“İŞ OTAQLARINIZDAN PREZİDENTİN FOTOSUNU ASMAYIN...” - Qeyri-adi prezidentin ANDI (VİDEO)

“Hər şey edəcəm ki, siz ukraynalılar ağlamayasınız...”

Əksər postsovet ölkələrinin seçki prosesinə və ümumiyyətlə demokratiya sahəsindəki inkişafına həsədlə baxdığı Ukrayna, yeni prezident Vladimir Zelenskinin inauqurasiyası ilə növbəti mərhələyə qədəm qoydu. Milli Məclisin sədri Oqtay Əsədovun da qatıldığı andiçmə mərasimi bir daha göstərdi ki, əsl demokratiya bütün ziddiyyətləri və çatışmazlıqlarına baxmayaraq, bir dövlətin gücünü, xalqla hakimiyyətin bütövlüyünü, birliyini təmin edən əsas amillərdən biridir.

Oqtay Əsədovun Zelenskinin çıxışını dinləyərkən və ümumiyyətlə həmin tədbirdə baş verənləri izləyərkən hansı duyğular keçirdiyini demək çətindir, ancaq Ukrayna xalqının əksər hissəsinin bu mənzərədən birmənalı şəkildə qürur hissi keçirdiyi heç bir şübhə doğurmur. Bunu inauqurasiyanın canlı yayımını aparan telekanalların qonaqlarının açıqlamalarından, parlamentin binasının ətrafına toplaşan əhalinin reaksiyasından və ümumiyyətlə, ölkədəki ab-havadan da görmək olar.

Putin təbrik etməyəcək, gözləyəcək...

Hazırda Ukraynaya ən böyük problemlər yaradan, onun torpaqlarını işğal edən, lakin bir zamanlar “qardaş” adlandırılan Rusiyanın Zelenskiyə münasibəti hələ ki, Pyotr Poroşenkoya olan münasibətdən fərqlənmir. Özünü təkcə işğal etdiyi ərazilərin deyil, az qala bütün Ukraynanın sahibi kimi aparan Rusiya rəhbərliyi yeni prezidentin hansı addımları atacağını gözlədiyini bildirib.

Putinin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin Zelenskini nə təbrik edəcəyini, nə də onunla telefon əlaqəsi saxlayacağını deyib. O, qeyd edib ki, rəsmi Moskva yeni prezidentin Ukrayna-Rusiya münasibətlərində və Donbasdakı hərbi qarşıdurma ilə bağlı hansı addımlar atacağını gözləyir. Yalnız bu istiqamətlərdə hansısa uğurlar əldə edərsə (əlbəttə ki, Rusiyanın maraqlarına xidmət edən uğurlardan söhbət gedir-red.) həmin uğurlar münasibətilə Zelenskini təbrik etməyə hazırdırlar.

Xatırladaq ki, Ukrayna tərəfi Rusiya rəhbərliyini inauqurasiya mərasiminə dəvət etməyib. Zelenskinin qərargahında bu, onunla izah edilib ki, həmin tədbirə yalnız “Ukraynaya dost və tərəfdaş” dövlətlərin rəhbərləri dəvət olunub. Bütün bunlar göstərir ki, Rusiya amili növbəti 5 ildə də Ukraynanın əsas başağrısı, problemi olaraq qalacaq. Və sözsüz ki, hələ iqtisadi, hərbi və siyasi cəhətdən zəif olan Ukraynanın bu problemi beynəlxalq dəstək olmadan həll etməsi mümkünsüz görünür.

Parlamenti buraxdı, amma...

Ümumilikdə kifayət qədər həyəcanlı keçən andiçmə mərasiminin ən əhəmiyyətli məqamlarından biri Zelenskinin elə parlamentin tribunasındaca Ali Radanı buraxdığını elan etməsi oldu. Doğrudur, yeni prezidentin parlamenti buraxacağı gözlənilən idi və o, bu niyyətini hətta seçki kampaniyası dövründə də gizlətmirdi. Lakin qanunda prezidentin parlamenti buraxmasına icazə verən 3 hal mövcuddur ki, Zelenski onlardan yalnız birini – parlament çoxluğunu təşkil edən hakim koalisiyanın mövcud olmamasını əsas gətirərək, Ali Radanı buraxa bilərdi. Doğrudan da faktiki olaraq, parlamentdə hakim koalisiya mövcud olmasa da, parlamentdəki partiyalardan biri siyasi manevr işlədərək, qanunda nəzərdə tutulan formada parlament sədrinin bir ay müddətində koalisiya yaradılması üçün vaxt verməsinə nail olub.

Bu o deməkdir ki, prezident iyunun ortalarınadək gözləməli idi, yalnız bundan sonra koalisiya yaradılmayacağı təqdirdə parlamenti buraxa bilərdi. Lakin həmin vaxt növbəti parlament seçkisinə cəmi 5 ay qalacaqdı, konstitusiya görə isə seçkiyə 6 aydan az vaxt qaldığı təqdirdə ölkə başçısı parlamenti istefaya göndərə bilməz. Odur ki, hüquqşünaslar və siyasi təhlilçilər Zelenskinin parlamenti buraxmaq imkanının əlindən alındığını bildirirdilər. Lakin yeni prezident deyilənlərə məhəl qoymayaraq, xarici ölkə başçılarının və deputatların qarşısında elan etdi ki, parlamenti buraxır.

Artıq mətbuatda növbədənkanar seçkinin iyulun 14-ə təyin ediləcəyi barədə məlumatlar dərc edilməkdədir. Ancaq bir çox hüquqşünaslar yeni prezidentin bu addımının konstitusiyaya zidd olduğunu iddia edirlər. Onların bəziləri hətta “səlahiyyət qazanandan cəmi 45 dəqiqə sonra konstitusiyanı pozdu” kimi şərhlər veriblər. Müşahidəçilər bildirirlər ki, bu qərarla bağlı parlament Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

Lakin belə görünür ki, deputatlar bu hüquqlarından istifadə etməyəcəklər. Belə ki, parlamentdə üstünlüyə malik olan Pyotr Poroşenkonun blokunun təmsilçisi İqor Kononenko məhkəməyə müraciət etməyəcəklərini bildirib. Müxalif “Xalq Cəbhəsi” Partiyası da prezidentin qərarına hörmətlə yanaşdıqlarını və növbədənkənar seçkiyə hazırlaşacaqlarını bəyan edib. Zelenskiyə müxalif olan partiyaların bu yanaşması, yeni prezidentin qərarına hörmət etmələri, ölkədə gerçək demokratik mühitin və müəyyən mənada siyasi etikanın formalaşmasından xəbər verir. Digər tərəfdən, parlamentin buraxılması təkcə Zelenskinin istəyi yox, həm də cəmiyyətin tələbi, sifarişi idi. Bu tələbə qarşı çıxan istənilən siyasi qüvvə isə öz dəstəyini və reytinqini daha da itirə bilərdi...

“Kabinetlərinizə mənim şəklimi asmayın...”

Bilavasitə andiçmə mərasiminə gəlincə, Zelenskinin bu tədbirə qeyri-adi dərəcədə məsuliyyətlə və şablondan çox-çox uzaq formada hazırlaşdığı göz qabağında idi. Səmimi və kifayət qədər cəsarətli görünən yeni prezidentin çıxışında patriotizmdən tutmuş beynəlmiləlçiliyə, eləcə də tənqiddən tutmuş ironiyaya qədər hər şey var idi.

Xüsusilə də parlament üzvlərinə və məmurlara üz tutan Zelenski hər şeyin dəyişəcəyinə, məddahlığın əleyhinə olduğuna eyham vuraraq, məmurların prezidentin portretini kabinetlərindən asmalarını istəmədiyini bildirdi: “Çox istərdim ki, kabinetlərinizdə mənim şəklim olmasın... Oraya uşaqlarınızın şəklini asın və hər qərar verməzdən əvvəl onların gözlərinə baxın”.

Əslində, Zelenskinin çox istedadlı və bacarıqlı aktyor olduğunu nəzərə alsaq, ondan adi, sıradan bir andiçmə nitqi gözləmək də doğru olmazdı. Ancaq bu aktyor siyasətin teatr və kino səhnəsindən qat-qat mürəkkəb, fərqli və böyük məsuliyyət tələb edən mühit olduğunu da anlamamış deyil.

İndi qarşıda onu növbədənkənar parlament seçkisi və gərgin, hətta qaynar keçəcəyi şübhə doğurmayan 5 çətin il gözləyir. Bəs görəsən, uzun illərdir səhnədəki çıxışları ilə sevindirdiyi, güldürdüyü ukraynalıları gələcək 5 ildə də öz siyasi, iqtisadi və digər uğurları ilə güldürə biləcəkmi? Görünür, bunun heç də asan olmadığını başa düşən prezidentin andiçmə nitqini bu cür tamamlaması da təsadüfi deyildi: “Həyatım boyu hər şey etməyə çalışdım ki, ukraynalılar gülsünlər. Bunu ürəyimlə hiss edirdim, bu mənim işim deyildi, missiyam idi. Növbəti 5 ildə hər şey edəcəm ki, siz ukraynalılar ağlamayasınız...”

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Arslan 2019-05-20 17:18:54

Ukrayna tam demokratik seçki keçirərərk postsovet məkanında növbəti dəfə presedent yaratdı. Bu qələbədə xalqla bərabər seçkini saxtalaşdırmayan eks-prezident Poroşenkonun da xidməti var. Yeni prezidentə və Ukrayna xalqına uğurlar. Ukraynanın öz torpaqlarını Rusiya işğalından azad etməsi postsovet məkanı üçün daha bir arzu edilən presedent olardı. Sağ əlləri Azərbaycanın başına.

Cəmşid Dərələyəzli 2019-05-20 17:18:54

Ukrayna xalqına bu yeni dəyşimlə inşallah yeni bir gələcək inşa edər bu genc adam.

Türk 2019-05-20 17:18:54

Mən istərdim ki,Azərbaycan da Borcalını,Zəngəzuru,Göyçəni və digər torpaqları geri qaytarsın.Kim istəyir adını işğal qoysun,kim də istəyir ilhaq.Onda yəqin Cəlal Məmmədov Torpaqların geri qaytarılmasını işğal adlandıracaq.

Son yazılar