Ukrayna məğlub olur: Mariopol mühasirədə, Luqansk aeroportu ələ keçdi

Ukrayna ordusu ölkənin şərqində Rusiyadan dəstək alan separatçılarla döyüşlərdə ağır itkilər verərək geri çəkilməkdədir. Virtualaz.org xəbər verir ki, separatçılar ötən bazar günü Azov dənizinin sahilində yerləşən strateji əhəmiyyətli Mariopol şəhərini tam mühasirəyə aldıqlarını elan ediblər.

Ukrayna Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etmir.

Separatçıların bildirdiyinə görə, onlar şəhəri Zaparojye ilə birləşdirən magistral yola nəzarəti də ələ alıblar. Ötən iki gün ərzində separatçıların qüvvələri və Rusiyadan onlara köməyə gələn desantçılar, tank batalyonları Azov dənizinin sahilinə qədər irəliləyə biliblər.

Ukrayna ordusunun hissələri Mariopol ətrafındakı Strarodubovka, Boyevoye və Çernovoye Pola yaşayış məntəqələrindən geri çəkiliblər. Beləliklə, Mariopol şəhəri mühasirəyə düşüb.

Lakin separatçılar şəhərə hələ hücum etmirlər. Şəhərdə Ukrayna silahlı qüvvələrinin azsaylı bölmələri və könüllülərdən ibarət “Azov” batalyonu mövqe tutub, lakin onların hücum edən separatçılara qarşı müqavimət göstərmək imkanları çox zəifdir. Mariopol mühasirəyə düşdüyündən ora əlavə kömək göndərmək də mümkün deyil.

Digər məlumata görə, Ukrayna qüvvələri Luqansk şəhərinin beynəlxalq aeroportunu da tərk ediblər. Aeroportda mövqe tutan Ukrayna qüvvələri separatçıların və rus birləşmələrinin intensiv tank, artilleriya və “Qrad” zərbələri qarşısında geri çəkiliblər.

Ukrayna Milli Təhlükəsizlik Şurasının bildirdiyinə görə, aeroportu qoruyan qüvvələrə geri çəkilmək əmri verilib.

Ukrayna ordusunun sürətlə mövqelərini əldən verdiyi bir vaxtda Minskdə separatçıların da nümayəndələrinin iştirakı ilə təmas qrupunun danışıqları başlayıb. Danışıqlarda Rusiyanın tərəflərə təcili atəşkəs təklifi müzakirə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar