DÜNYA NİZAMI: POLİTOLOJİ VƏ ELMİ-FƏLSƏFİ PARADİQMA KİMİ

Dərc olunub: 20/05/2019 - 17:33

talibliMəhəmməd Talıblı

(İki əsər haqqında təəsurat)

Oxşar adla çap olunan iki əsərdə təkcə məna yükləri eyni deyil, eyni zamanda tematikası və elmi sferası də fərqlidir. ABŞ diplomatı Henri Kissingerin “Dünya nizamı” və Azərbaycanın çağdaş düşüncə insanlarından biri olan Əbülhəsən Abbasovun “Yeni dünya nizamı” əsərləri düşüncə fürsəti verdi. Hər iki kitabın adı oxşar olsa da, müəlliflər tamam fərqli sahənin insanlarıdırlar. Dünya nizamı ilə bağlı yanaşmalar, mövzu fərqlilikləri də ortada.

Gün kimi aydındır ki, dünyada qaydasızlığın hökm sürdüyü bir vəziyyətdə bu mövzu bəşəriyyətə hava-su kimi lazımdır. Əgər dünyamızda qurdla quzunun bir otlaqda otlaması üçün bu dövlətlər uzlaşma nöqtəsi tapmayıbsa, demək dünyada nizam hələ yaradılmayıb. Belə bir nizamsızlığın və xaosun içərisində dünyamız necə nəfəs alır, nə ilə qidalanır? Onun gələcəkdə şəkli necə olacaq? Onun portretini kim yaradacaq?

Lakin, bu gün dünyada çoxsaylı pessimist ovqat – dünyanın nizamını pozan hərəkətlərlə yanaşı, düzəni təmin edəcək addımların atıldığını da gözardı etmək mümkün deyil. Neqativ mənzərə pozitiv addımları xeyli kölgədə qoyduğu üçün irəliyə doğru bəzi dəyişikliklər hiss olunmur.

60430806_10213497912634343_6662855501555957760_n

İlk olaraq “Dünya nizamı” haqqında… Məsləhət görülür ki, Kissingerin bu əsərini oxumamışdan öncə onun “Diplomat”ını oxuyasınız. Düzdür, ictimai münasibətlər sistemi ilə əlaqəli şəxslər (siyasətçilər, siyasətşunaslar, sosiloqlar və digərləri) üçün bu çoxdan stolüstü kitab sayılır. Lakin, bu əsərin tam dərk olunması üçün “Diplomat”ı oxumaq yaxşı olar.

img1676405Müəllif – Henri Kissinger bu əsərində dünya nizamını dəyişən qlobal trendləri özünəməxsus formada izah edir. Dünya nizamını təmin edilməsində mühüm ağırlığı olan Avropanın nizamının özünəməxsusluğu, bu məkandakı qüvvələr balansının dillemaları, festifal sülhü da daxil olmaqla bir siyasi-iqtisadi məkanın siyasi məsuliyyətini xatırladır. Avropanın məsuliyyət payı və bu prosedə oynaya biləcəyi rol xatırladılır.

Dünya nizamında Yaxın Şərq dünyasının və İslamın rolu xatırladılır. Şərdəki xaos, “Ərəb baharı”, Suriya kataklizmi, Fəsələstin davamlı müharibə zolağında qalması və s. hadisələrin mövcudluğu dünya nizamına qarşı təhdidedici faktorlar kimi qiymətləndirilir.

ABŞ – İran davamlı ziddiyyət düyünün səciyyələndirən faktorlar detallı təsvir olunur. ABŞ-ın güclü dövlət olması haqqında çox yazıldığından müəllif daha çox İranın siyasi keçmişi ilə retrospektiv təhlil aparıb. Xüsusilə İranın dövlətçilik ənənələri, Xomeyni inqilabı və İranın nüvə silahının yayılması kimi vacib nöqtələrə toxunulur.

Lakin antiqərb müstəvisində digər güclərin siyasi gedişləri geniş təhlil olunur. ABŞ başda olmaqla əslində Çin-Rusiya-Aİ gücünü də nəzərə alsaq, münasibətlər sistemində sabit inkişaf xətləri bu güc mərkəzlərinin davranışlarından xeyli asılı sayıla bilər. Dünya nizamını təminatının dominantlığı məhz bu güc mərkəzlərinin konsensusa gəlməsindən mühüm dərəcədə əlaqəlidir.

Avropa-Asiya dialoqu və Asiyanın regional nizamı dərindən təsvir olunur. Yaponiya – Hindistan kimi dünya nəhənglərinin real rolu dəyərləndirilir. Asiyada beynəlxalq nizamın təmin olunmasında Çinin hegemon rolu və artan gücünə xüsusi önəm verilir.

ABŞ-in prezidentləri, dövlət xadimləri Niçard Niksonun, Teodor Ruzveltin, Franklinin, Ronald Reyqanının dönəmində ABŞ-ın nizam strategiyasında oynadıqları rol, buraxdığı səhvlər və qazandığı üstünlükləri obyektivliklə dəyərləndirilir.

Kitabın bəlkə də maraqlı bölməsi inkişafın, xüsusilə iqtisadi inkişafın ortaya çıxardığı bəzi görsənişlərlə əlaqəsinə həsr olunub. Dünya nizamında müasir tendensiyaların mahiyyətinə varılır. Modern texnolgiyalar, nüvə epoxasının yayılması, nüvə silahının genişlənmə radiusu, rəqəmsal texnolgiyalarin artan gücü bu nizama detallı təsirləri də gözdən qaçırılmayıb. Dünya nizamı ilə rəqəmsal texnologiyalar arasındakı birgə əlaqə əsas mövzusu olaraq tədqiq olunub.

Sonuc olaraq, çağdaş dövrümüzdə dünya nizamını formalaşdıran amillər, beynəlxalq nizamın təkamülünü şərtləndirən amillər kitaba rəngərəng fon verir. Başqa sözlə, kitabı oxuduqca nədənsə müəllifin üslub, təhlil və genişmiqyasılı baxış bucaqları mənə Zbiqnev Bjezinskinin “Strateji Baxış: ABŞ və qlobal böhran” kitabının davamı olması kimi təəsuratlar yaratdı. Eyni dilin məhsulu olan, bir müəllifin qələmindən çıxan, genişçaplı görüntülər və qlobal trendləri realistik dəyərləndirmə baxımından xeyli oxşarlıqlar sezdim. Sırf politoloji əsərdir. Çoxçeşidli mənbələri ilə elmi yükünün ağırlığı da öz yerində. Əsərin sadə dili və fikirlərin inandırıcı interpretasiyası ona xeyli sanbal verir.

1518465783_ebilhesenEyni adlı digər əsərin məziyyətləri haqqında… Azərbaycanda öz sözün deyən fəlsəfə elmləri doktoru, professsor Əbülhəsən Abbasovun “Yeni dünya nizamı” əsəri siyasət və idarəetmə baxımından əhatəliliyi ilə seçilir. Təkcə bumu? Fikrimcə, xeyr! Əvvəla, ona görə ki, dünya nizamına meqotrendləri nəzərə almadan yanaşma diletantlıq sayılardı. Müəllif bunları nəzərə aldığından qlobal çağrışları dünya nizamının səhmana salınması amili kimi qiymətləndirərək, onun detallı təsnifatını ifadə edir.

Dünya güclərinin geopolitik fəlsəfəsini dərindən dərk etmək baxımından qloballaşma fenomeninə xüsusi həssaslıqla yanaşır. Qloballşamanı dünya tarazlığının son dayaqlarını sarsıdan faktor kimi dəyərləndirərək onu yeni-yeni istismar və təcavüz forması kimi meydana çıxdığını qeyd edir. Mədəni qloballaşmanın altında yatan neqativ niyyətlər ifadə olunur. Bu baxımdan kitabda antiqlobalistlərin arqumentlərə və çoxsaylı əsaslandırmalarına geniş yer verilir.

Sinergizmi bir yol olaraq dünya nizamına veriləcək bir tövhə kimi dəyərləndirilir. “Dünya hamıya insan kimi yaşamaq imkanı verən və şərait yaradan qlobal sinergizmə istəklidir” yazan müəllif qloballaşamanın da optimal stretegiyası kimi sinergizmi görür.

İqtisadiyyatın “atası” Adam Smiitn bəşəriyyəti səsləndirdiyi fikirlərin çağdaş dövürümüzə gəlib çatan iqtisadi ideyalarının miras dəyəri, Dadli Norsun qlobal ticarət baxışları və digər iqtisadçıların fikirlərinin doğurduğu izlərə nəzər salır.
Konfutsinin fikirləri, Den Syaopinin islahatları və Tzsen Tszinqonun dərslərindan başlamış Çinin nəhəng iqtisadi sistem olaraq dünya nizamına verdiyi tövhələr xüsusi qeyd olunur.

Əsərdə Çin iqtisadiyyatının ABŞ-la müqayisəli şəkildə epizodik qeydləri var, lakin dünya ÜDM “piroqunda” ABŞ-ın üstün imkanları tam dəyərləndirilmir. Onun artan gücü, rəqabətdavamlı potensialı, iqtisadi siyasətin effektivliyinə nədənsə toxunulmur. Yəqin ki, bu mövzunun tədqiqat sərhəddi ilə bağlıdır.

Dünya nizamı da daxil olmaqla bəşər tarixində qlobal arzular bütün dövrlərdə olub. Bu ideyanın təşəkkül tapması son 2-3 əsrdə daha sürətlə maraq doğurmaqdadır. Hələ də dünya düzənini yarada bilməyən bu ideya urvatdan düşmür. Dartışılır, cilalanır və özünə fərqli çalar qatmaqda davam edir. Görünür ki, müəllif bunları nəzərə alaraq bu cür “geostrateji arzunu qəbahət yox, fəzilət” adlandırır.

Rusiya ilə davranışların konturlarından geniş söz açılır. Putinizmin yetişdirdiyi “təhdidedici alternativləri” “punt potensialı” kimi iki fərqli cinah da sistemin hamilə olduğu 2 yol kimi göstərilir. Eyni zamanda Rusiya ilə necə davranmağın yollarına dair maraqlı baxışlardan söz açılır.

Kitabda müəlifin çoxsaylı üstünlükləri ilə yanaşı qəbul edə bilmədiyim antiavropa ritorikasına haqq qazandıran məqamların olması ilə bağlıdır. Heç şübhəsiz ki, Avropanın tənqidə məruz qalan xeyli tərəfləri var. Zəif güclər Avropa standartına uyğunlaşmalıdır, yoxsa Avropa həmin ölkələrin standartlarına özünü uyğunlaşdırmalıdır? Polemikaya açıq mövzular kitabı bəlkə də maraqlı edən tərəf sayıla bilər. Çünki, bir kitabla hər mövzunun kitabı bağlanmalı deyil, yeni səhifələr açılmalı və genişlənməlidir. Dünyanın kitabı da belə yazılmalıdır.

Aİ-nın rəhbəri olmuş Romano Prodinin də müəllifi olduğu “heyranedici yeni dünya” baxışı ilə qlobalistlərin “dünya hökuməti” proyektinə qədər maraqlı müqayisələr var. “Dünya hökuməti” layihəsindən Kantın “Daimi sülh” konsepsiyasının ziddiyyətə girdiyi məqamlara işıq salınır. Antitezis kimi Jan Jak Russonun “Daimi sülh proyektinin qısaldılması” (1971) əsərindəki bu ideya ilə bağlı skeptik baxış da qeyd olunur. Dünya nizamını dərindən dərk edilməsi üçün ziddiyyətli nöqtələr açılır, alternativlər təqdim olunur, elmi arqumentasiya gətirilir, fərqli baxış bucaqları interpretasiya olunur və s. Bu kitabda alternativ mənzərəni canlandırmaq gücü mənə xüsusi zövq verdi.

Müəllifin dünya nizamı üçün sülhün əhəmiyyətinə xüsusi qeydlər etməklə yanaşı özünün bir filosof olaraq fəlsəfi düşüncəsini də ifadə edir: “Alicənab adam sülhsevərdir, ancaq yaltaq deyil, xırda adam isə yaltaqdır, sülsevər deyil.” Təkcə hamımızın bir gəminin sakinləri olduğumuz dünyanı deyil, kiçicik ölkədə yaltaqla sülhsevər olmanın dərk edə bildikmi? Bu mənada həm bir dünya insanı kimi, həm də ölkə vətəndaşı kimi bizim ən çox əziyyət çəkdiyimiz mövzular haqqında yazılan əsərdir. İnsanın mahiyyətini vicudundan düşüncəsindən və onun haqqında yazılan əsələrdən oxumaq çox vacibdir. İnsanın özü bir əsər olmasına rəğmən…

YEKUN SÖZ: Hər iki əsərin çağdaş dünya nizamının tərcümanı olacaq politoloji və elmi-fəlsəfi aspektləri üzrə çoxistiqamətli və detallı təsnifatı baxımından maraqlı əsərlər saymaq olar. Sosial münasibətlərin subyekti olan şəxslərin ictimai şüurunun formalaşmasında faydalı mənbə rolu oynayacağını düşünürəm. Elmi-akademik çevrələr üçün hər iki əsərdə elmi mənbələrinin çoxçeşidli və yeniliklərlə zəngin olması onun ciddi mənbə rolu olduğunu söyləməyə əsas verir.

Qeyd:  Yazı müəllifin “facebook” hesabından götürülüb.








loading...


Fikrinizi bildirin