“Belə dözülməz şəraitdə yaşayan adam elm üçün faydalı ola bilərmi?” - 4 yaşlı qızı qan xərçəngi olan ananın fəryadı

Ölkə başçısına və Birinci vitse-prezidentə müraciət edən Bakı şəhər sakini, Nizami rayonu Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4 ünvanında yaşayan I qrup gözdən əlil Məmmədova Badisəba Niftulla qızının məktubunu ürək ağrısız oxumaq mümkün deyil. “AzPolitika”ya göndərilən məktubdan 5 nəfərlik ailənin olduqca ağır şərtlər daxilində yaşadığı, bu da azmış kimi, ailənin 4 yaşlı üzvü Surə Məmmədzadənin leykoz xəstəliyindən əziyyət çəkdiyi məlum olur.

Məktubda deyilir: “Hörmətli Mehriban xanım, mən bu müraciətlə 5 nəfərlik bir ailənin çətin durumunu sizin nəzərinizə çatdırmaq istəyirəm. 2011-ci ildə ailə həyatı qurmuşam. Hazırda ikisi qız olmaqla, üç azyaşlı övladım var. Ortancıl qızım Surə Məmmədzadə leykoz xəstəsidir. Hazırda B.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır. Onun müalicəsi əsasən dövlət hesabına aparılsa da, bəzi xərcləri öz hesabımıza ödənilir. Aztəminatlı olduğumuz üçün bu xərcləri qarşılamaqda çətinlik çəkirik.”

“Su quyusunun üzərində yaşayırıq...”

B.Məmmədova bildirir ki, övladının xəstəliyi irsi deyil və həkimlər onun bu xəstəliyə tutulmasında həyat şəraitinin rol oynadığını ehtimal edirlər: “Mənim övladımın bu xəstəliyə tutulmasının əsas səbəbi hazırki sosial şəraitimizdir. Biz Keşlə qəsəbəsi N.Abdullayev küçəsində yerləşən sex binasında yaşayırıq. Buradaki acınacaqlı vəziyyət bir ailənin faciəsinə yol açıb. Su quyusunun üzərində yaşayırıq. Rütubətlilik həddindən artıq çoxdur. Məskunlaşdığımız tikili vaxtilə sex olub, ona görə də güman edirik ki, burada yüksək radiasiya fonu var. Tikilinin tavanı olduqca alçaqdır. Stulda oturmuş vəziyyətdə belə əlimiz tavana çatır. Azyaşlı uşaqlarımın həyatları təhlükədədir. Tikilinin divarları aşınıb, qəzalı vəziyyətdədir. Bir sözlə, həyatımız risk altındadır”.

B.Məmmədova qeyd edir ki, həyat yoldaşı Sübhan Məmmədov da 1-ci qrup gözdən əlildir. Məktubda qeyd olunur ki, ailənin mənzil şəraitinin çox acınacaqlı olmasına baxmayaraq, haqsızlıq edilərək, paytaxtda gözdən əlillər üçün tikilən binadan bu ailəyə mənzil ayrılmayıb: “Hüquqlarımızı pozub, mənzilimizi verməyib bizi bu yerdə yerləşdiriblər. Ümidimiz vardı ki, bizə də gözdən əlillər üçün binadan ev verəcəklər. Ancaq bölgü zamanı qanunsuzluğa yol verildi. 2002-ci ildən mənzil növbəsinə durmağımıza baxmayaraq, haqqımıza girdilər. Məhz bunun nəticəsidir ki, bu gün ikinci övladım qan xərçəngi xəstəliyinə tutulub. Bu xəstəlik uşaqda genetik olmadığı üçün həkimlərin dediyinə görə, sosial şəraitsizlik uşağı bu vəziyyətə salıb. Bu gün digər iki uşağımın da həyatı sual altındadır. Haqlarımızı məhkəmədə müdafiə edə bilmirik. Çünki məhkəmə məsrəfləri, vəkil pulu kimi xərcləri ödəməyə imkanımız yoxdur. Həyat yoldaşım Məmmədov Sübhan Bahadur oğlu da I qrup gözdən əlildir. Hazırda AMEA-da elmi işçi kimi çalışır. Bu cür ağır sosial problemlər içərisində boğulan adam elm üçün faydalı iş görə bilərmi? Həyat yoldaşımın aldığı məvacib də olduqca cüzidir. Bu vəsait özümüzü dolandırmağa ancaq çatır...”

Sonda Birinci vitse-prezidentə üz tutan B.Məmmədova uşaqlarının gələcəyi xatirinə, ailənin bu ağır durumdan çıxması üçün ondan kömək istəyir: ”Hörmətli Mehriban xanım, mənə elə gəlir ki, vəziyyətimizlə bağlı sizdə ümumi təsəvvür yarada bildim. Mənim sizdən əsas istəyim övladlarımın normal mənzil şəraitində yaşamalarına kömək etməyinizdir. Sizdən xahiş edirəm ki, bizim problemimizə həssas yanaşın və azyaşlı üç körpənin aqibətini fikirləşin, pozulmuş hüququmuzu bərpa edərək, bizi normal mənzil şəraiti il təmin edin...”

Vaqif

AzPolitika. info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar