üçün, hər şey qələbə üçün!” prinsipi ilə hərəkət etmişlər. Bu yazıda adı dünya tarixinə yazılmış, uzun zaman ismi gizli saxlanılan, mənsubiyyəti etiraf olunmayan, lakin faşizmin mütləq məğlubiyyətinin memarlarından olan, dünya kəşfiyyat tarixində bənzəri olmayan, əsl mənada supermen olan bir əfsanəvi şəxsiyyət - həmyerlimiz Rixard Zorge haqqında düşüncələrimi oxucularla paylaşmaq istərdim. Bu bayram həm də Onun bayramıdır, uğrunda özünü fəda etdiyi siyasi quruluş yox olub getsə də, fərdi prinsipiallığına, şəxsi sədaqətinə, göstərdiyi ağlasığmaz hərbi şücaətinə görə xatırlanmağa, yada salınmağa, anılmağa haqqı var.

Haqqında bəlkə də yüzlərcə rəvayət və əfsanələr uydurulan Rixard Zorge (1895-1944) Sabunçu qəsəbəsində doğulmuşdu, atası Qustav alman, anası Nina rus idi. Rixardın atası Nobel qardaşlarının neft mədənlərindən birində mühəndis idi. XIX əsrin sonlarında minlərcə işçini, ac-yalavacı qoynuna alan neft Bakısının gəlhagəli idi. Qısa zamanda sürətlə varlanmaq istəyən Avropa maqnatları, şirkətləri, o cümlədən Rusiyada yaşayan milyonerlər buraya dünyanın hər yerindən işçilər gətirir, onları minimal şəraiti olmayan mədənlərdə çalışdırırdılar.

Rixard Zorge atası Qustavın qucağında. Bakı qəzası, Sabunçu kəndi, 1898-ci il.

Zorgelər ailəsi nəsilliklə sosialist təmayüllü olmuşlar. Rixardın babasının qardaşı Fridrix III Kominterni quranlardandır. O, eyni zamanda, Karl Marksın katibi idi. Rixard Zorgenin atası işi ilə əlaqədar olaraq Almaniyaya gedəndə balaca Rixard da ailəsi ilə Berlinə getmişdi. Orada realnı məktəbdə oxuyanda I Dünya Müharibəsi başlayır və Zorge könüllü olaraq cəbhəyə gedir. 1915-ci ildə ilk dəfə olaraq yaralanır.

Zorge I Dünya Müharibəsində 3 dəfə yaralanmış, bu yaralardan ayağında ömürlük fiziki qüsur qalmışdı və 1918-ci ilin yanvar ayında ordudan tərxis olunmuşdur. Cəbhədə gördükləri onda belə fikir formalaşdırır ki, kapitalizm insanları qəddarlaşdırır və gənc Zorge Marksın “kapitala olan hərislik kapitalistdəki bütün insani müsbət keyfiyyətləri öldürür” fikri ilə tədricən razılaşır. İctimai elmlərlə maraqlanır, 1919-cu ildə Hamburq universitetinin dövlət və hüquq fakültəsinin doktoru olur.

I Dünya müharibəsinin iştirakçısı, kapral rütbəli R.Zorge. 1915-ci il

1920-1921-ci illərdə Frankfurt sosial araşdırmalar institutunun elmi əməkdaşı kimi fəaliyyət göstərir. Almaniya Kommunist partiyasının üzvü kimi təbliğat yürüdür. Kommunist partiyasının fəaliyyəti qadağan olunanda - 1924-cü ildə Moskvaya gəlmiş, 1925-ci ildə Sovet vətəndaşlığını qəbul etmişdi. R.Zorge xaricə ezam olunmadan əvvəl, Moskvada işlədiyi zaman öz tanışlarına belə söyləyərmiş: “Вообще-то я могу считать себя азербайджанцем. Только вот беда — ни слова по-азербайджански не знаю”. (Ümumiyyətlə, mən özümü azərbaycanlı saya bilərəm. Amma bəla burasındadır ki, azərbaycanca bir kəlmə də olsun bilmirəm.)

1929-cu ildə Sovet hərbi kəşfiyyat idarəsi onu Almaniyaya uzunmüddətli ezamiyyətə göndərmişdi. Rixard Zorge mükəmməl analitik təfəkkürə, qeyri-adi hafizəyə, nüfuzedici baxışlara, dərin və soyuq təhlil qabiliyyətinə sahib idi. Bir neçə dil bilirdi. Zorge qısa zamanda sürətlə öz karyerasında irəliləyişlərə nail olmuşdu. 1933-cü ildə Zorge Almaniya Nasional Sosialist partiyasına üzv qəbul edilir. Nasist Almaniyasının o zamankı xarici işlər naziri Ribbentropun təqdiri ilə Reyxə xidmət etmək üçün öncə Çinə, daha sonra Yaponiyaya göndərilir. Çində Aleksandr Conson imzası ilə ABŞ qəzetlərinə beynəlxalq problemləri şərh edən silsilə məqalələr yazır. Zorgenin xidmətindən razı qalan almanlar onu Tokioya ezam edirlər.

O, Tokioda “Franktfurer saytunq” qəzetinin xüsusi müxbiri çətiri altında çalışmağa başlayır. Qısa zamanda almanlar onu Almaniyanın Tokiodakı səfirliyinin mətbuat katibi vəzifəsinə yüksəldirlər. Zorge, mərkəzdən (Moskvadan) aldığı mühüm tapşırıqları yerinə yetirmək üçün bütün mümkün vasitələrdən və öz şarmından çox bacarıqla faydalanmışdır. Alman rəsmiləri ona ali, əsl ari irqin mənsubu kimi çox inanır və güvənirdilər. Diplomat olmamasına rəğmən alman səfirliyində Zorgenin öz kabineti vardı. Alman səfiri O.Ottun ondan gizləyəcəyi sirri yoxdu. Zorge bu inamdan yararlanaraq mərkəzə çox önəmli məlumatlar ötürürdü. Yaponiyada fəaliyyət göstərən bütün gizli kəşfiyyat əməkdaşlarının fəaliyyətinin koordinatoru Zorge idi.

1939-1946-cı illərdə Sovet hərbi kəşfiyyatına rəhbərlik etmiş general-leytenant P.M.Fitin (1907-1971) onun qüsursuz işini çox bəyənirdi. Yeri gəlmişkən, məşhur “Baharın 17 anı” filminin 2-ci seriyasında biz həmin adamı İ.V.Stalinlə Kremldə danışarkən görürük (2.59-4.14-cü dəqiqələr). Filmdə Yustas kod adlı Ştirlits məhz ona - Aleksə müntəzəm şifroqram göndərir və Aleks kod adlı P.M.Fitindən göstərişlər alır. Daha bir detal: adı keçən filmin rejissoru T.Lioznova filmin baş rolunun ifaçısı V.Tixonovdan tələb etmişdi ki, əgər o, filmdəki kəşfiyyatçı-rezident ştandartenfürer Ştirlits rolunu oynarkən beynində hər an əfsanəvi kəşfiyyatçı Rixard Zorgeni düşünə bilsə rolun öhdəsindən gələ biləcək. Ştirlits rolunun V.Tixonova həvalə edilməsini isə SSRİ DTK-nın sədri Y.V.Andropov tövsiyə etmişdi: “Lap Zorgeyə bənzəyir!” Bəlkə də bu filmi bizə bu qədər doğmalaşdıran xəyali Ştirlitsin əsl kəşfiyyatçı Rixard Zorgeyə bənzəməsidir?! Ehtimal ki, əsərin müəllifi Y. Semyonov da eyniadlı əsəri yazarkən prototip olaraq məhz Zorgeni düşünüb, onun bəzi keyfiyyətlərini Ştirlits obrazında təcəssüm etdirmişdir. Axı Ştirlits də rezident idi - Zorge kimi.

Sovet hərbi kəşfiyyatının Yaponiyadakı rezidenti R. Zorge. Tokio, 1938

Rixard Zorge açıq şəkildə kütləvi tirajla nəşr olunan Avropa mətbuatına iqtisadi-siyasi şərhlər yazır, təhlillər edirdi. Sıravi oxuculara kəşfiyyat xarakterli heç nə vəd etməyən bu yazılarda Zorge Moskvaya kodlanmış mətnlər ötürürmüş. Tokio küçələrində sürətlə motosiklet sürən Zorge, motosikletin sürətini artırıb-azaltmaqla, sən demə, morze əlifbasıyla o küçədə işləyən sovet kəşfiyyat kuryerinə informasiya verirmiş.

Zorgenin vəzifəsinə müharibənin nə zaman başlayacağı tarixini öyrənmək daxil deyildi. Bununla Berlin rezidenturası məşğul idi, lakin Zorge də zaman-zaman mərkəzə o məşum vaxt haqqında ehtimal olunan tarixləri bildirirdi: 15.05.1941, 01.06.1941, 15.06.1941, 22.06.1941. Zorgenin vəzifəsinə Yaponiyanın SSRİ-yə hücum etməyəcəyini öyrənmək daxil idi. Zorge bu vəzifəni böyük uğurla yerinə yetirdi. R.Zorge Yaponiyada çalışdığı 8 ildə o ölkəni yaxşı öyrənmişdi. Təsadüfi deyil ki, 14 sentyabr 1941-ci ildə Tokiodan Moskvaya göndərdiyi məxfi məlumatda R.Zorge İ.V.Stalini əmin etmişdi ki, 1942-ci ilin ikinci yarısınadək Yaponya SSRİ-yə qətiyyən hücum etməyəcək. Suyu üfürə-üfürə içən ağıllı və tədbirli yaponlar SSRİ-nin zərbini 1938-1939-da görmüşdülər. Onlar SSRİ-nin tam gücdən düşdüyünə əmin olmadan heç vəchlə başlarını bəlaya soxmazlar. Məhz Zorgenin məlumatından sonra Ali Baş Komandan İ.V.Stalin Uzaq Şərqdə Yaponiyanın hərbi təcavüzünü dəf etməyə hazır dayanmış 26 diviziyanı, başqa sözlə, 286 min əsgəri, hərbi sursat və texnikanı (1941-ci ildə Sovet atıcı diviziyasının hər birində 11 minə yaxın hərbçi qulluq edirdi ) Moskvanın müdafiəsinə cəlb etdi. Moskvanın 25 kilometriliyinə qədər irəliləmiş almanlara qarşı Uzaq Şərqdən gətirilən əlavə 26 diviziya, demək olar ki, müharibənin taleyini həll etdi, 6 dekabr 1941-ci ildə soyuğa davamlı Sibir diviziyaları almanları 250 kilometr geriyə çəkilməyə məcbur etdi. Müharibə başlayandan aramsız olaraq Sovet ərazilərinə doğru hücum edən almanlar ilk dəfə idi ki, belə irimiqyaslı döyüşü uduzurdular. O vaxtın mətbuatına baxsaq, “Sovinformbüro”nun məlumatları ənənəvi cümləylə bitirdi: “Ağır döyüşlərdən sonra qızıl əsgərlər… şəhərini tərk etdilər”. Mərkəzi radionun məşhur diktoru Y.Levitanın bu qurğuşun ağırlıqlı sözü dinləyənlərdə təəssüf hissi yaratsa da gizli bir ümid də yaradırdı: “Qoşunlarımız istəsəydilər geri çəkilməzdilər”.

Bu məqamda məşhur amerikan yazıcısı Larri Kollinsin (1929-2005) sözlərini xatırlatmaq yerinə düşər: “Richard Sorge's brilliant espionage work saved Stalin and the Soviet Union from defeat in the fall of 1941, probably prevented a Nazi victory in World War II and thereby assured the dimensions of the world we live in today”. (Rixard Zorgenin casusluq işi Stalini və Sovet İttifaqını 1941-ci ilin payızında məğlubiyyətdən qurtardı, faktik olaraq II Dünya Müharibəsində nasistlərin qələbəsinin qarşısını aldı və bununla da bu gün yaşadığımız dünyanın sərhəd ölçüsünü təmin etdi.)

Parisdə nəşr olunan nüfuzlu “Le Figaro” qəzeti Rixard Zorgeni “James Bond de Staline - Stalinin Ceyms Bondu” adlandırmışdır. Boston universitetinin professoru, amerikan publisisti Lens Morrou Rixard Zorge haqqında “dünyanı dəyişdirən casus – The spy who changed the World” - söyləmişdir.

Öz qeyri-adiliyi ilə dünyanı təəccübləndirən Rixard Zorge haqqında 1953-cü ildən etibarən müsbət fikirlər qeyd olunmağa başlanmışdır. Məhz həmin ildə naşir Rudolf Auqştayn Almaniyanın “Şpigel” jurnalında Zorge haqqında 17 silsilə məqalə yazıb dərc etdirmişdir. Onun fikrinə görə, Zorge nasizmə nifrət elədiyi üçün nasional sosializmin əleyhdarı idi. Auqştayn əmindir ki, “Die deutsche Niederlage vor Moskau ließ den Blitzkrieg gegen die Sowjetunion endgültig scheitern - Almanların Moskva məğlubiyyəti Sovet İttifaqına qarşı ildırım sürətli müharibəni qəti şəkildə puça çıxartdı”.

Mənasız bir təsadüfdən yaxalanan sovet radisti şifrəli mətnlərin kodunu yapon polislərinə açıqlayandan sonra Zorgenin tutulması an məsələsi olur. Yaponiya həbsxanasında tam 1100 gün saxlanıldı, uzun-uzadı istintaq edildi. Tabeliyində olan şəxsləri qurtarmaq naminə çox şeyi öz üzərinə aldı. 1943-cü ilin 29 sentyabrında edam cəzasına layiq görüldü. Zorge Yaponiya Ali Məhkəməsinə əfv olunması haqqında ərizə yazsa da yaponlar “ərizəniz nəzərdə tutulduğu vaxtdan gec yazıldığından diqqətə alınmadı” cavabı verdilər. Rixard Zorgeni 7 noyabr 1944-cü ildə Tokiodakı Suqamo qapalı həbsxanasında səhər saat 10.20-də edam etməyə aparanda soruşmuşdular ki, bu gün ayın neçəsi və neçənci il olduğunu bilirsinizmi? Məsələ burasındadır ki, Zorge 18 oktyabr 1941-ci ildən 7 noyabr 1944-cü ilə qədər təkadamlıq kamerada saxlanılmışdı, ona oxumağa qəzet və ya kitab vermirdilər, radio dinləyə bilmirdi. Tam təcrid olunmuş bir vəziyyətdə saxlanan adamın vaxt ölçüsünü itirməməsi heyrətamizdir. Zorge qürurla “bilirəm” demişdi: “7 noyabr 1944-cü ildir. Bu gün əlamətdar gündür – dünyada ilk sosialist inqilabının 27-ci ildönümüdür”. Edam yerində Zorge yaponlara samuray prinsiplərinə sadiq qalmalarını, onun başına qara torba keçirməmələrini xahiş etdi.

Hər şey üçün bütün məhbəs çalışanlarına təşəkkürünü bildirdi və boynuna kəndir keçiriləndə cəlladlar onun nə dediyini anlasınlar deyə, yaponca “Naqaiki sekiqun – Yaşasın Qızıl ordu”, “Naqaiki sobieto kuosan – Yaşasın Sovet kommunizmi” - sözlərini var gücüylə qışqırdı. Məhkəmə həkiminin qeydinə görə, Rixard Zorge dar ağacından götürüləndən sonra ürəyi daha 8 dəqiqə döyündü. Zorgeni edam olunduğu Suqamo məhbəsinin ərazisində gömdülər. Məhkəmədə Zorgeyə ölüm cəzası tələb etmiş baş prokuror Mitsusada Yoşikava sonralar etiraf etmişdir ki, bütün həyatımda onun kimi böyük və dəyanətli adam görməmişəm.

1967-ci ildə ABŞ hərbçiləri onu II Dünya Müharibəsində müttəfiq dövlətlərə göstərdiyi fövqəladə xidmətlərə görə hərbi törənlə Tokionun Tama məzarlığında dəfn etmişlər. Zorgenin cəsədinin qalıqlarını ayaq sümüklərindəki platin milə, gözlüyünün gümüş sağanağına və dişlərindəki qızıl diş körpücüyünə və qapağa əsasən müəyyənləşdirdilər. Yapon ölçülərini nəzərə alsaq, R.Zorgenin məzarı yetərincə iri əraziyə malikdir və ideal sayıla biləcək dərəcədə təmiz saxlanılır. Məzarın sinə daşı boz bazalt daşdandır, üzərində alman və yapon dillərində R.Zorgeyə dair bioqrafik məlumatlar həkk olunmuşdur. Baş daşı isə cilalanmış qara mərmərdəndir. Üzərində rus dilində “Герой Советского Союза Рихард Зорге - Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge” sözləri yazılmış və dəfnə budağının fonunda Qızıl ulduz medalı təsvir olunmuşdur. 5 noyabr 1964-cü ildə SSRİ Siyasi Bürosunun yekdil tövsiyəsi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinin imzaladığı fərmanla Rixard Zorge ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Britaniya kəşfiyyat xidməti Mİ-6-nın agenti, ingilis publisisti F.Forsayt II Dünya Müharibəsində Rixard Zorgenin fəalliyyətindən bəhs edərkən irəli sürdüyü fikir çox şeyi özündə əks etdirir: “Öz məzarlarında "rəhbərliyə pis-yaxşı çatdırdığım məlumatlar planetimizin tarixini dəyişdirdi" söyləyə biləcək casusları bu dünyada tək əlin barmaqları ilə saymaq olar. Rixard Zorge onların arasındadır."

Rixard Zorgenin Tokiyodakı məzarı

Heykəltəraş V.Siqalın yaratdığı heykəldə Rixard Zorge divardan keçib irəli addımlayan vəziyyətdə təsvir olunub. Divar sanki tarazlığını itirib yıxılacaq. Bununla heykəltəraş bildirmək istəmişdir ki, Zorgenin öyrənə bilməyəcəyi sirr, aşamayacağı sədd yox idi.

635x100

Şərhlər

Kamrana 2019-05-13 15:22:04

İnternetdə axtarış verin "Предательство Жукова". Bir neçə həftəlik material var. Əhmədiyyə isə həqiqi QƏHRƏMANDIR. ONUN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLMƏLİDİR.

yalçın 2019-05-13 15:22:04

yazan qumquludu deyilmi?

OQTAY 2019-05-13 15:22:04

Staline Allah lehnet elesin.Amerikanin nuve silahi oz basinda partlasin,eqer Yaponlarin qarsisini kesmese,dunyanin taleyi cox yaxsi olardi!OBD Momerial saytina baxanda,Turk milletinin nece soyqirima uqramasini gorurem,oz babam Kursk doyslerinde itgin dusub kime gore,neye gore mene catmir?Borcali,Irevan ve Azerbaycan turkleri bu doyusde hec neden helak oldular, soyqirima uqradilar!Bakinin neftni demirem,Allah Stalinin goruna lehnet elesin!Amin,Amin,Amin!Alman,Turk,Yapon milletini danan manqurd,manqurdur!!!

kamran 2019-05-13 15:22:04

2-ci dünya müharibəsinin gedişini marşal Jukov dəyişib.

Bakılı 2019-05-13 15:22:04

Əhmədiyə Cəbrayılovun belə bir Abidəsi haradasa varmı? Ya, Bakı Dəmir Yolu Xəstəxanasında niyə Qönçə xanım Qazıyevanın abidəsi yoxdur və onun adını daşımır? Həmin incə ana əri ilə odlu-alovlu müharibəni keçib ora işə gəlmişdi! Yaponlar onu mühakimə və edam ediblər. Qəbrini isə saxlayırlar. Biz çox yerdə tarixi müqəddəs abidələrimizi qoruyub saxlamaq əvəzinə bəzən öz ata-baba yuvamızı qorxudam saxtalaşdırılma və dağıdılmasına da göz yummuşuq?

Son yazılar