Məktəblilərin qəddini bükən kitab yükü – Ekspertlər çıxış yolu təklif edir

Dərc olunub: 22/05/2019 - 10:22

4c1b4ad23a14ca96cfbdf90321c93981Kamran Əsədov: “Dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın…”

Hazırda təhsillə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də məktəblilərin ağır çanta problemidir. Hər gün az qala öz çəkisinin yarısından çox olan kitab yükünü  çiynində daşıyan məktəblilərin bir çoxunda onurğa əyriliyi  müşahidə olunur. Valideynlər həyəcan siqnalı çalaraq bu problemin həlli yollarını axtarırlar. Bəziləri uşaqlarının yüklərini özləri daşıyaraq azyaşlıları onurğa problemindən qorumağa çalışırlar.

Ancaq bu da kütləvi mənada çıxış yolu deyil. Dərs yükünün ağır olması, hər fənnə aid kitab, dəftər, test tapşırığı və iş dəftərlərinin çantaya yığılması, həmçinin digər dərs ləvazimatları və yemək çantası məktəblinin daşıya biləcəyindən artıq yük formalaşdırır. Bu məsələ Milli Məclisin də gündəmindədir.  Milli Məclisin Elm və təhsil komitəsi Təhsil Nazirliyi ilə birlikdə dərsliklərin yüngülləşdirilməsi ilə bağlı iş aparır. Bu barədə lent.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, gələn ildən etibarən problem həllini tapacaq: “Əldə olunmuş razılığa görə, gələn ildən ibtidai siniflərin hər sinfə aid olan dərslikləri mərhələli şəkildə iki ayrı-ayrı dərslik kimi çap olunacaq. Şagird dərs ilinin birinci yarısında dərsliyin bir hissəsini öz çantasında məktəbə aparacaq. İkinci yarısında isə dərsliyin ikinci hissəsi məktəbdə istifadə olunacaq. Beləliklə, aşağı sinif şagirdlərinin dərsliklərinin ağır olması ilə bağlı problem aradan qalxacaq”.

İ.Həbibbəyli dərsliklərin keyfiyyət probleminə də toxunub: “Təhsil Nazirliyi ilə birlikdə imkan daxilində dərsliklərin cildinin yumşaq olması, kağızının keyfiyyət məsələsinə də diqqət yetirilməsi barədə razılığa gəlinib”.

Dərsliklərin çap məsələləri, kağız seçimi ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu dərsliklərin keyfiyyətli kağızdan hazırlanmasının vacib olduğunu bildirdi: “Kitabın çəkisinin ağır olmasının təhsilin keyfiyyətinə hər hansı təsiri yoxdur. Mən xarici məktəblərin dərslik kitabları ilə də tanış olmuşam. ABŞ məktəblərində elə tarix kitabları var ki, çəkisi 3-4 kiloqramdır. Riyaziyyat kitabları çox böyük, qalın, şəkilli çap olunub, eyni vaxtda həm mətnlə, həm şəkillərlə məsələ izah olunur. Kitabın kağızı keyfiyyətlidir, qapağı qalındır, dizaynı gözəldir. Kitablar sanki əbədi nəşr olunurmuş kimi çap olunmalıdır. Ancaq bəzən bizim məktəb kitabları elə nimdaş kağızlara çap olunur ki, uşaq məktəbi bitirənə qədər kitab cırılıb yararsız hala düşür. Belə olmamalıdır. Uşaqları bu yükdən azad etmək başqa bir mövzudur. Hər sinfin özünün bir şkafı olmalıdır. Orada hər şagirdə məxsus xüsusi gözlər olmalıdır. Ağır kitablar, uşaqların əşyaları, idman ayaqqabıları o şkaflara qoyulmalıdır. Uşaqlar özləri ilə yalnız lazım olanları daşımalıdırlar. Mən kitabın həcminin kiçilməsinə, kağızın yüngülləşdirilməsinə razı deyiləm”.

Kamran Əsədov ile ilgili görsel sonucu

Təhsil eksperti Kamran Əsədov isə  məktəblilərə iki komplekt dərs kitablarının paylanılmasını və onlardan birinin evdə, digərinin məktəbdə qalmasını təklif edir: “İlk növbədə onu deyim ki, bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər. Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir”.

Ekspertin sözlərinə görə, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır: “Bilirsiniz, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır. Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi uşağın çəkisinin 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.  Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbəttə ki, bu 1-ci sinif şagirdi üçün çoxdur. Çıxış yolu kimi onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir”.

Xarici təcrübədən danışan ekspert vurğuladı ki, ABŞ-da uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər: “Müəllim onların edəcəyi tapşırığın surətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var. ABŞ-da həftənin 5-ci günü şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Amma çıxış yolu rüblüklər üzrə dərsliklərin hazırlanması ola bilməz. Ona görə ki, indi əvvəlki kimi 4 rüb yoxdur, 2 rüb var, bundan başqa mövzular arası əlaqə pozulur.  Çünki hər 4 həftədən bir keçirilən KSQ və rübün sonunda keçirilən BSQ imtahanlarında şagirdlər əvvəlki mövzuları da təkrarlamalı olurlar. Əgər həmən vəsaitlər onların yanında olmasa, bu zaman onlar əvvəlki dərsləri təkrar edə bilməyəcək. Amma şagirdlərə verilən dərsliklər iki nüsxə olsa, birini evdə, digərini məktəbdə saxlasalar, o zaman onlar ağır kitabları daşımazlar”.

K.Əsədov deyir ki, dərsliklərin çapı üçün  yüngül kağızlardan istifadə effektsiz olacaq: “Kitabın yüngülləşdirilməsi hansı formada həyata keçirilə bilər: birincisi, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma bu  olduqca təhlükəlidir. Çünki yüngül çəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır. İkincisi, dərsliyin yazı şriftlərini kiçiltməklə həcminin azaldılması. Bundan ümumiyyətlə istifadə etmək olmaz. Onsuz da orta məktəblərdə təhsil alan şagirdlərin 65 faizində görmə problemi var və bu addımın atılması daha ciddi fəsadlar yarada bilər. Dərsliyin çəkisinin azaldılması istiqamətində hesab edirəm ki, atılmalı ən zəruri addımların biri odur ki, dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın və şagirdlər çantalarında dərslik daşımasınlar. İkincisi, dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılsın, əlavə, lazımsız mövzulara ehtiyac yoxdur”.












loading...


Fikrinizi bildirin