HAKİMİYYƏTİN ƏKS-İNQİLAB ƏMƏLİYYATI - "QHT işi"nin pərdəarxası açıldı

Məlum olduğu kimi, son aylar Azərbaycanda xeyli sayda Qeyri-Hökumət Təşkilatı (QHT) ilə bağlı cinayət işi açılıb, onlardan bir neçəsinin rəhbəri həbs olunub. Bəzilərinin istintaqı yekunlaşaraq, həbs çəzası verilib, bəziləri haqda isə həbs-qətimkan tədbiri seçilib. Respublika Prokurorluğu isə “QHT işi” ilə bağlı istintaqı davam etdirir. Bu baxımdan yeni həbs edilənlərin olacağı şübhə doğurmur.

Qeyd edək ki, QHT rəhbərlərinə qarşı əsasən qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma ittihamları irəli sürülür. Bir neçəsinə qarşı isə (Leyla Yunus, Arif Yunus və Rauf Mirqədirov) daha ağır - vətənə xəyanət, Ermənistana çasusluq kimi ittihamlar da əlavə olunub.

Təbii ki, bu ittihamların nə qədərinin doğru olduğunu biz heç məhkəmə qərarlarından sonra da tam əminliklə deyə bilməyəcəyik. Nədən ki, Azərbaycanda məhkəmələrin ədalətli və müstəqil qərar verdiyinə inanların sayı o qədər də çox deyil...

Ancaq maraq doğuran məsələ uzun illərdir fəaliyyət göstərən bu qədər QHT-lərə qarşı eyni vaxtda cinayət işinin açılması, onların rəhbərlərinin total şəkildə həbsə alınmasıdır. Hansı ki, bu cür kütləvi həbslər Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir, hakimiyyətə təzyiqləri artırır... İstər-istəməz sual yaranır; bu QHT-lərin hamısının, iddia edildiyi kimi, vergidən yayınması son aylardamı ortaya çıxdı? İkinci bir

tərəfdən, niyə ancaq xarici donor təşkilatlardan qrant alan QHT-lərin fəaliyyətində qanunsuzluqlar aşkarlanır? Sirr deyil ki, Azərbaycan dövlətindən qrant alanların da əksəriyyəti heç bir iş görməyərək, ayrılan pulları "yeməklə" məşğuldurlar. Əgər məqsəd vergidən yayınma, qanunsuz sahibkarlıqla mübarizədirsə, niyə onların da arasından belələri aşkarlanıb cinayət məsuliyyətinə cəlb olunmur?...

Əlbəttə, bu və digər sualların cavabı belə bir qənaət yaradır ki, bəzi QHT rəhbərlərinin həbsində əsas amil onlara qarşı irəli sürülən ittihamlarda olduğu kimi, qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma deyil, siyasi fəaliyyətləri olub. Ancaq bu halda da yenə bəzi suallar açıq qalır.

Belə ki, həbs olunan QHT rəhbərlərinin əksəriyyətinin uzun illərdir hakimiyyətə müxalif mövqedə dayandıqları heç kimə sirr deyil. Hətta onlardan bəziləri əvvəllər daha radikal mövqe tuturdular, nəinki indi. Bəs niyə onlara eyni ittihamlarla həmin vaxt deyil, indi cinayət işi açılır?

Bu və digər qaranlıq qalan suallara İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun "Yeni Musavat" qəzetinə verdiyi son müsahibəsindən sonra qismən də olsa aydınlıq gəlir. 28 avqustda Respublika Prokurorluğuna çağırılan Qubad İbadoğlu son aylar QHT rəhbərlərinin kütləvi həbsinin səbəbinin onların Qərbin hansısa inqilab ssenarisində iştirak etmələri ilə bağlı olduğunu bildirib. O, detallı danışmasa da, istintaqın məhz "inqilabçıların" deşifrə olması və həbsi istiqamətində aparıldığını vurğulayıb. İbadoğlunun sözlərindən məlum olur ki, istintaq Qərbin Azərbaycanda inqilab üçün ayırdığı konkret məbləği müəyyən edib: "14 milyon dollar. Guya ölkədə inqilab etmək üçün vətəndaş cəmiyyəti institutlarına bu qədər məbləğdə vəsait ayrılıb".

Beləliklə, Qubad İbadoğlunun açıqlamalarından belə məlum olur ki, Respublika Prokurorluğunda aparılan və kütləvi həbslərlə müşahidə olunan “QHT işi” əslində Qərbin Azərbaycandakı "inqilab planında" iştirak edənlərə qarşı başlanıb. Düzdür, bu inqilab planının 2013-cü il prezident seçkilərindən əvvəl, yoxsa sonra olduğu açıqlanmır. Amma cinayət işinin bu istiqamətdə aparılması həbslərin QHT-lərlə yekunlaşmayacağı, siyasi partiyaların rəhbər şəxslərinə qədər uzanacağını söyləməyə əsas verir.

Qubad İbadoğlunun açıqlamalarında maraq doğuran bir məqam də bu cinayət işinin ssenarisinin əvvəlcədən mətbuatda işıqlandırılması, necə deyərlər, ictimai şüura yeridilməsidir. Sitat: "Orada əsas ssenari vaxtı ilə haqqin.az saytında yazılanlardan fərqlənmir... - Aylar öncə dərc olunan bir yazıdan... Orda çox müxtəlif və şişirdilmiş rəqəmlər var idi... Yazıda qeyd olunmuşdu ki, “ABŞ-ın Azərbaycanda inqilab etmək və Azərbaycanı Ukraynaya çevirmək niyyəti var. Bununla bağlı ölkədəki vətəndaş cəmiyyəti institutlarına böyük miqdarda vəsait ayrılıb”. Orada maliyyə ayrılan QHT rəhbərlərindən biri kimi, mənim də adım çəkilmişdi. Bunun da əsas səbəblərindən biri budur ki, son illər mən Avropa Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa institutları ilə sıx əlaqədəyəm və kursumu müəyyənləşdirib, Azərbaycanın Avropaya inteqrasiyasına dəstək vermək üçün çalışıram. Düşünürdüm ki, mənim bu istiqamətdə fəaliyyətim Azərbaycanın gələcək strategiyasının seçimi üçün bir töhfə ola bilər. Amma görünür ki, vətəndaş cəmiyyəti institutlarını bu yönə çəkməklə onları çirkaba batırmaq, olmayan şeyləri onların adına yazmaq xətti var. Amma deyim ki, ölkədə heç bir inqilabdan söhbət gedə bilməz. Biz heç 10 QHT rəhbərini bir yerə yığa bilmirik, belə olanda inqilabi kiminlə edə bilərik ki? Bu, tamam cəfəngiyatdır."

Daha maraqlı məqamlardan biri isə odur ki, Qubad İbadoğlu "cəfəngiyyat" adlandırdığı həmin "ssenaridə" adı olan adamların əksəriyyətinin artıq həbs edildiyini bildirir.

Qeyd edək ki, Ukraynadakı hadisələrdən sonra rəsmi Bakının Qərblə əməkdaşlıq edən təşkilatlardan ehtiyatlanmağa başladığı, onların fəaliyyətindən narahat olduğu açıq sezilirdi. Hakimiyyətin oxşar ssenarinin (hətta belə plan olmasa belə-müəl.) Bakıda həyata keçirilməsi perespektivini nəzərə alaraq, önləyici tədbirlər həyata keçirəcəyi gözlənilən idi. Rusiya-Oərb münaqişəsinin dərinləşməsi rəsmi Bakıya bu tədbirləri daha tez və kütləvi formada həyata keçirmək fürsəti verib. Kifayət qədər məlumatlı şəxs olan Q.İbadoğlunun sözlərindən belə məlum olur ki, hakimiyyət qısa müddətdə Qərblə əməkdşlıq edən bütün təşkilatların fəaliyyətinə son qoymaq niyyətindədir. Sitat: "Bu, birbaşa Qərblə əməkdaşlıqda fəal olan və bu prosesdə iştirak edənlərə qarşıdır. Çünki biz əsasən Qərb yönlü beynəlxalq donorlarla işləmişik və əsas tərəfdaşlarımız Avropa və Amerikada fəaliyyət göstərən təşkilatlar olub. Hazırkı proses yalnız onların əleyhinə deyil. Həm də onlarla əməkdaşlıq edən təşkilatlara qarşıdır. Məqsəd bu əlaqələrə son qoymaq və bu prosesdə iştirak edənləri sıradan çıxarmaqdır. Ola bilsin ki, bir neçə aydan sonra yeni bir situasiya yaradılsın. Həmin situasiyada necə ki, hakimiyyətin müəyyən qəzetləri, demokratik institutları var, eləcə də hakimiyyətyönlü QHT-ləri də olsun. Onsuz da bu günə qədər belələri var idi, bundan sonra da həmin proses daha geniş miqyasda davam edə bilər. Burda başlıca məqsəd ölkəyə məhz Qərbin proqramları ilə daxil olan xarici maliyyənin qarşısını almaqdır".

Rasim Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar