TRAMP İRANI DÜŞÜNÜLMÜŞ TƏXRİBATA ÇƏKİR! – Təzyiqlər müharibəyə və ya İranda rejim dəyişikliyinə apararmı?

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni ciddi sanksiyaların tətbiqinə başlayıb və bununla yanaşı İranın yerləşdiyi regiona aviadaşıyan zərbə qrupu göndərir.

Beynəlxalq sülh uğrunda Karnegi Fondundan Carret Blank deyib: “Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyalar və aviadaşıyan zərbə qrupunun hazırlıq vəziyyətinə gətirilməsi təxribat xarakterli düşünülmüş addımdır. Bu sanksiyalar nəinki İranın ixracdan əldə etdiyi gəlirə neqativ təsir göstərəcək, həm də İran iqtisadiyyatındakı məşğulluq sektoruna da ziyan vuracaq. Bu isə orta sinfin vəziyyətinin destabilizasiya edilməsi kimi qəbul olunmalıdır”.

Donald Tramp İranda çıxarılan və istehsal edilən metallara da sanksiyalar tətbiq edib. Bu sahə neftdən sonra İranın ikinci ixac gəlir mənbəyi sayılır. Digər tərəfədən isə, Tramp xəbərdarlıq edib ki, əgər İran öz davranışlarını fundamental şəkildə dəyişməyəcəksə, onda o daha da sərt tədbirlər görəcək. Tramp bu xəbərdarlığını İran prezidenti Həsən Ruhaninin Tehranın nüvə müqaviləsinin iki tələbini pozacağı haqqındakı sözlərindən sonra səsləndirib.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirmişdi ki, Tramp administrasiyası İranın kəskin davranışlarına cavab olaraq, yaxın Şərqə aviadaşıyan zərbə qrupu yollayacaq.

“CNBC”-yə verdiyi müsahibəsində C.Blank deyib: “Tramp administrasiyası və ya ən azından onun bəzi nümayəndələri nüvə müqaviləsini pozmaqla, İranı təxribata çəkirlər. Bu, gələcək prezidentin küncə sıxışmasına aparıb çıxaracaq və nəticədə sövdələşmə və diplomatiya yoluna qayıtmaq prosesini çətinləşdirəcək”.

- Tehranın ultimatumu

İran prezidenti Həsən Ruhani nüvə müqaviləsinin yerinə yetirilməsi ilə bağlı nəzərdə tutulan müştərək kompleks planın iştirakçıları olan Almaniya, Fransa, Böyük Britaniya, Rusiya və Çinə ultimatum göndərib. O, xəbərdarlıq edib ki, əgər neft ticarəti 60 gün ərzində bərpa olunmayacaqsa, onda İran özünün dayandırılmış nüvə proqramının bir hissəsinin reallaşdırılmasına qayıdacaq.

Avropa ölkələri bildiriblər ki, onlar İranın istənilən ultimatumunu rədd edirlər, amma müştərək komleks planın həyata keçirilməsinə hazırdırlar.

Hazırda Tramp administrasiyası İrana qarşı misli görünməmiş addımlar atır. ABŞ prezidenti İrana qarşı tədbirləri maksimal təzyiq kampaniyası adlandırır. Bu addımlardan biri aprel ayında Vaşinqtonun İslam İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsi qərarıdır.

C.Blank deyib: “Elə təəssürat yaranır ki, indiki administrasiya iqtisadi təzyiqin rejim dəyişikliyinə gətirib çıxaracağı ideyasına inanır”. Blankın sözlərinə görə, İranda rejimin tamamilə dəyişilməsi yox, onun içərisində yerdəyişmələrin baş verməsi ehtimalı daha çoxdur.

Hon-Konq Universitetindən Roland Voqt isə hesab edir ki, ABŞ və Avropa Birliyinin İranla bağlı vahid məqsədləri var və hər iki tərəf İranın nüvə silahı əldə etməsinə imkan vermək istəmir, amma onların bu məsələdəki metodları fərqlidir.

Roland Voqt deyib: “Avropalılar anlayır ki, İran şantaj və zor tətbiqinin təsiri altında danışıqlar aparmayacaq. İran nüvə proqramı müqaviləsinin saxlanılmasının müəyyən faydaları da var, çünki bu İran hökumətinə potensial təsir göstərməyə imkan verir. Bunsuz İranın özünü necə aparması proqnozlaşdırıla bilməz”.

Xatırlatmaq yerinə düşər ki, İranla ABŞ arasındakı münasibətlər 40 il bundan əvvəl korlanıb. İranda şah devriləndən sonra islamçılar hakimiyyət başına gəldilər. Bundan sonra onlar Amerikanı özlərinin əsas düşməni elan etdilər. İnqilabçılar 4 noyabr 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək, səfirliyin 66 əməkdaşını girov götürmüşdülər. Girovlardan 14 nəfəri sonradan buraxılsa da, digərlərini 1981-ci ilin 20 yanvar tarixinə kimi saxlamışdılar.

İran hələ şah dövründə Atom Elektrik Stansiyası qurmağı planlaşdırırdı. Bəzən deyirlər ki, İran islam ölkəsi olduğuna görə xristian dövləti ABŞ onun nüvə silahı əldə etməsinin qabağını almağa çalışır. Lakin unutmayaq ki, Pakistan da müsəlman dövlətidir və xeyli vaxtdır ki, onun nüvə silahı var və ABŞ-ın buna qarşı hansısa ciddi narahatlığını duymamışıq. Çünki Pakistanın böyük qonşusu Hindistan nüvə bombasına yiyələnib və ona görə də, ABŞ buna göz yumur ki, qüvvələr nisbəti arasında balans yaransın. İranla bağlı vəziyyət başqa cürdür. Amerika deyir ki, burada ən əsas məsələ İsrailin təhlükəsizliyinin təmin edilməsidir. Guya ki, İran İsrailə bomba atacaqmış. İran İsraili nüvə silahı ilə niyə vurmalıdır? Axı, fələstinlilər də orada yaşayır!

Həmişə Respublikaçılar partiyasından fərqli olaraq Demokratlar partiyası İrana qarşı nisbətən yumşaq münasibət bəsləyib. Elə nüvə müqaviləsi də Obama administrasiyası tərəfindən razılaşdırılmışdı. İndi İran ətrafındakı gərginlik getdigcə şiddətlənir. Tramp sanksiyalar tətbiq etməklə yanaşı əzələ nümayişinə də girişib. 2003-cü ildə Amerika ordusu İraqa girdikdən sonra bu ölkədə 145 min əsgər saxlayırdı. Digər yandan isə ABŞ-ın Əfqanıstanda da xeyli əsgəri vardı. Hamı deyirdi ki, amerikanlar İranı üç tərəfdən mühasirəyə alıb, şərqdən Əfqanıstan istiqamətindən, qərbdən İraq istiqamətindən, cənubdan isə Hörmüz körfəzinə xeyli sayda hərbi gəmi yığılmışdı. Bəli, o zaman həqiqətən də İranı vurmaq imkanı vardı. Əgər ABŞ həmlə etsəydi, çox yəqin ki, təkcə təyyarə və raket zərbələriylə İranı viran gününə qoyacaqdı. Amma nə oldu? Demokrat partiyasından prezident olan Barak Obama ordunu İraqdan çıxardı.

Tramp İranın ən zəif yerindən - neft ixracından vurur. ABŞ-ın bölgəyə aviadaşıyanla bərabər zərbə qrupu gəmiləri göndərməkdə başlıca məqsədi İrandan neft daşıyan tankerlərin yolunu kəsməkdir. Bu, İrana ciddi zərbə demək olar.

Bəs, İrana kimi yardım edə bilər? Hələlik ABŞ dənizlərin hakimidir və bu müstəvidə onunla qarşılaşacaq heç bir qüvvə yoxdur. ABŞ administrasiyası həm də istəyir ki, İranın müqavimət əzmini sındırsın. Bu gün İrandakı iqtisadi durum yaxşı deyil və əhalinin yaşayış səviyyəsi son iki ildir ki, getdikcə geriləyir. Ona görə də, Amerikan strateqləri iqtisadi təzyiqlərin fayda verəcəyinə ümid bəsləyirlər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar