Təcrübəsiz şəxslər böyük itkilərə məruz qala bilər

Dərc olunub: 16/05/2019 - 15:51

60945573-e198-43cb-9b1d-b5f6a838cbcaSon dövrlərdə valyuta əsaslı alətlər üzrə Azərbaycanda əhalinin maraq dairəsi USD/TRY-yə və USD/RUB-la kəskin artıb.

Bu barədə “Report”a eksklüziv açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin müşaviri Rəşad Ağayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan törəmə maliyyə alətləri bazarının iştirakçıları idxal və ya ixrac istiqamətli şirkətlər, banklar, sığorta şirkətləri və fiziki şəxslərdir.

«Əsasən bazar iştirakçıları məzənnə fərqindən yarana biləcək risklərin sığortalaması məqsədilə bazarın təqdim etdiyi alətlərdən istifadə edirlər. Digər tərəfdən ölkəmizdə bəzi investisiya şirkətləri marja ticarəti xidməti verməklə əhalinin törəmə maliyyə alətləri bazarına çıxışını təmin edir. Əhali tərəfindən geniş ticarət edilən alətlər valyuta və əmtəə əsaslı fərq müqavilələri üzrə marja ticarətidir. Qeyd etmək lazımdır ki, son dövrlərdə valyuta əsaslı alətlər üzrə əhalinin maraq dairəsi USDTRY-yə və USDRUB-la kəskin artıb», – deyə R.Ağayev bildirdi.

Palatanın İdarə Heyətinin sədrinin müşaviri vurğuladı ki, sözügedən valyutalara maraq onların yüksək volatil olmaları və qısa müddətdə yüksək gəlir imkanı yaratmaları ilə bağlıdır. Qeyd etmək lazımdır ki, təcrübəsiz şəxslər riskli alətlərə investisiya etdiklərində və risklərini idarə edə bilmədikləri halda yüksək qiymət volatilliyi nəticəsində böyük itkilərə məruz qala bilər.

O, xatırlatdı ki, Maliyyə Bazarlarına Nəzarət Palatası kapital və törəmə maliyyə alətləri bazarının inkişaf etdirilməsi üzrə Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən Bilik Mübadiləsi Proqramına (KSP layihəsi) qoşulub.

“KSP layihəsi çərçivəsində səhm, istiqraz və xarici valyuta bazarlarının və baza aktivi bu alətlər olan törəmə maliyyə alətləri bazarının inkişafı nəzərdə tutulur. Qeyd edək ki, may ayında bu layihənin müzakirəsi və yekun nəticələrinin təqdimatının keçirilməsi nəzərdə tutulub”,- deyə R.Ağayev bildirdi.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın törəmə maliyyə alətləri bazarında 1 089,6 milyon manatlıq əməliyyat aparılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə 57,4% azdır.

Əvəzində son 1 ildə bu bazarda bağlanmış əqdlərin sayı 11% artaraq 28 743-ə çatıb.








loading...


Fikrinizi bildirin