ŞƏHİD ANASININ FƏRYADI - “Qaraciyərinin bir hissəsini bacısına verməyə hazırdır, ancaq…”

Göyçay rayonu Müskürlü kənd sakini, şəhid anası Hüseynova Əntiqə Heybət qızının ölkə başçısına və birinci vitse-prezidentə ünvanladığı məktubda şəhid ailəsinin necə acınacaqlı vəziyyətdə olduğu öz əksini tapıb.

“Azpolitika.info”ya da göndərilən həmin məktubda göstərilir ki, bu ailənin övladı Hüseynov Həsrət Hüseyn oğlu 1994-cü ildə Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ailənin ağır maddi duruma malik olduğu qeyd edilən məktubda göstərilir ki, şəhidin bacısı, 32 yaşlı Hüseynova Gülnar Hüseyn qızı qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir: “Bir ağbirçək şəhid anası olaraq, balamın gözümün qarşısında imkansızlıqdan məhv olmasına dözə bilmədiyim üçün Sizə müraciət edirəm. Mənim övladım 32 yaşlı Hüseynova Gülnar Hüseyn qızı qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkir. Hazırda ağır xəstə olaraq, yataqdadır. Həkimlərin müalicəsi artıq təsir etmir. Qarın boşluğuna tez-tez su yığılır deyə çəkdirməsək, həyatın itirə bilər. Həkimlər deyir ki, Gülnara təcili qaraciyər köçürülməlidir. Buna isə bizim maddi imkanımız yoxdur.”

Şəhid anası deyir ki, digər oğlu qaraciyərinin bir hissəsini bacısına verməyə hazırdır. Lakin qaraciyər köçürülməsi əməliyyatının xərcini ödəmək üçün pulları yoxdur: “Oğlum Rahim öz qaraciyərinin bir hissəsini bacısı Gülnara verməyə hazırdı. Ancaq qaraciyər köçürülməsinin həyata keçirilməsi üçün maddi imkanımız yoxdur. Xəstə övladımın müalicəsi üçün bu günə qədər külli miqdarda pul xərcləmişik. Evimizin əşyalarını da satmışıq, banklardan kredit götürmüşük, borc almışıq. Hazırda quru çörək almağa belə imkanımız qalmayıb. Ancaq mən ana kimi aclığa dözə bilərəm, amma balamın gözümün qarşısında ölməsinə dözə bilmərəm...”

Prezidentə və birinci vitse-prezidentə üz tutan şəhid anası yalnız yaradana və onların mərhəmətinə ümid etdiyini bildirir: “Əlimizi hər yerdən üzsək də, o bir olan Allaha və Sizə böyük ümid edirik. Mən bir ana kimi fəxr edirəm ki, oğlum vətən, millət uğrunda şəhid olub. Mən bir gözüyaşlı şəhid anası olaraq, Sizdən çox-çox xahiş edirəm, yalvarıram, xəstə qızım Gülnarın müalicə olunmasına yaxından köməklik edəsiniz”.

“AzPolitika”

 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar