“ZAKİR  FƏRƏCOV SUMQAYITDA BOŞ YER QOYMADI...” - “Kristal Abşeron”la birlikdə... 

26-cı məhəllədə zeytun bağlarını kim məhv edib?

Əhalisinin sayına görə respublikanın ikinci böyük şəhəri olan Sumqayıt həmişə Bakıdan fərqli olaraq, daha böyük yaşıllıq ərazilərilə və geniş parkları ilə tanınıb. Lakin son illər bu şəhərimizin də yaşıllıqlarının yavaş-yavaş tikinti və biznes maraqlarının qurbanına çevrildiyinə dair məlumatlar çoxalmaqdadır.

Bunu Sumqayıtda yaşayan əhalinin şikayətləri və redaksiyamıza daxil olan müraciətlərdən də görmək olar. Belə müraciətlərin birində deyilir ki, uzun illər Sumqayıt öz geniş küçələri, stadionları, uşaq meydançaları, yaşıllıqları ilə Bakıdan seçilib. Lakin son illərdə getdikcə yollar, uşaq meydançaları, səkilər, binalararası məsafələr daralmağa, yaşıllıqlarsa məhv edilməyə başlayıb. Özü də bu proses hələ Vaqif Əliyevin icra başçısı olduğu dövrdən başlayıb, hazırkı başçı Zakir Fərəcovun dövründə isə daha da genişlənib.

Bildirilir ki, Zakir Fərəcov “Kristal Abşeron” tikinti şirkətinə şəhərin müxtəlif yerlərində yaşıllıqların məhvi hesabına tikinti həyata keçirməsinə imkan yaradıb.

Qeyd olunur ki, bu illərdə zeytun bağları da daxil olmaqla, xeyli yaşıllıq ərazilər “işğala” məruz qalıb: “26-cı məhəllədə zeytun bağları məhv edilib və edilir, Sülh küçəsində təhsil şöbəsinin yanında, Koroğlu küçəsində, 9-cu mikrorayon ərazisində, Hacıbəyov küçəsində, məktəblərin ərazilərində, eləcə də dəniz kənarında yaşıllıqlar, 40-50 illik şam ağacları gecələr məhv edilir, yerində mağazalar və s. tikilir. “Kristal Abşeron” Sumqyıtda boş yer qoymur, istədiyi yerdə bina tikir”.

Həmçinin qeyd edilir ki, şəhərin ciddi su, işıq, kanalizasiya problemləri olan hissələri var, lakin bu problemlərin həlli əvəzinə yaşıllıqların məhv edilərək, yeni binaların, obyektlərin, mağazaların tikintisi həyata keçirilir: “Şəhərə əlavə su xətti, kanalizasiya xətti çəkilmir, yeni transfarmatorlar qoyulmur. Binalar tikilib satılır, uşaq bağçaları, məktəblər yüklənir, problemlər isə həll edilməmiş qalır...”

Daha sonra isə müraciətdə konkret adlar çəkilərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qanunsuzluqlara və korrupsiya hallarına yol verdiyi iddia olunur. Və bütün bunlara müvafiq qurumlar tərəfindən son qoyulması istənilir.

Qeyd edək ki, oxşar problemlər təkcə Sumqayıtda deyil, paytaxt Bakı da daxil olmaqla, bir çox şəhərlərimizdə, rayonlarda müşahidə olunmaqdadır və bununla bağlı mətbuatda çoxsaylı faktlar, şikayətlər dərc edilib.

Yazıda qeyd olunanlarla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Kristal Abşeron” şirkətinin də mövqeyini dərc etməyə hazırıq.

Tahir

AzPolitika.info

Şərhlər

t.ədalət 2019-05-14 15:35:42

Zaklir Fərəcov yeni obyektləri üçün dənizə də əl uzadır.Onu qınamaq olmur.Ölkədə nəzarət olmayanda,hər şey alınıb -satılanda belə də olacaq.

kamran 2019-05-14 15:35:42

bu ölkədə real güc kimdədir görəsən?

Zaklir Fərəcov əvvəlcə Xırdalanı məhv etdi 2019-05-14 15:35:42

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı da özünün Feysbuk səhifəsində yazıb. Bildirib ki, belə bir acı peşmançılıq duyğusunu Xırdalana gedəndə yaşayır: "Nə maşına yol var, nə piyadaya! Deməyə söz tapmırsan! Hansı acı söz, hansı ittiham ürəyini soyuda bilər? Niyəbizim bu ev tikənlərimiz vicdanı, məsuliyyəti, qanun qorxusunu yaddan çıxarırlar. Bunlar anlamırlarmı ki, buraları görən hər kəs 10 ildən, 30 ildən sonra da, Bakının böyründə, Xırdalan kimi bir yerdə bu cür vəhşl qazanc ehtirasıyla ev tikənlərin ata-babasını gorundan çıxaracaq, onda urvatlı bir yer qoymayacaq!.. Görəsən, dünyanın hansı vəhşı tayfası 15-20 qatlı binaların ətrafında darısqal da olsa bir səki yeri saxlamaz. Üz-üzə binalarda bir balkondan o birinə tullanmaq olar! Doğrudanmı, on illər boyu əzizlərinin ən ağır söyüşlərlə söyülməsinə razı olurlar, amma binanı bir addım geri çəkə bilmirlər?.. Niyə şərəflərini, adlarını qazanca, mal-mülkə görə belə asanca ayaq altına atırlar? Bəs bu şəhər sizin, bizim deyil? Bəs bu binalarda sizin xalqınızın övladları yaşamayacaq? Axı bu nəhəng evlər gündə sökülüb yenidən tikilmir... Məgər hər kim harda balaca bir boş yer tapınca orda bir göydələn ucaltmalıdır? Bəs bu Xrdalan deyilən şəhərin bir sahibi yoxdur?"

Sumqayıtda zibil qutusunun üstündə QƏRİBƏ ELAN 2019-05-14 15:35:42

Sumqayıt şəhərində çəkilən bir foto sosial şəbəkələrdə marağa səbəb olub. zibil qutusunun üzərinə “Ay insan bura zibil atmaq olmaz” elanı vurulub. Sosial şəbəkə istifadəçilərini də məhz belə elanın zibil qutusunun üzərinə yazılması güldürüb. Bir çoxları fotoya “Nidalar çox oldu elə bil”, “Təklif edirəm bunu yazanın özünü ora ataq”, “Bəlkə yeri deyir” kimi rəylər yazılıb.

Son yazılar