TRAMPIN MƏQSƏDİ İRANI İÇƏRİDƏN DAĞITMAQDIR! – “Prezident müharibə istəmir, amma Bolton…”

Dərc olunub: 21/05/2019 - 09:40

1514900375_tramp-iran

Çox vaxt müharibə anlaşılmazlıqdan başlayır. Bu gün Fars körfəzində amerikalılar və iranlılar bir-birilərini anlamırlar. Bu isə çox təhlükəlidir. Təsadüflər, təxribat, hadisələrin gözlənilməz yolda cərəyan etməsi və sairə bu kimi müxtəlif hərbi insidentlər nəticəsində proseslərin nəzarətdən çıxması mümkündür. Qısa desək, indi biz hər iki tərəfin istəmədiyi müharibəyə yaxınlaşırıq.

Bir neçə gün əvvəl dörd neft tankeri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra portu yaxınlığında hücuma məruz qaldı. Partlayışlar, pilotsuz uçan aparatlar işə düşmüşdü. Hücum sürət katerlərindən aparılırdımı? Tankerlərdən ikisi Səudiyyə Ərəbistanı bayrağı altında üzürdü. Hadisənin təfərrüatını heç kim bilmir. Yalnız bilinən odur ki, İrana qarşı mübarizədə Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanı və ABŞ-la müttəfiqidir.

Baş vermiş bu hadisədən bir neçə gün öncə ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ Milli Təhlükəsizlik Şurasının başçısı Con Bolton xəbərdarlıqla bildirmişdilər ki, ABŞ ona və onun regiondakı dostlarına qarşı yönəlmiş istənilən hücuma qarşı sərt cavab verəcək. Bu bəyanat İsrail nümayədələrinin məlumatlarından sonra səslənmişdi. İsraillilərin məlumatına görə, İran ABŞ-ın hələ də İraqda yerləşən əsgərlərinə qarşı əməliyyat hazırlayır.

“Avraam Linkoln” aviadaşıyanı və onu müşayiət edən köməkçi gəmilər Fars körfəzinə gətirilib. “B-52” bombardmançı təyyarələri isə Amerikanın Qətərdəki “El-Udeyd “bazasına gəliblər.

“The New York Times” qəzeti xəbər verib ki, Vaşinqtonda keçirilən təhlükəsizlik müşavirəsində 120.000 ABŞ əsgərinin Yaxın Şərqə göndərilməsi müzakirə olunub. Öz növbəsində Tehran da seyirçi mövqeyində dayanmayıb – İnqilab Keçikçiləri bəyan ediblər ki, ABŞ-ın İrana təcavüzü başlayarsa, onlar Hörmüz boğazını bağlayacaqlar.

Bütün bunlara rəğmən, həm ABŞ, həm də İran qarşıdurma istəmədiklərini bildirirlər.

Barıt çəlləyinə kibrit atan isə məhz Donald Trampdır. O, 2018-ci ildə İranın nüvə proqramını müvəqqəti nəzarət altına alacaq müqavilənin keçərsizliyini bəyan etmişdi. Tramp bundan sonra Tehranı maksimal təzyiqə – sərt embarqoya məruz qoydu. İran Vyana müqaviləsinə riayət edir, lakin ABŞ prezidenti nüvə proqramı ilə bağlı, həmçinin də İranın İraqdakı, Suriyadakı, Livandakı və Yəməndəki hərbi iştirakı və ballistik raket arsenalı ilə əlaqədar yeni danışıqlar aparmaq istəyir.

Bütün bunların hamısı davakarlıq bəlağəti fonunda baş verir və buradan belə nəticə çıxarırlar ki, regiondakı bütün bədbəxtliklərin mənbəyi İran rejimidir. ABŞ bu cür siyasət apamaqla İsrailin baş naziri Binyamin Netanyahu və Səudiyyə şəhzadəsi Mühəmməd bin Salmanla olan bağlarını gücləndirir. Onlar İranla mübarizə aparmağa hazır olduqlarını gizlətmirlər. İrandakı bəzi liderlər isə İsrailin məhv edilməsi çağırışı edirlər.

bolton

Ümumiyyətlə, Tramp-Netanyahu-bin Salman üçlüyü elə də sülhsevər deyillər və siz bu sıraya üstəlik Bolton və Pompeonu da əlavə edin. Müharibəni qızışdıran Bolton-Pompeo ikilisi ABŞ-İran münasibətlərini müəyyənləşdirən şəxslərdir və onlar Tehran rejiminin dəyişilməsini istəyirlər. Kim bilir, bəlkə də bu ikili qəsdən İranı səhv etməyə sövq edirlər…

Tramp Tehranla silahlı münaqişə istəmir – onu ABŞ ordusunu regiondan çıxarmaq üçün prezident seçiblər. Amma Bolton və Pompeonun fəaliyyətinə baxsaq, tamamilə əks mənzərənin şahidi olarıq.

İran israrla Vaşinqtonla qarşıdurmaya can atmadığnı bəyan edir. Lakin İran təminat verə bilərmi ki, onun Yəmən husiləri kimi müttəfiqləri bu mövqeni bölüşürlər? Hörmüz boğazında və Fars körfəzində hədsiz çox silah və oyunçu var. Bütün bunlar isə möhtəşəm qasırğa yarada bilər.

Sanksiyalar üzündən İran iqtisadi fəlakət yaşayır. Rejimin öz daxilində nüvə proqramı üzrə müştərək plan həyata keçirilməsinin tərəfdarları, prezident Həsən Ruhani kimi təcrid halına salınıblar. Ona görə də, onlar davakar bəyanatları dəstəkləmək məcburiyyətində qalıblar.

Həsən Ruhani Vyana müqaviləsini imzalamış digər ölkələr – Almaniya, Fransa, Böyük Britaniya, Rusiya və Çinə bildirir ki, əgər onlar İran iqtisadiyyatına kömək etməsələr, onda İran həmin müqavilədən çıxacaq. Amma həmin dövlətlər heç nə edə bilməzlər. Hansı yol qalır? Vaşinqtonla razılığa gəlməkmi? Lakin İranda deyirlər ki, Pompeonun irəliyə sürdüyü şərtlərin qəbulu rejimin təslim olması deməkdir. (“Le Monde”-Fransa)

gemi02

Bir məsləyə xüsusilə diqqət etmək lazımdır – ABŞ-ın qarşısına qoyduğu planda nəyin bahasına olursa-olsun İranı vurmaqmı durur? İranı bombalamaq ABŞ-ın ən ümdə məqsədidirmi?

Əlbəttə, əsas məqsəd haranısa dağıtmaq deyil. İranın vurulması da istisna deyil. İndi ABŞ İrandan nə istəyə bilər? Böyük ehtimalla Donald Tramp ABŞ-dakı prezident seçkilərinə kimi qarşısına qoyduğu bir çox layihəni həyata keçirmək fikrindədir. Amerikanın önündə dayandığı birinci iş - İranı iqtisadi cəhətdən tam təcrid etmək və çökdürməkdir. Tramp indiyədək tətbiq olunanlardan qat-qat sərt iqtisadi sanksiyalar yoluyla istədiyinə nail olmağa çalışacaq. Bunun üçün ona ilkin olaraq İranın müttəfiqlərini neytrallaşdırmaq lazımdır. Hazırda Rusiyadan başlayıblar. Rusiyaya yumşaqlıq göstərmək və bir sıra güzəştlər etmək şərtiylə ona deyiləcək ki, sən bu məsələdə kənara çəkil. Elə Rusiya prezidenti Vladimir Putinin İranla bağlı məsələdə “Rusiya yanğınsöndürən deyil” ifadəsini işlətməsi, Moskvanın geri çəkilə biləcəyindən xəbər verir. Çinin İranla sərhəddi olmadığından, onların İrana iqtisadi yardım göstərməsi çətin olacaq, həm də ki, əgər Hörmüz boğazı bağlanarsa, onda Tehranın vəziyyətdən çıxış imkanları çox qəlizləşəcək. Düzdür, İran xalqı uzun illərdir ki, iqtisadi izolyasiya şəraitində yaşayıb və müəyyən immunitet qazanıb. İndi buna da dözə biləcəklərmi?

Amma burada bir əmma var. İranda son illərdə iki məsələ xalqı bərk narahat edir.

Birincisi – ictimai bərabərsizlik artır və bu da əhalini qıcıqlandırır. Bir tərəfdən xalqa rəşadət göstərib, çətinliyə dözək deyilir, lakin digər yandan isə, ölkədə varlı zümrə təmtəraqlı həyat sürür. Sadə iranlılar bu zümrənin varlanmasını heç xoş qarşılamırlar.

İkincisi – belə bir sanksiyalar şəraitində ölkədə vergilərin demək olar 40 faizi toplanmır. Bu isə ciddi büdcə kəsirinə və iqtisadi tənəzzülə yol açır. Bəs niyə vergidən yayınırlar? Çünki həmin zənginlər korpusunun nomenklaturayla çox sıx bağları var. İnhisarlaşmış biznes strukturu böyük himayə altına alınıb. Və ona görə də, gəlirlərini gizlədirlər.

Məsələn, prezident Həsən Ruhaninin qardaşı Hüseyn Fereydunun həbsi kiçik məsələ deyil. O, hələ 2017-ci ildə həbs edilmişdi və maliyyə fırıldaqlarında ittiham olunur. Hüseyn bir neçə il qardaşı Həsən Ruhaninin müşaviri işləyib, İranın Malayziyadakı səfiri vəzifəsində çalışıb. Göründüyü kimi, korrupsiya halları haralara qədər gedib çıxıb. Bəlkə də belə sərt tədbirlərlə xalqı sakitləşdirmək istəyirlər. Ölkədəki iqtisadi şərtlər ağırlaşdıqca bu qəbildən olan həbslərin daha çox şahidi ola bilərik.

Hakimiyyət daxilində bölünmələr var. İrandakı daxili narazılıq özünü 2009-cu ildəki prezident seçkiləri zamanı açıq formada büruzə vermişdi. O zaman xalq seçkinin nəticələrinə etiraz etsə də, bu bütün ölkəni bürüməmiş, yalnız Tehranla məhdudlaşmışdı. Ancaq 2018-ci ilin əvvəlində xalq etirazları demək olar ki, ölkənin bütün ərazisinə yayılmşdı. Bax, ABŞ-ın da əsas məqsədi sanksiyalar vasitəsiylə həm əziyyət çəkən xalqı etiraza sürükləmək, həm də hakimiyyət içərisindəki çatı daha da dərinləşdirməkdir. Daha doğrusu isə, İranı içəridən yorub əldən salmaq və rejimi dəyişmək planı işə salınıb.

Vaqif NƏSİBOV
AzPolitika.info










loading...


Fikrinizi bildirin