“Made in Azerbaijan 2019” müsabiqəsinin qalibləri müəyyənləşdi - FOTOLAR

UNEC-də “Made in Azerbaijan 2019” biznes-ideya müsabiqəsinin final mərhələsi keçirilib.Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkil etdiyi müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.

“Made in Azerbaijan 2019” biznes ideya müsabiqəsinə respublikanın müxtəlif universitetindən 40 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, məhsul və xidmətin innovastivliyi, texnoloji yeniliyi, layihənin daxili bazarda tətbiqinin reallığı, bazar və rəqabət imkanları, biznes modeli nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.

Finala vəsiqə qazanan “ViewGo”, “Oyuncaqçı”, “Kitablı”, “One click-One hand” və “Bio Bone” layihələrin ideya müəllifləri UNEC, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Xəzər Universitetinin tələbələridir.

Finalda çıxış edən komandaların təqdimatlardan sonra münsiflər heyəti biznes ideyaları tətbiqinin mümkünlüyü, məhsulun və ya xidmətin brendləşmə perspektivi, investisiya cəlbediciliyi, təqdimatı, sualların cavablandırılması, orijinal və kreativ yanaşmaya görə qiymətləndirib.

Münsiflər heyətinin qərarı ilə “Kitablı” biznes ideyası qalib olub. Layihənin məqsədi elektron vəsaitləri bir portlada toplamaq, müəyyən fənlər üzrə izahlı video bazaya sahib olmaq, tələbələrin çətinlik çəkdiyi testlərin müəllimlər tərəfindən izahlarını təqdim etməkdən ibarətdir.

II yerə “ViewGo”, III yerə isə “Oyuncaqçı” biznes ideyası layiq görülüb.

Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən mükafat qazanıb. Belə ki, müsabiqədə 1-ci yerin sahibi 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafata sahib olublar. Qalib komandalara həmçinin, Gənclər və İdman Nazirliyi tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar