"Bakı Nəqliyyat Agentliyi hiyləgərliyin yolunu da tapıb..." -  Millət vəkili

Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm. O qədər böyük intellekt sahibi olmalısan ki, həmin qurumu tapıb piyadaların həyatını xilas edəsən. Axar.az xəbər verir ki, bu sözləri piyada keçidləri ilə bağlı problemdən danışan millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Bakıda piyada keçidlərində rəngi pozulmuş zolaqlar yenidən ağ boya ilə rənglənmir:

“Piyada keçidlərində rəngi pozulmuş zolaqların rənglənməsini əvvəllər Dövlət Yol Polisi yerinə yetirirdi. Nə zaman müraciət edirdin, dərhal gəlib həmin pozulmuş zolaqları yenidən rəngləyirdilər. İndi bu funksiya Bakı Nəqliyyat Agentliyinə verilib, artıq bu səlahiyyət dəyişikliyi olan gündən nə dayanacaqları yuyurlar, nə də bir neçə aydır rəngi solmuş zolaqları yenidən rəngləyirlər. Bir neçə dəfə yazdım, Milli Məclisdə çıxışımda ittiham etdim, bu qurumun operativ telefon nömrələrinə zəng etdirdim, adamlar boyunlarından atdılar ki, rəsmi olaraq bizə həvalə olunsa da, qeyri-rəsmi bu işə “Azəryol”un xüsusi servis qurumu baxır. Ötən həftə Zabratda məhz bu keçiddə zolaq görünmədiyinə görə dərsdən çıxan bir uşağı nənəsi ilə birlikdə avtomobil vurdu. Allah üzlərinə baxdı ki, ölüm olmadı, ancaq hər ikisi də ağır dərəcəli sınıqla hələ də xəstəxanada yatırlar. BNA hiyləgərliyin yolunu da tapıb, yüksək dövlət məmurlarının daim hərəkət etdiyi yollarda bu funksiyanı layiqincə yerinə yetirirlər. Lakin mərkəzi yoldan uzaq yerləri yalnız özəl iri obyektlərdən vəsait aldıqları zaman onların qarşısındakı zolaqları rəngləyirlər”.

Millət vəkili boyanın keyfiyyəti məsələsinə də toxunub:“Əslində, ağ boyanın keyfiyyəti ayrıca müzakirə mövzusudur. İnkişaf etmiş ölkələrdə boyanın tərkibinə hansısa “zibili” qatmadıqlarına görə uzun müddət yeniləməyə də ehtiyac duyulmur. Bizdə isə yeni rənglənən yer bir neçə həftədən sonra asfaltın rəngindən seçilmir. Burada iki məqam ola bilər: ya bu boyaları qara bazarda satırlar və sənəd üzərində istifadə olunduğunu qeyd edərək böyük vəsait mənimsəyirlər, ya da həqiqətən də səlahiyyət bölgüsündə ənənəvi xaos hökm sürür. O halda Bakı Nəqliyyat Agentliyi bir qurum olaraq niyə yaradılıb? Gözləyirlər ki, hər həftə piyada keçidlərində beş-on adam ölsün, sonra bu sadə vəzifə borcunu yerinə yetirsinlər?”

Millət vəkili təklifini də irəli sürüb:“Aydındır ki, bizdə yol mədəniyyəti də çox aşağı səviyyədədir. Avtomobil sürücülərinin mütləq əksəriyyəti “Keçid” yazılan yerdə dayanmağa vicdan məsələsi kimi baxmır. O halda hər bir piyada bütün şəhərin küçələrində əlində ağ bayraqla gəzməlidir. Nə fərqi var, rəng eynidir, yerdə olmasın, göydə olsun. Vətəndaşlar bayrağı yelləməklə avtomobilləri dayanmağa məcbur etsinlər. Burada həm də bir təslimiyyətçilik işarəsi nəzərdə tutulur. Yəni vətəndaş qanunsuzluğun qarşısında, məmur etinasızlığının qarşısında, üstəlik də həyatına qəsd edə biləcək dəmir avtomobilin qarşısında aciz olduğunu etiraf edərək təslimiyyətini bu yolla ifadə etmiş olacaqdır”.

635x100

Şərhlər

Oxucu 2019-05-18 21:17:02

Fazil bəy çox aktual bir məsələyə toxunduğunuz üçün təşəkkürlər! Bununla yanaşı başqa neqativ hallar da mövcuddur. Müəyyən yerlərdə işıqforlara böyük ehtiyac olduğu halda nə DYP nə də BNA bu məsələyə sanki qəsdən edirmiş kimi biganə yanaşırlar. Bir misal; Çobanzadə küçəsində "Oskar" şadlıq evinin qarşısındakı yol ayrıcında ( paralel Q.Qarayev küçəsinin bazar qarşısındakı gərginliyi də nəzərə alsaq) hərdən elə bir tıxac olur ki, bütin 8-ci km qəsəbəsində hərəkət iflic vəziyyətinə düşür. Bir dəfə həmən ərazidə xidmət edən(daha doğrusu tıxacdan bir təhər keçə bilən sürücüləri saxlayıb bu və ya digər səbəblərə görə saxlayıb cərimələyən) polisdən bura niyə işıqfor qoyulmadığını soruşdum. Cavabı nə olsa yaxşıdır? Yığışın şıkayət ərizəsi yazın. Biz təşəbbüs versək deyərlər sizin nə marağınız var? Sanki YPX( əslində X hərfi xidmət sözünün baş hərfidir) və BNA xalqa xidmət etmək üçün deyil , ona əvvəlcə problem yaradıb sonra cərimələmək üçün yaradılıb. Hələ çıxıb yığıan milyonlarla cərimənin məbləğini elan da, edirlər sanki böyük hünər göstərib pul qazanıblar. Cərimələrin 25% -nin bunların bir başa maaş kartına oturduğunu isə yəqin hamı bilir.

Son yazılar