“İRAN BƏHANƏ VERMƏZ Kİ, HƏRBİ HƏRƏKƏTLƏNMƏ OLSUN...” – “ABŞ İran xalqını narahat edir, dövləti qorxudur”

İran İslam Respublikasının Azərbaycanda sabiq səfiri Əfşar Süleymaninin “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Əfşar bəy, hazırda Amerika ilə İran arasında yaşanan gərginliyi şərtləndirən real səbəblər hansılardır?

- Amerika faktiki olaraq zor dilində danışır. Açıq göründüyü kimi, ABŞ zamanında imzaladığı nüvə sazişinin əleyhinə çıxır, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə qarşı mövqe ortaya qoyur. Üstəlik, İrana qarşı sanksiyalar tətbiq edir. Başqa sahələr üzrə də sanksiyalar tətbiq etməyə çalışır. Məsələn, İran neftini alan ölkələrə müəyyən təzyiqlər göstərir və beləcə İranın neft ixracatını aşağı salmağa çalışır. Ancaq İran da bəyan edib ki, neft ixracatını davam etdirəcək. İrandan neft alan ölkələrdə alqı-satqı prosesinin davam etməsinin tərəfdarıdır. Bir sözlə, hazırda münasibətlərdə gərgin qarşıdurmalar müşahidə olunur.

- ABŞ-ın İranı təkləməsinə Rusiya və Çin, eləcədə Avropanın yanaşması sizi qane edirmi?

- Əslində Avropa, Rusiya və Çin sözdə olsa da, Donald Trampın bu hərəkətlərini qınayırlar və İranla imzalanan beynəlxalq sazişin davam etməsini tələb edirlər. Eyni zamanda da əllərindən bir şey gəlmir. Özəlliklə Avropa ölkələri bir şey edə bilmirlər. Artıq 1 ildən çoxdur ki, ABŞ sazişdən kənara çıxıb, amma qoca Avropa çalışsa da, ABŞ-ı sazişə qaytara bilmir. Son günlərdə isə ABŞ prezidenti başqa sahələrlə bağlı da addımlar atır. Elə 5+1 sazişinin tam əleyhinə qərar qəbul etdi. Əslində bu sazişə uyğun olaraq İran uranı zənginləşdirdikdən sonra başqa ölkəyə göndərir, həmin ölkədə sonradan zənginləşən urandan alınan məhsul İrana qaytarılır, burada nüvə stansiyasının yanacaq sistemində ondan istifadə olunurdu. Uranın zənginləşməsi 300 kiloqram səviyyəsinə çatanda İran bunu başqa ölkəyə göndərirdi. Eyni zamanda ağır su adlandırılan mayeni İran özü istifadə edir və ya satırdı. Donald Tramp isə bəyan edir ki, İran bunları edə bilməz. Bu da, sözsüz ki, doğru deyil. İran da deyir ki, sənin qərarların doğru deyil. Çünki bu razılaşmanı ABŞ-dan savayı 5-6 ölkə təsdiqləyib. İndi sən sazişdən çıxmısan və deyirsən ki, İran bunu edə bilməz. İran tərəfi də açıq elan etdi ki, uranın zənginləşdirilməsi prosesini davam etdirəcək. İran həm də nəzərə alır ki, Çin, Rusiya, Almaniya, Fransa və İngiltərə bu müqavilədən çıxmayıb və onun şərtlərinə əməl edir. Onlar sazişin şərtlərinə uyğun olaraq zənginləşdirilən uranı və ağır su deyilən maddəni almalıdır. İran bəyan edir ki, hətta ondan bunu almasalar belə sazişə uyğun olaraq bunu davam etdirəcək. Başqa məsələ odur ki, əgər İran istehsal etdiyi bu məhsulu (zənginləşdirilən uran) xaricə sata bilməsə necə olacaq? Bu halda məhsulu alan olmasa və İran istehsalı davam etdirsə, bu məhsul çoxalacaq və İran hədəfə gələcək.

MAQATE-nin buna necə yanaşacağı da əhəmiyyətlidir. İndiyə qədər MAQATE 14 hesabat yayıb və elan edib ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. İndiki halda ABŞ-dan savayı digər tərəf ölkələr bu məsələyə diqqət etməli və İrandan zənginləşdirilən uranı alıb ondan alınan məhsulu da geri qaytarmalıdır ki, problem həll edilsin.

- İndi İranın tələbi nədir?

- Avropa ölkələri ABŞ-ın tətbiq etdiyi və bundan sonra edəcəyi sanksiyalara qoşulmamalı, habelə İranın zənginləşdirdiyi uran məhsulunu almalıdır. Əgər 6 ay müddətinə bunu almasalar başqa addımlar olacaq. İran deyir ki, bu sazişə əməl etmirsinizsə, mən neyləməliyəm? Bu səbəbdən də mümkündür ki, İran zənginləşdirdiyi uranın həcmini artırsın, həm də zənginləşdirmənin miqdarını dərinləşdirə bilər. İran keçmişdə uranı 20 faizə qədər zənginləşdirmişdi. Yəni təcrübəsi var. Onlar da narahat olurlar ki, Tehran atom bombası yaratmaq istiqamətində gedə bilər. Əslində İran buna getmir və öhdəliyinə əməl edir. İndilikdə ortanı Donald Tramp qarışdırıb. Yəni sanksiyalarla hədə-qorxu gəlir.

- Pentaqon “USS Abraam Linkoln” təyyarədaşıyan gəmisini, nüvə başlığı daşıyan B-52 bombardmançı təyyarələrdən ibarət qrupu, habelə “USS Arlinqton” dəniz piyadaları gəmisi və “Patriot” hava müdafiə sistemini körfəzə göndərib. İranda bunu necə qarşılayırlar?

- Ümid edirəm ki, məsələ həll ediləcək və İran dediyi kimi, 6 aydan sonra sazişdən çıxmaq məcburiyyəti ilə üz-üzə qalmayacaq. Hər halda İranın haqqı var. Bu saat İran demir ki, mən atom silahı əldə etmək istiqamətində gedəcəyəm. Trampın əsas sözü bu olub ki, İran ümumiyyətlə uranı zənginləşdirməsin. Yanaşma belədir ki, İran atom bombası əldə etmək üçün gedəcək, odur ki, ümumən nüvə zənginləşdirmək prosesini aparmamalıdır. İran da deyir ki, beynəlxalq hüquqa, sazişə və üzərimə götürdüyüm öhdəliklərə əsasən bu işləri davam etdirəcəyəm. Fikrimcə, Avropa ölkələri, Çin və Rusiya sazişlə üzərinə götürdüyü öhdəliklərə riayət etsələr, problem həllini tapacaq. Yox, onlar ABŞ-ın sözünə baxsalar, bu halda vəziyyət qəlizləşəcək.

- Körfəzdə müşahidə edilən hərbi gərginləşmə nə ilə nəticələnə bilər?

- Guya onlarda olan məlumata əsasən İran Fars körfəzində olan ölkələrdəki ABŞ hədəflərini vura bilər. Körfəzə silah-sursat toplamalarını da belə əsaslandırırlar ki, İran vurmaq istəsə, ona cavab versinlər. Əslində İran belə bəyanat verməyib, buna da cəhd etməyib. Əslində ABŞ İranla bağlı iddialarda bulunaraq qeyd edilən hərbi gəmilərini, təyyarələrini körfəzə göndərir. Mən hesab edirəm ki, bu proses də ABŞ-ın İrana təzyiq etməyinin tərkib hissəsidir. Yəni bir tərəfdən iqtisadi sanksiyalar tətbiq olunur, digər tərəfdən də hərbi qüvvələri göndərir. Beləcə çalışır ki, İran ciddi basqı altında qalsın və nəhayətdə Amerikanın dedikləri ilə razılaşsın. Yəni son nəticədə Amerika-İran müzakirələri başlasın və danışıqlarda Vaşinqton istəyinə çatsın.

- Necə hesab edirsiniz, ABŞ istəyinə çata bilərmi?

- Məncə, belə bir şey baş verə bilməz. İran tərəfi bəyan etdi ki, üzərinə götürdüyü öhdəliyə istinadən işləri davam edəcək. Üstəlik 6 ay müddətinə vaxt qoydu. Tramp bu sazişdən çıxmasaydı, İrana hədə-qorxu gəlməsəydi və bizə sanksiyalar tətbiq etməsəydi belə İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirdi. MAQATE-nin müşahidəçiləri, ekspertləri var, ildə 2-3 dəfə araşdırma aparıb hesabatlar hazırlayır. Əgər MAQATE bəyan etsəydi ki, İran öhdəliklərdən çıxaraq başqa istiqamətə gedir, bu halda MAQATE-nin mövqeyinə istinadən məsələni BMT-də müzakirəyə çıxarıb sazişi ləğv edə, yeni qətnamələr qəbul edə bilərdilər. Əgər bu edilsəydi, haradasa başa düşülən olardı. İndi isə ABŞ birmənalı İranı qaralayıb və əslində çalışır ki, Tehran ona qarşı bir hərəkət etsin və dərhal Avropanı özünə tərəf çəkərək İran dosyesini BMT Təhlükəsizlik Şurasına aparsın. Əsas məqsəd budur.

- Yəni müharibə, hərbi qarşıdurma ehtimalını mümkün hesab etmirsiniz?

- Hədə-qorxu gəlməklə ABŞ əslində dolayısı yolla İranı müzakirə masasına gətirmək və istəyinə nail olmaq, şərtlərini qoymaq istəyir. Amma indi İran normal mövqe tutub. İndilikdə məhz İranın tutduğu mövqeyə görə, Tramp administrasiyası ancaq İranın atom bombası istehsal edə biləcəyinin iddia edir, başqa bəhanə və sözlər tapa bilmirlər. İran da deyir ki, buna qədər İranla Amerikanın təmas kanalı var idi, sən kanalı kəsdin. Mən güman etmirəm ki, ABŞ hərbi məsələyə üstünlük versin. Eyni zamanda ehtimal etmirəm ki, İran hansısa işlər görsün və beləcə ABŞ-ın əlinə hərbi hərəkətlənmə üçün bəhanə versin. Sadəcə bu durumun psixoloji tərəfləri var. Körfəzə silah yığmaqla həm İran xalqını narahat edir, dövləti qorxudur, digər tərəfdən iqtisadi sanksiyalar və s. Əslində İran deyir ki, biz bir dəfə müzakirə edib razılığa gəlmişik və bundan az sonra sən fikrini, mövqeyini dəyişmisən, tüpürdüyünü yalamısan. İndi sənə necə etimad edib yenidən müzakirələr aparım? Gərək qarşı tərəf müsbət işlər görsün ki, Tehranda müzakirələrə başlamaq haqqında düşünsün. Məsələn, sanksiyalardan imtina olunsa, geri çəkilsə, sazişə qayıtsa İran Amerika ilə müzakirələri davam etdirə bilər. Bu məsələnin hərbi yollarla həllini görmürəm.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar