"Bir mənbədən satınalmaların əhatə dairəsi yüksək olaraq qalır" - Hesablama Palatası

“Məlumatların təhlili göstərir ki, dövlət vəsaitlərinin istifadəsi zamanı 2018-ci ildə 10 min 923 sayda 5,8 milyard manat məbləğində satınalma tətbiq edilib”.

“Report” xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söyləyib.

V.Gülməmmədov deyib ki, bu, əvvəlki ilin göstəricisindən say və əhatə olunan məbləğ baxımından müvafiq olaraq 22 faiz və 41,4 faiz çoxdur: “Bu məbləğ dövlət büdcə xərclərinin 25,5 faizini, ümumdaxili məhsulun isə 7,3 faizini təşkil edir. Bu, son illər üçün Azərbaycanda ən böyük göstəricilər olsa da, beynəlxalq təcrübədə rast gəlinən orta göstəricilərə nisbətən aşağıdır”.

Hesablama Palatasının sədri bildirib ki, açıq tenderlə keçirilən dövlət satınalmalarının sayı əvvəlki ilə nisbətən 38,1 faiz, onların əhatə dairəsi isə 49,6 faiz artıb: “Ümumiyyətlə, müsabiqəli satınalmaların sayı 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə 2018-ci ildə 17,5 faiz, əhatə dairəsi 42,8 faiz artıb. 2018-ci ildə keçirilən bütün satınalmaların tərkibində rəqabətli satınalmaların sayı 82,1 faiz, əhatə etdiyi məbləğ isə 44,2 faiz olub. Bununla belə, bir mənbədən satınalmaların əhatə dairəsi 55,6 faiz təşkil etməklə, hələ də yüksək olaraq qalır. Bir mənbədən satınalmaların 1/3-i ilin dördüncü rübündə tətbiq edilib”.

V.Gülməmmədov nəzərə çatdırıb ki, Hesablama Palatası tərəfindən 2018-ci ildə keçirilmiş satınalmaların təhlili aparılır və ətraflı məlumatlar təhlil yekunlaşandan sonra təqdim ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar