İLHAM ƏLİYEV DƏYİŞİKLİK İQTİDARINDA OLMADIĞINI NÜMAYİŞ ETDİRDİ - 78 yaşlı Baş nazir

Prezident İlham Əliyev Artur Rasizadəni yenidən baş nazir postuna namizəd irəli sürüb. Oktyabrın 22-də Milli Məclisin iclasında bu namizədliyə baxılıb. Artur Rasizadə özü iclasda iştirak edib.

Səsvermə zamanı deputatlardan 112 nəfər bu namizədliyin lehinə, 2 nəfər əleyhinə səs verib.

Milli Məclisin sədri Oqtay Əsədov məsələni səsverməyə çıxararkən deyib: “Artur Tahiroviçi biz hamımız yaxşı tanıyırıq. Peşəkar, işini bilən adamdır”.

“Media forum” xəbər verir ki, Artur Rasizadənin baş nazir postuna namizədliyi Milli Məclisdə müzakirə aparılmadan səsverməyə çıxarılıb və qəbul edilib.

Səsvermə başa çatandan sonra Oqtay Əsədov bildirib: “Artur Tahiroviç, sizi təbrik edir, uğurlar diləyir, hər zaman prezidentin yanında olmağınızı, iş başında olmağınızı arzu edirik”.

Artur Rasizadə iclasda söz deməyib, səsvermə başa çatandan sonra ayağa durub, zalda əyləşmiş deputatlara başını tərpətməklə təşəkkürünü bildirərək zalı tərk edib. Oqtay Əsədov da onu yola salmaq üçün zaldan çıxıb.

Artur Rasizadə 1996-cı ildən (2003-cü ilin avqustundan noyabrınadək olan dövrü çıxmaq şərtilə, həmin dövrdə o, baş nazirin birinci müavini işləyib) Azərbaycanın baş naziridir.(Media Forum)

Üçüncü müddətə şübhəli seçki nəticələrilə prezident postuna əyləşmiş İlham Əliyevin bütün proqnozları alt-üst edərək Baş nazir postuna yenidən 78 yaşlı Artur Rəsizadəni təyin etməsi təəsüf doğurur. İ.Əliyev bir daha nümayiş etdirdi ki, ictimai rəyə heç bir əhəmiyyət verməməklə yanaşı, komandasında hər hansı ciddi dəyişiklikdən ciddi şəkildə ehtiyat edir. A.Rəsizadə xeyli müddətdir demək olar ki, formal Baş nazirdir və Nazirlər Kabinetini nüfuzsuz, faktiki səlahiyyətsiz quruma çevirib. Bu vəziyyət hakim ailənin maraqlarına uyğun olduğundan A.Rəsizadəni həmin vəzifədə saxlamaqda davam edirlər. Lakin A.Rəsizadənin bu dəfə də Baş nazir təyin olunması, necə deyərlər, ağ eləmək oldu.

İlham Əliyev A.Rəsizadəni Baş nazir təyin etməklə komandasında ciddi dəyişikliklərin olmayacağının da siqnalını verdi. A.Rəsizadəni dəyişmək iradəsini nümayiş etdirməyən dövlət başçısının ölkəni öz aralarında bölən mafioz oliqarxları dəyişəcəyinə inanmaq sadəlövhlük olar.  

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar